İnsanlara hürriyət, millətlərə istiqlal!

ÇARİZMDƏN, SOVETLƏRDƏN SONRAKI ÜÇÜNCÜ ZÜMRƏ VƏ AŞURA MƏKTƏBİ

684 14.12.2012 09:57 Yazarlar A A

Mənəviyyat karvanının qarşısını heç bir qüvvə ala bilməz

Əsrlərdir ki, matəm, əza ayı olan mahi-Məhərrəm yetişəndən Hüseyn (ə) aşiqi, Hüseyn (ə) sevən insanların yaşadığı dünyanın hər bir nöqtəsində əzadarlıqlar keçirilər. Hansı coğrafiyada, hansı yerdə, hansı məkanda olmasından asılı olmayaraq, Hüseynsevərlər bu böyük matəmi yaşadarlar. Bəzən insanları sıxarlar və nəticədə zahirdə bu əzadarlıqların keçirilməsi görsənməz. İllər keçər və ilkin fürsət yarananda bu məktəbi, bu nuru, bu işığı, bu mənəviyyat karvanını aradan aparmaq istəyənlərin arzularının puça çıxdığı məlum olar.
Bir neçə tarixi məqama toxunmaqla, bu tezisin nə qədər dəqiq olduğunu görmək olar. Belə tarixlərdən birini də elə xalqımız yaşayıb. Çar dövründə hədəf qoyulur ki, Aşuranın mahiyyəti unudulsun, Aşuranın o zahiri çalarları saxlansın ki, nəhayətdə xalqın oxumuş hissəsi ilə xalqın özü arasında fərqlilik, fikir ayrılığı meydana çıxsın. Çar imperiyası bu missiyanı yerinə yetirmək üçün bəzi nanəcibləri də yetişdir. Çar “uşkolları”nın yetirmələri olan bu ünsürlər imperiyadan yediyi pulların hesabını öz işləri ilə ödəməli idi. Onlar xalqının, toplumunun, millətinin ənənələrini, dinini, milli kimliyini sual altına qoymağı missiya olaraq üzərilərinə götürür. Bu danışdığımız hansısa uzaq bir diyarın deyil, öz xalqımızın tarixidir. Sonradan sovet dövrü, qırmızı, bolşevik təfəkkürü gəlir və oxşar ənənəni davam etdirir. Çar dövründə yetişmiş həmin “uşkollar”ın məzunları onların da dərdlərinə yarayır. Onlar xalqın kimliyini, dinini, adət-ənənəsini aradan aparmaq hədəfində eynidirlər. Bu məsələdə iki dövr arasında bir müttəfiqlik meydana gəlir. Çar imperiyası da bir yeri işğal edir və bu yerdə insanların milli kimliyini məhv edib özlərinə tabe etdirmək üçün insanlara ləyaqət verə biləcək hər bir şeyi sıradan çıxarmağa çalışırdı. Sovet dönəmi də oxşar siyasəti həyata keçirir. Hər iki dövrdə o zamanın yerli insanlarından istifadə olunur.

Xalqımız tarixi müsibətlərində Kərbəla məktəbinə qayıdıb

Sovet bəlası qurtarandan sonra belə sadəlövh düşüncə meydana çıxmışdı ki, artıq hər bir şey qurtarıb və artıq Çar dövrünün və sovetin bəlaları yaşanmayacaq. Lakin indi iki dövrün zümrəsi ilə bərabər, üçüncü zümrə də əmələ gəlir. Bu üçüncü zümrə də müasir dönəmin İslam düşmənçiliyi, islamofob düşüncə ilə qidalanmış təbəqənin yetirmələridir. Onlar da bu gün özlərinə vəzifə bilirlər ki, bu mərhələdə Çar dövründə çara xidmət edən “uşkol” məhsulu olan “ziyalılar”ın, sovetə xidmət edən qırmızı vəsiqəli “ziyalılar”ın gördüyü işləri indi onlar davam etdirsinlər. İndi belə bir zümrə meydana çıxır. Bu zümrənin Aşura məktəbinə qarşı təhtəlşüur səviyyəsində güclü qarşıdurması var. Bu zümrənin manqurt mahiyyəti Aşurada olan dəyərlərə antaqonistdir. Bu motivlər ucbatından, bacardıqlarını edirlər ki, Aşuranı unutdursunlar.
Amma bütün bunların nəticələri necə olur? Nəticə bu cür olur ki, çar dövrünü, sovet dönəmini yaşamış bir xalq, ondan sonrakı mərhələdə davam edən bütün çətinliklərə rəğmən, Aşura məktəbini daha təmtəraqla yaşadır. Bir halda ki, televizor buna qarşı danışır, radio buna qarşı danışır, ictimai rəy buna qarşı qaldırılır, oxumuş təbəqəni bir formada buna qarşı danışdırırlar, ildən-ilə xalq bu Kərbəla məktəbini daha böyük eşqlə, daha böyük sevgi ilə, daha keyfiyyətlə yaşadır. Artıq indiki dövrdə Kərbəlanın bütün çalarları da meydana çıxarılır. Həm maarif yükü artıb, həm eşqin cuşa gəlməsi artıb, həm keyfiyyət, həm də kəmiyyət artıb. Tarixən də bütün ağır şəraitlərdə, ekstremal şəraitlərdə xalq bu vəziyyətlərdə həmin tarixi yaddaşına qayıdıb. Alt yapıdan insanlar bu məktəbə müraciət edib. 20 Yanvar hadisəsi hər bir kəsin yadındadır ki, cinayətin baş verməsinin səhəri günü insanlar sovet qoşununun qarşısına matəmlə çıxarkən, şəhidlər üçün hüzn bu məktəbin ənənələrinə uyğun yaşadılıb.

İnsanların qəlbində sönməz Kərbəla çırağı

İldən-ilə Aşura məktəbinin yaşadılması ilə bağlı həm kəmiyyət, həm də keyfiyyət artır. Bu artım yalnız bizim məmləkətimizdə müşahidə edilmir. On beş, iyirmi il öncə İraqda Kərbəla ziyarətinə gedənlər bunu çox yaxşı bilirlər. Çox az sayda insan böyük çətinliklər, təzyiqlərlə ziyarətə gedirdi. O qədər çətinlik, o qədər repressiya, o qədər sıxışdırılma var idi ki, insanlar beş-on nəfərdən çox ziyarətgaha buraxılmırdı. Onilliklərlə Səddam kimi diktatorlar öz missiyalarını həyata keçirir və zəlil halda aradan gedirlər. Bundan sonra cəmi bir neçə ay bəs edir ki, növbəti Məhərrəm-Səfər və Aşurasında bütün dünyanın gözü oraya yönəlir. Zəvvarların sayı milyonlara çatır. Dünyanın bütün yerlərində eyni proses müşahidə olunur. Harada ki, Aşuraya qarşı nəsə işlər görüləcək, müvəqqəti olaraq, zahirdə aradan getmiş kimi görsənə bilər, lakin insanların qəlbində bu, heç bir zaman itməyəcək.
Bu, necə baş verir? Bu, nə məsələdir ki, xalq aşağıdan yuxarı, elliklə bu məktəbi yaşadır? Kişilər, xanımlar, yaşlılar, cavanllar - bütün dərk edən təbəqələr bu məktəbi yaşadır. Bəzi şeylər olur ki, o yaşlı üçün aktual olur, bir məsələ olur ki, cavanlar üçün aktual olur və s. Lakin, Aşura elə bir məktəbdir ki, yaşından, sosial durumundan, imkanlarından asılı olmayaraq, hər bir insan üçün aktualdır. Burada məsələ çox köklüdür. Belə ki, insanların qəlbində bu məsələ var və imanlarının nəticəsidir. Ötən bəhslərimizdə bu mövzuya işarə etdik. Həzrət Peyğəmbər (s) dəfələrlə bildirir ki, iman sahiblərinin qəlbində İmam Hüseynin (ə) şəhadəti ilə bağlı xüsusi bir hərarət var və o, insanı hərəkətə gətirər. Qiyamətə qədər həmin hərarət sönməz və soyumaz...

Əgər İmam Hüseyn (ə) olmasaydı...

İkinci önəmli məsələ isə budur ki, dinin mövcudluğu bu məsələlərə bağlıdır. İnsan gerçək inanclılıq yaşatmaq istəyirsə, o, fərqində olur ki, İmam Hüseyn (ə) olmasaydı, İslam adına yalnız dekarasion qalmış olardı. İmam Hüseyn (ə) olmasaydı, İslamın cövhərindən heç bir şey qalmazdı. Bir Ramazan ayında bu məsələ var ki, Ramazan ayında oruc tutanın nəfəsi zikrdir. Oruc tutanın bütün işləri ibadətdir. Oruc tutanın vəziyyəti elədir ki, hətta yatsa da, yenə ibadət halındadır. Eyni məsələ Məsum İmamlardan (ə) məhərrəm ayı ilə bağlı da göstərilib. Əhli-beyt (ə) bildirir ki, məhərrəm ayının əzadarları üçün də bu durum, by mənəvi yüksəliş var. Oruc tutan yemək yemir, su içmir, orucu pozan digər işləri görmür, əzadar isə isə iradəvi olaraq İmam Hüseynin (ə) və onun pak ardıcılları üçün kədərdə olur. Buna görə də əzadarın bütün varlığı ibadi hala gəlir. Əzadarın aldığı hər nəfəs zikrə çevrilir.
Bu yüksəklik nədən qaynaqlanır, haradan mənbələnir? Əba Əbdillah (ə) Aşura günü öz vəzifəsini icra etməsəydi, İslam adına kamil din qalmayacaqdı. Müsəlman toplumları üçün tamamlanmış nemət həyata keçməyəcəkdi. İslam və dindarlıq bəyənilmiş hala çatmamış olacaqdı. İmam Hüseyn (ə) öz hərəkatı ilə imanı yaşatdı, dini məhv olmağa qoymadı. Bu yolda öz canını verdi. Əzadar da öz iradəsi ilə bu məktəbi yaşadır, faktiki olaraq, bu hərəkatı davam etdirir.

Aşuranın çatdırdığı qədir-xum mesajı

İmam Hüseynin (ə) Kərbəlada qəhrəmanlığı sayəsində İslamın yaşaması, dinin kamil halda qalması - Qədir-Xumla bir vücudi tədayilik yaradır. Burada dərin bir assosiativ rabitə vardır. Yada salsaq, dinin kamilləşməsi ilə bağlı konseptual yanaşmalar əslində Qədir-Xum fenomeninə aid edilmişdir. İslam nə zaman ən kamil hala gəlib çatır? Nə zaman Rəbbimiz Quranda buyurur ki, “bu gün dini sizlər üçün kamala çatdırdım”? Bir məsələlər var ki, əgər onlar olmasa, din kamala çatmır. Nəsə bir mövzu var ki, əziz Peyğəmbərimiz (s) onu deyəndə, Rəbbimiz dini kamala çatdırır, nemətləri tamamlayır, İslamı insanlıq üçün razı olduğu bir din halına gətirir.
Belə başa düşülür ki, Aşura növbəti dəfə Qədir-Xumun mesajını əməli surətdə topluma çatdırmadır. Aşura - bir İlahi sığortalamadır ki, insanlar əbədi olaraq bu məsələdən azmasınlar.
Qədir-Xumda bir mühüm mesaj var idi. O da bu idi ki, Peyğəmbərdən (s) sonra yerlə göyün əlaqəsi bitmir, insanlar özbaşına qalmır. Necə ki, Həzrət Peyğəmbər (s) insanlar üçün Allah tərəfindən hüccət idi, insanlar onunla olduğu halda səma ilə bağlantı olacaqdı və Peyğəmbər (s) özündən əvvəlki yüz iyirmi dörd min peyğəmbərin (ə) missiyasını yerinə yetirib yekunlaşdırırdı, Peyğəmbərdən (s) sonra bu davamiyyət İmamlara (ə) keçir. Mesaj budur ki, əgər onlarla - məsum 12 İmam (ə) ilə mübarək bağlantını itirməsək, mövcud olacağıq. Müqəddəs Kitabımız olan Qurani-Kərim açıq-aşkar bildirir ki, əgər Peyğəmbərimizdən (s) sonra İmam Əlinin (ə) ümmətə İlahi rəhbərliyi ilə bağlı bu çatdırış səsləndirilməsə, insanlar bununla bağlı dəqiq və birmənalı məlumatlandırılmasa, din kamala çatmır. Həzrət Peyğəmbərə (s) bildirilir ki, bu çatdırış olmasa, Peyğəmbər (s) öz nübuvvət risalətini, Allah-Təala tərəfindən vəzifələndirilmiş elçiliyini tamam etməmiş olur. Namaz, oruc, bütün digər İslami işlər yarımçıq qalır. Bu qədər şəhid verilir, bu qədər müsibətlər olur, Peyğəmbərin (s) başına min cür müsibət gətirilir, üzünə daş vurulur - bütün bunlar yarımçıq qalır.
Qədir-Xumda bir mühüm çatdırışla din kamala çatır. İlahi imamətin davamlılığının elanı ilə İslam dini mövcudiyyətini gerçəkdə tapmış olur və davamiyyəti bərpa edilir. İnanclılıq və dindarlıq İlahi İmamların (ə) ətəyindən yapışmaqla kamala çata bilər və bəyənilmiş hala gələ bilər. Lənətlik Yezidin dövründə bunu kökündən kəsmək istəyirdilər. Daha bir pəncərə, bir nəfəslik də qoymaq istəmirdilər ki, insanların ən pis şəraitdə də belə İlahi hüccətin ətəyindən yapışmaq imkanı olsun. Onlar bunu kökündən yığışdırmaq istəyirdilər. İslamın cövhərini, mahiyyətini aradan aparmaq istəyirdilər.

Əzadar - “La ilahə İlləllah”ı əhya edir

Aşuranı yad edən insan, əzadar olan insan “La ilahə İlləllah”ın əhyasını təmin edir. Əzadar “Allahdan başqa ilah yoxdur” şüarını diri saxlayır. Əzadar bu mübarək tezisin diriliyini yaşadır. “La ilahə İlləllah”ı yox edib aradan aparmaq istəyirdilər, İslamı din adına ləğv edəcəkdilər. İblis ordusu bütün mənfurluğu ilə mobilizasiya olunur, Allahın Yer üzərində hüccətinin, dəlilinin, amilinin üzərinə gəlir. 30 000-lik qoşun göndərirlər 72 fədainin üzərinə. Haradan bu xof, haradan bu qorxu?! Belə ordularla bütöv məmləkətlər fəth edilə bilinər. Amma burada özünü müsəlman adlandıran münafiq güruhdan ibarət bir nanəcib və rəzil qoşunu Həzrət Peyğəmbərin (s) nəvəsini və o Həzrəti (ə) əhatə edən ixlaslı, imanlı, mübarək insanları qanlarına qəltan etmək üçün göndərirlər. Və İmam (ə) öz məsləkdaşları ilə birgə şəhid olur. O, öz qanı ilə 124 000 peyğəmbərin (ə) gətirdiyi İlahi çatdırışı ölməyə qoymur. O Həzrət (ə) inancın mövcudiyyətini öz şəhadəti ilə bərpa edir.
Əzadar nə edir? Əzadar bunu yaşayır və yaşadır. Ona görə də əzadar olan insanın məqamı Allah yanında elə Ramazan ayının orucunu tutan insanın məqamı kimidir. İmamətə bağlılığı olan insan “La ilahə İlləllah”ı əhya etməklə, diri saxlamaqla dinin mahiyyətinin aradan getməsinə imkan vermir. Əzadarın göz yaşları da, sinəzənliyi də, oxuduğu mərsiyə, növhə, rövzə də, bu məktəbin dərslərini öyrənməsi də İslamı diri saxlamaq üçündür.
Allaha həmd olsun ki, bizləri bu məktəbi tanıyanlardan qərar verib.
Allahım, bizlərə İmam Hüseyn (ə) məktəbinə bağlantını artırmaq, bu məktəbin dərslərini həyatımızda yaşatmaq ləyaqətini nəsib et! Allahım, bizi həqiqi Hüseyn (ə) əzadarlarından qərar ver! Amin!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR