Cənubi Afrika Respublikasının (CAR) “Gold Leaf” ən iri tütün korporasiyası şirkətin rəhbər şəxslərindən biri olan Saymon Rudlendə hücumun arxasında dayananlar barədə və onların həbs olunmasına kömək edə biləcək məlumata görə 660 min dollar məbləğində mükafat vəd edib.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, Saymon Rudlend avqustun 14-də Yohannesburqda Müstəqil Tütün Assosiasiyasının yaxınlığında güllələnib.
Hadisə yerində nəzarət videokameralarında S.Rudlendin avtomobillə binanın darvazasının qarşısına gəldiyi və bir neçə saniyədən sonra onun arxasınca gələn avtomobildən naməlum şəxs tərəfindən atəşə tutulduğu, həmin avtomobilin 4 saniyədən sonra sürətlə geri dönməsi görünür. Rudlendin dərhal təcili yardımla reanimasiyaya yerləşdirildiyi bildirilir.






