İnsanlara hürriyət, millətlərə istiqlal!

Cavan və sağlam qalmağın “qızıl” resepti - Vegeterianlıq həyat üçün təhlükəlimi?

1461 04.08.2023 08:00 Yaşam A A

Rusiyalı bloger Janna Samsonova 40 yaşında özünü tükətmə (arıqlama) nəticəsində  vəfat edib. Onun 5 il ərzində tam çiy məhsullarla qidalandığı, vegeterian pəhrizi saxladığı məlum olub. Bildirilir ki, Janna son 4 ildə yalnız meyvələr, günəbaxan tumunun cücərtiləri və şirələrlə qidalanıb.

Bəllidir ki, dünyada bir çox insanlar formada qalmaq və sağlam olmaq məqsədilə vegeterian həyat tərzini tərcih edir. Lakin ənənəvi təbabət bunu zərərli sayır. Niyə? “Qızıl orta”nı necə tapmalı ki, həm formada qalmaq, həm də sağlam olmaq mümkün olsun? Vegeterianlıq həyat üçün təhlükəlidirmi?

Xatırladaq ki, vegeterian “ət yeməyən” deməkdir. Ət, toyuq, balıq, süd, yumurta ilə qidalanmayanlara vegan, süd içənlərə lakto, sadəcə, yumurta yeyənlərə ovo, yalnız ağ ət yeyənlərə semi, yumurta və süd yeyənlərə lakto ovo vegetarian deyilir. Onlar ətdən imtina edərək daha çox bitki ilə qidalanmağa üstünlük verməsini heyvanlara olan mərhəməti, bəziləri isə sağlamlıq baxımından izah edirlər. Hətta son zamanlar həm dəb, həm də artıq çəkidən xilas olmaq məqsədilə buna üstünlük verənlər də var.

Vegeterianlığın vətəni Hindistan sayılır ki, bu da orada inəklərin müqəddəs sayılması ilə bağlıdır. Hətta Taylandın Fiket adasında hər il Vegeterian Festivalı keçirilir. Çin təqviminin 9-cu ayında qeyd edilən bu festival ərzində ada sakinləri 10 günlük dietaya başlayır və sadəcə, bitkilərlə qidalanaraq özlərini pis ruhlardan uzaqlaşdırdıqlarına inanırlar.

Bu cür qidalanmanın üstünlükləri ilə yanaşı, riskləri də var. Belə ki, vegeterianlığın insan sağlamlığına faydası, yaxud ziyanı olmasına gəldikdə isə, araşdırmalar göstərib ki, bu yolu seçənlər daha uzun zaman yaşayır, xərçəng xəstəliyinə vegeterianlarda daha az rast gəlinir. Bu da onunla izah olunur ki, heyvanlara verilən hormonal dərmanlar, kimyəvi qidalar ətin tərkibinin dəyişməsinə səbəb olur və bu da xərçəng xəstəliyinin yaranmasına gətirib çıxarır. Bundan başqa, ürək-damar xəstəliklərinə də vegeterianlarda daha az rast gəlinir. Eyni zamanda vegeterianlarda daha az çəki, diş çürüməsi müşahidə edilir. Ancaq vegeterianların da ət, süd və yumurtada olan B12, protein, kalsium və sink kimi bir çox mineralları qəbul etməməsi problemlər yaradır. Bu, hamilə qadınlar və kiçik yaşlı uşaqlar üçün daha təhlükəlidir. Çünki bu, onlarda dəmir çatışmazlığı və anemiya yaranmasına səbəb olur.

Buna görə də vegeterianların tez-tez qan analizi vermələri və bir çox vitaminlər qəbul etmələri məsləhət görülür. B12 vitamini, sadəcə, ətdə olur və çatışmazlığı sinir sistemi xəstəliklərinə səbəb olur. Eyni zamanda vegeterianlarda diş çürüməsi müşahidə edilir. Beləliklə, vegeterian olmaq üçün onun üstünlükləri ilə yanaşı, riskli vəziyyətlərini də düzgün analiz etmək, çatışmayan qida maddələrini doğru bilmək lazımdır. İnsan orqanizmi quruluşuna görə bütün qida maddələrindən almaq məcburiyyətindədir.

 Fizuli Hüseynov kimdir? - Fizuli Hüseynov

 

Füzuli Hüseynov: “Veqanlar heç də uzunömürlü olmurlar...”

Həkim-fitoterapevt, “Herba Medical Tibb Mərkəzi”nin baş həkimi Füzuli Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Vegeterian həyat tərzi keçirən  insanlar, pasiyentlərlə çox təmasım olub. Müşahidə etmişəm ki, onlarda ən böyük problem qanda hemoqlobinin miqdarının həmişə aşağı olmasıdır. Deyərdim ki, vegeterian həyat tərzi keçirən əksər insanlarda hemoqlobinin miqdarı 50-80 arasında olur. Hemoqlobin azlığı səbəbindən onlarda dəmir azlığı da  olur. Yəni daimi olaraq qanda dəmir, hemoqlobin aşağı olur və nəticədə insanlarda rəngin sarılığı, halsızlıq, yorğunuq kimi əlamətlər özünü göstərir. Bəs hemoqlobin azlığı nədən əmələ gəlir? Ümumiyyətlə, insan  hemoqlobini əsasən ətdən və qara ciyərdən alır. İndiki dövrdə isə hemoqlobini əsasən qırmızı ətdən alırıq. Vegeterianlar isə yalnız müəyyən tərəvəz və meyvələrlə qidalanır. Doğrudur, bu meyvə və tərəvəzlərdə də, məsələn, çuğundurda hemoqlobin olsa da, ətin tərkibində olan hemoqlobin və dəmir kimi deyil. Yəni ətin  tərkibində olan hemoqlobin və dəmir daha rahat sovrulur, nəinki meyvə və tərəvəzlərin, bitkilərin tərkibində olan dəmir. 

Həmçinin ətin tərkibində olan zülal  bitki tərkibində olan zülaldan daha tez mənimsənilir. Məsələn, veqanlar,  ümumiyyətlə, ət məhsullarından heç birini yaxına buraxmır, o cümlədən balıq yemir, hətta süd içmir, pendir, qatıq qəbul etmir. Buna görə də veqanlarda  dəmir, mineral, dəmir azlığı olur. Nəticədə orqanizmləri yavaş-yavaş zəifləyir, halsızlaşırlar. İddia edirlər ki, onların ömürləri uzun olur, amma mən belə düşünmürəm.

Vegeterianlar iddia edir ki, zülalı fındıq, qoz, badam, noxud, lobyadan alırlar. Ət yeyən insanlarla müqayisədə vegeterianların bədənlərində su, ödemlər çox olur. Yəni tam sovrulma olmadığından müəyyən vaxtdan sonra ödemlər əmələ gəlir, bu da öz mənfi təsirini göstərir.

O ki qaldı qidalanmağımıza, deyərdim ki, bizim ən böyük  problemimiz çörəyi çox qəbul etməyimizdir. Biz birmənalı olaraq çörək qəbulunu azaltmalıyıq, yəni hazırda qəbul etdiyimiz çörəyin ən azı üçdəbirini qəbul etməliyik. Çörəkdən çox qəbul etdikdə, bu, orqanizmimizdə əlavə problemlər əmələ gətirir, şəkər, digər xəstəlikləri tezləşdirir. Son dövrlər şirniyyat qəbulu da çoxalıb ki, bu da əlavə problemlər əmələ gətirir. Əgər biz menyumuza  nəzarət etsək, şirniyyatı, ümumiyyətlə, menyudan çıxartsaq, çörəyin üçdəbiri qədər qəbul etsək, bizim qidalanma tərzi dünyada yeganə sağlam qidalanma tərzinə çevrilər. Çünki bizim bol günəşimiz, hər cür məhsul yetişdirən torpaqlarımız, bol antioksidantlarla zəngin meyvə-tərəvəzlərimiz var. Dünyanın bir çox ölkələrindən fərqli olaraq  parniklərdə yetişən meyvə-tərəvəz çox deyil. Yəni Azərbaycanda təbii halda yetişən meyvə-tərəvəz çoxdur ki, bu da insanların sağlam qidalanmasında mühüm rol oynayır".

Qarşıdakı 3 gündə bunları ƏSLA ETMƏYİN

Leyla Zülfüqarlı: “40 yaşlı vegeterian qadının bioloji ölümü onunla əlaqəlidir ki... ”

Pəhriz haqda kitabların müəllifi, tanınmış həkim-dietoloq Leyla Zülfüqarlı da qeyd edib ki, vegeterian həyat tərzi həmişə sağlam rasional dietologiya elmi ilə zidd olub: “Çünki rasional dietologiya elminin punktlarında ən vacib məsələlərdən biri balanslı qidalanmadır. Balanslaşmış qidalanma nəyi diktə edir? Karbohidrat, protein ağırlığı və yağ ağırlığı qidalanma olmalıdır. Karbohidrat və protein mövzusunda hər iki funksional tərkib hiss edə biləcəyimiz bitkilər və eyni zamanda heyvan mənşəli məhsullar, hətta yağ qrupu yer alır.

Məsələn, mən hər zaman faydalı yağ yeyin deyirəm. Faydalı yağlar iki qrupa bölünür: doymuş və doymamış yağlar. Doymuş yağ turşuları xüsusən heyvan mənşəli məhsulların tərkibində, həmçinin yumurta, süddə var. Veqan həyat tərzi isə bunu inkar edir. Eyni zamanda mütəmadi olaraq yalnız meyvə və tərəvəz qəbul etmək də təhlükəli olur, çünki bəzi meyvələrin tərkibindəki şəkər bəzən bədən üçün qlükozadan daha təhlükəli olur.

Həmçinin veqanlar deyirlər ki, proteini, zülalı zatən alırlar. Xüsusən də bunu toxumlardan aldıqlarını, paxlalılar qrupundan olan qidalar ilə qidalandıqlarını bildirirlər. Lakin bununla da qızıl ortalığı pozmuş olurlar. Belə ki, burda ən vacib olan  B12 vitamini ət məhsulunun tərkibində olur. Həmçinin sinki, hansı ki, orqanizmimiz üçün bu element çox vacibdir və immun sistemimizin dayağıdır, onu bir çox toxumlardan da alırıq, məsələn, balqabaqdan, amma heyvan mənşəli məhsulların tərkibində olan sink başqadır. Və yaxud dəmirin özü.

Bu baxımdan 40 yaşlı vegeterian qadının bioloji ölümünü bununla əlaqələndirirəm ki, o yalnız toxumlarla qidalanıb və düşünüb ki, bütün orqanizmini bütün vitaminlərlə təmin etmiş olub, həmçinin daimi meyvə şirəsini qəbul edib ki, bu da sağlam bəslənmə deyil. Burada bir çox məqamlar var, əgər orqanizmimizin diabetik mərhələdən narahatçılığı var idisə, bu zaman şirə onun tezləşdirə bilər, yəni şəkərin dozası birbaşa orqanizmə ötürülür. Həmçinin bədən daim ehtiyac duyduğu zamanlarda yağ qəbul etməyib, doğru maddələrdən doğru proteinlərə almayıb, çox böyük əzələ itkisi olub ki, bu da ölümlə nəticələnib".

Xalidə GƏRAY,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR