İnsanlara hürriyət, millətlərə istiqlal!

Cahangir Hacıyevə 15 il həbs cəzası verildi, dostu zalda həbs edildi (YENİLƏNİB)

23751 14.10.2016 14:30 Reportaj A A
Oktyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq bankın sabiq idarə heyyətinin sədri olmuş Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərin cəzaları elan olunub.

Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, hökmə əsasən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin idarə Heyyətinin keçmiş sədri Cahangir Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib. 

Elan olunan hökmə əsasən digər təqsirləndirilən 7 nəfərdən üçünə azadlıqdan məhrum etmə, dördünə isə şərti cəza verilərək məhkəmə zalından azadlığa buraxılıblar. 

4 nəfər azadlığa buraxıldı 

Bankın Mərkəz filialının rəhbəri olmuş Anar Sultanov 7 il 6 ay, Nərimanov filialının keçmiş direktoru, hazırda isə AFB bankın müşahidə Şurasının üzvü olan Məmməd Cahangirov 7 il 6 ay, Nəqliyyat filialının keçmiş müdiri Kənan Orucov 7 il 23 gün cəza alıblar. Bu şəxslər “Beynəlxalq Bank işi”nə görə həbs edilsələr də sonradan barələrində polis nəzarəti ilə bağlı həbsqətimkan tədbiri seçilmişdi. Bu qərarla da onların azadlıqdaa olması təsdiqlənib. 
Digər təqsirləndirilən, bankın mərkəz filialının müdir müavini olmuş İlqar Abdullayev də 6 il 5 ay 5 gün şərti cəza alıb. Hökm elan onunandək həbsdə olan İlqar Abdullayev məhkəmə zalından azadlığa buraxılıb.

Cahangir Hacıyevin dostu zalda qandallandı 

İstintaq və məhkəmə müddətində barəsində həbslə bağlı olmayan qətimkan tədiri seçilmiş Bakı Fındıq Emalı Zavodunun keçmiş müdiri Azad Cavadov isə məhkəmə zalında həbs olunub. Cahangir Hacıyevin tələbə yoldaşı və yaxın dostu olan Azad Cavadova 10 il 11 ay 9 gün həbs cəzası verilib. O, məhkəmə zalında qandallanaraq həbs edilib. 

Digər təqsirləndirilən şəxslərdən “Beynəlxala Bank”ın inzibati binalarınıən mühafizəsinin həyyata keçirlən “İnter Security” MMC-nin baş direktoru olmuş İbrahim Hüseynov 8 il, bankın mərkəzi filialının keçmiş direktoru Yusif Ələkbərov 8 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. 

Hacıyevin 110 minlik saatı müsadirə olundu

Hökmə əsasən Cahangir Hacıyevin evində axtarış zamanı götürülmüş 110 min dollarlıq qol saatı, üzərində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin idarə heyətinin sədri Cahangir Hacıyev yazılmış qızıl lövhə və bir ədəd qızıl sikkə müsadirə olunub.

Məhkəmə həmçinin Cahangir Hacıyevdən banka dəymiş zərərin ödənilməsi ilə də bağlı qərar çıxarıb.

Sabiq bankirə banka qaytarılmayan kreditlərə görə dəymiş ziyanı ödəmək öhdəliyi qoyulub və bu məqsədlə ondan 63 milyon 800 min tutulmasına qərar verilib. 

Bankda 109 milyon borc qalıb

Məhkəmənin hökmündə elan olunub ki, Cahangir Hacıyev və digərlərinə qarşı qaldırılmış iki - “Beynəlxalq Banka” dəymiş 211 milyon manat və “Aqrarakredit” QASC-yə dəymiş 7 milyon 423 min manatlıq mülki iddiadan biri tam, biri isə qismən təmin edilib.

Belə ki, hökmdə qeyd edilib ki, ittiham aktında qeyd edilən 211 milyondan 102 milyon manatı ödənilib, qalan 109 milyon isə bağlanılmamış qalıb. Məhkəmə bu mülki iddianın qismən təmin edilməsini, bağlanmamış məbləğin təqsirləndirilən şəxslərdən tutularaq banka ödənilməsi ilə bağlı qərar verib. 

Sabiq bankirin ümumi borcu 70 milyondur

“Aqrarkredit” QSC-nin mülki iddiası isə tam təmin edilib. Qərara əsasən QSC-yə dəymiş 7 milyon 423 milyon manatlıq zərərin Cahangir Hacıyev tərəfindən ödənilməsi ilə bağlı qərar çıxarılıb. Bununla da məhkəmə cahangir hacıyevdən ümumi olaraq 70 milyon dəymiş zərərin ödənilməsi ilə bağlı qərar çıxarıb. 

Cahangir Hacıyevin vəkili Aqil Layıcov elan olunan hökmə münasibət bildirib. 

O, qeyd edib ki, hökmdən apellyasiya şikayəti veriləcək: “Maraqlıdır ki, hakim sənədləri tədqiq eləmədən mülki iddianı təmin etdi. Göründüyü kimi, Cahangir Hacıyev və ona yaxın olan adamları həbs etdilər. Digərləri barəsində isə həbslə bağlı olmayan cəza verildi. Təbii ki, mən hamısının azadlıqda olmasını istəyirəm. Çünki hesab edirəm ki, bu işdə cinayət tərkibi yoxdur. Təbii ki, məhkəmədən də elə bu cür mövqe gözləyirdim. Nə deyildisə, onu da etdilər”.

Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva da məhkəmə prosesindən sonra musavat.com-a açıqlamasında qardaşına verilən cəzaya münasibət bildirib.

Hacıyevin bacısı: “Gözlənilən idi” 

Hökmün qanunsuz və əsassız olduğunu deyən Ə.Hacıyeva bu işin yenə də Maliyyə Nazirliyi tərəfindən qurama olduğunu söyləyib: “Bu Maliyyə Nazirliyi tərəfindən qurama işdir. Bütün qara əməllərə görə bir adamı qurban vermək lazım idi. Bunun üçün də Cahangiri seçdilər”. 
Ə.Hacıyeva bu qərarı əvvəlcədən gözlədiklərini və hazırlıqlı olduqlarını da qeyd edib: “Onsuz da vaxt gələcək və hər şey açılacaq. Heç nə sübuta yetirilmədi. Heç nə sübuta yetirilmədiyi halda necə hökm verilə bilər? Sifarişli iş belə də olmalı idi. Biz bilirdik ki, belə olacaq və bu səbəbdən də hazırlıqlı idik. Ona görə də heç təəccüblənmədik. Sifarişli işlər həmişə belə olur. Nə deyirlər, onu da edirlər”. 

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR