İnsanlara hürriyət, millətlərə istiqlal!

Cavad Zərif Bakıya gəlir: İran Azərbaycandan nə istəyir?

Bazar günü regional tur çərçivəsində İran xarici işlər naziri Bakıya səfər edəcək.

Rəsmi məlumata görə, Məhəmməd Cavad Zərifin Azərbaycan Prezidenti İlham Əliyev və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Tehranı ötən ilki müharibədən sonra bölgədə yaranan əməkdaşlıq imkanları maraqlandırır. İran Qarabağdakı bərpa layihələrində iştirak etmək istədiyini bildirib. Bu barədə cənab Zərifin səfərindən əvvəl İran Prezident Administrasiyasının rəhbəri deyib.

Tehranda səfərdə olan Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşən Mahmud Vaezi deyib ki, Qarabağın işğaldan azad edilməsindən sonra regionda iqtisadi əlaqələr üçün geniş imkanlar meydana çıxıb.

İran hansı sahələrdə maraqlı olduğunu dəqiqləşdirməyib. Bu arada Azərbaycanda ikitərəfli iqtisadi əlaqələrdə ən perspektivli sahə olaraq, kənd təsərrüfatı , turizm və energetikanı görürlər.

Azərbaycanla İran Şimal-Cənub nəqliyyat dəhlizinin üzvüdür. Bu layihənin məqsədi Rusiyadan-İran və Şərqə, eləcə də Şimali və Qərbi Avropaya doğru yük çatdırılma müddətini azaltmaqdır.

Hər iki ölkə dəmiryol şəbəkələrini birləşdirmək üzrə fəaliyyət aparır.

Bəs görəsən müharibədən sonra Ermənistan üzərindən Naxçıvan və Türkiyəyə dəhliz imkanı əldə edən Azərbaycan üçün İran tranzit nəqliyyat perspektivləri əvvəlki aktuallığını saxlayırmı?

BBC News Azərbaycancanın müsahiblərinə görə, öz tranzit imkanlarının genişləndirilməsi baxımından bu layihə Azərbaycan üçün maraqlıdır.

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, kommunikasiyaların açılması həm Şimal-Cənub, həm Şərq-Qərb dəhlizinin həm də Ermənistan və İran arasında dəmir yolunun açılması "fürsətlərini yaradır".

"Amma bunun üçün çoxtərəfli razılaşmalar imzalanmalıdır", o deyir.

Təhlilçilər bu məsələnin Bakıda müzakirə oluna biləcəyini deyirlər.

Bu arada, İranla nəqliyyat və digər layihələrin inkişafı həm də, ABŞ-dan asılıdır, Natiq Cəfərli belə hesab edir. Onun sözlərinə görə, hakimiyyətə gələn Joe Biden administrasiyası İrana qarşı sanksiyalarını qaldırarsa, bu Azərbaycan-İran arasındakı əlaqələrə də pozitiv təkan verə bilər.

Bu fikirlə politoloq Rasim Musabəyov da razılaşır: "İran beynəlxalq ticarətdə təcrid olunub. Onunla hesablaşmaları keçirmək çətindir. Biz ona pulu nə ilə, manatla ödəyəcəyik. Onlara manat lazım deyil. Ortalığa bir çox problemlər çıxır".

İran Yol və Nəqliyyat Nazirliyinin 2020-ci ilə aid məlumatlarına görə, koronavirus pandemiyasının ticarət əlaqələrinə təsir etməsinə baxmayaraq, hər ay Türkiyənin 12 minə yaxın yük maşını İran-Türkiyə sərhədini keçir və onun əhəmiyyətli bir hissəsi türk respublikaları və Əfqanıstana yollanır.

Bu ticarət İran üçün çox sərfəlidir. Ermənistanda açılacaq dəhliz bu trafiki xeyli dərəcədə azalda bilər.

Mahmud Vaezi Şahin Mustafayev Azərbaycan Irah Tehran Bakı siyasət Mahmoud Vaezi Dağlıq Qarabağ Qarabağ savaş münaqişə Ermənistan ermənilər azərbaycanlılar

Bu həftə iki tərəfli münasibətlər Azərbaycanın Baş nazirinin müavini və İran Prezident Administrasiyasının rəhbəri arasında müzakirə olunub.

Hərçənd ki, İranda belə perspektivi qəbul etmirlər.

"İranın sərhədlərinin əhəmiyyəti Ermənistanda açılacaq kiçik bir dəhlizlə azaldıla bilməz. İranın bölgədəki fəal iştirakı həm İrana, həm də Azərbaycana daha çox fayda gətirə bilər," - İranın rəsmi İRNA agentliyi ötən il yazıb.

Rasim Musabəyova görə, Azərbaycanla İran arasında müzakirə olunacaq məsələlərin kifayət qədər əhatəlidir. Buraya iqtisadiyyat, nəqliyyat və təhlükəsizlik məsələləri daxildir.

"Bu məsələlərin hamısı Zərifin bu görüşündə həll olunmasa belə, fərz edirəm ki, bizim gündəliklərimiz ayrı-ayrı xəttlərlə dəqiqləşdirlməlidir", - deyən politoloq Xəzər dənizi ilə bağlı məsələsinin də hələ ki, açıq qaldığını əlavə edir.

"Qalır Xəzərin bölgüsü ilə bağlı İranla razılaşmaya gəlmək", o deyir.

Söhbət əsnasında Türkmənistanla Xəzərdəki mübahisəli yatağın istismarı barədə son müsbət razılaşmanı qeyd edən politoloq, İranla da məsələnin həllinə nail olmağın mümkün olduğunu qeyd edir.

Bakı və Tehran iqtisadi əlaqələri inkişaf etdirməkdə maraqlı olduqlarını dəfələrlə deyiblər. Bunun bəhrəsini ən yaxından hiss edən, yəqin ki, ölkələrin sərhədyanı bölgələrində yaşayan sakinlərdir. 90-cı illərdə sərhəd açılandan sonra bu sahədə əlaqələr xeyli inkişaf edib, Natiq Cəfərli deyir.

Onun sözlərinə görə, iqtisadi əlaqələr İranın "Qarabağ probleminə" münasibətinə görə "enişli yoxuşlu" olsa da, daim irəliləməkdədir.

Bu arada, siyasi əlaqələrə gəlincə münasibətlərin o qədər də birmənalı olmadığı nəzərə çarpır. Artıq illərdir ki, Azərbaycan mətbuatında İranın Ermənistanla əlaqələri qınaqlara səbəb olur.

Ötən il Dağlıq Qarabağdakı müharibə bu məsələnin nə dərəcədə həssas olduğunu bir daha təsdiqlədi. İran döyüşlər səhnəsinə yaxın məsafədə yerləşən öz sərhədyanı ərazisinin atəşə tutulmasının cavabsız qalmayacağını deyərək, bölgəyə əlavə hərbi qüvvə yerləşdirilib.

Öz növbəsində, Tehranda Bakının İsrail və ABŞ-la əməkdaşlığına irad tuturlar.

Dağlıq Qarabağdakı müharibə vaxtı Türkiyənin bölgədə fəallığı İranın narahatlığına səbəb olan daha bir amil olub. Əlaqələrin nə dərəcədə həssas olduğunu ötən il Bakıda Türkiyə Prezidentinin çıxışı nümayiş etdirib.

Recep Tayyip Erdoğanın Zəfər paradında söylədiyi Laçın mahnısının sözləri İranın xarici işlər naziri Cavad Zərifin qəzəbinə səbəb oldu. Ölkələr arasında diplomatik bəyanatlar mübadiləsi yer aldı.

Bəs görəsən, Qarabağda müharibədən sonra yaranan şəraitdə İranla əlaqələr necə inkişaf edəcək? Bu suala cavab verən Rasim Müsabəyov deyir ki, Bakı əlaqələrdə gərginliyə yol vermək niyyətində deyil.

 

"Biz İranla münasibətlərdə hansısa gərginliyiə yol vermək marağında deyilik. Və üçüncü dövlətin İranla ədavətinə qoşulmaq niyyətində deyilik. Bu xətt davam olunacaq".

İranın Xarici işlər naziri bölgəyə səfəri çərçivəsində, Azərbaycandan başqa, Rusiyaya, Gürcüstan və Ermənistana baş çəkəcək.

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Mart 2021

BÜTÜN XƏBƏRLƏR