Rusiyanın paytaxtı Moskvada “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və “Rusiya Dəmir Yolları” ASC-nin baş direktoru Oleq Belozyorov arasında görüş keçirilib.
Bu barədə musavat.com-a “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsindən məlumat verilib.
Oleq Belozyorov iki ölkənin dəmir yolları arasında əməkdaşlığın hazırki vəziyyətindən danışıb, bu əlaqələrin müsbət dinamikasını qeyd edib. Beynəlxalq nəqliyyat dəhlizlərinin fəaliyyətinin gücləndirilməsinin mühüm vəzifələrdən biri olduğunu bildirən Belozyorov bu sahədə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb marşrutunun əhəmiyyətini xüsusi vurğulayıb. Trans-Sibir magistralının potensialı ilə BTQ-nin “Şərq-Qərb” formatındakı imkanları arasında sinergiya layihəsi müzakirə edilib. Həmin layihənin inkişafı ilə bağlı bu ilin aprel ayında Pekində keçirilən "Bir Kəmər - Bir Yol" İkinci Beynəlxalq Konfransı çərçivəsində hər iki ölkənin dövlət başçılarından tövsiyələr alındığı bildirilib.







