İnsanlara hürriyət, millətlərə istiqlal!

Cahangir Hacıyev növbəti məhkəmə prosesini də uduzdu - 15 illik cəza qüvvədə qaldı

2037 01.06.2017 16:19 Kriminal A A

Beynəlxalq Bankın İdarə Heyətinin keçmiş sədri, hazırda həbsdə olan Cahangir Hacıyev və onunla birlikdə həbs edilənlərin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Sabiq bankir və onunla birlikdə mühakimə olunanların işinə Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə baxılıb. Məhkəmədə prokuror çıxış edib. Prokuror deyib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü əsaslı və qanunidir.

Dövlət ittihamçısı apellyasiya şikayətlərinin təmin olunmamasını, hökmün qüvvədə saxlanmasını təklif edib: "Cahangir Hacıyev və digərlərinin cinayəti məhkəmədə özlərinin və şahidlərin ifadələri, kompleks ekspertiza rəyləri ilə sübuta yetirilib. Plastik kartlardan çıxarılan pulların layihələrə yönəldilməsini təsdiqləyən sübutlar yoxdur. Cahangir Hacıyevin vəkilləri ötən iclasda müəyyən sənədlər təqdim etsələr də, onlar əvvəlki illərə aiddir. İstintaq zamanı Cahangir Hacıyevə qarşı pozuntular da təsdiqini tapmayıb".

Prokurorun çıxışı Cahangir Hacıyevin vəkillərinin etirazına səbəb olub.

Vəkil Fəxrəddin Mehdiyev deyib ki, prokurordan elə belə də çıxış gözləyirdilər: "Prokuror sanki bu məhkəmədəki çıxışları, bizim dediklərimizi eşitmir. Biz deyirik ki, bunların mütəşəkkil dəstə olduğunu sübut eləyin, ittiham vermisiz. Sübut yoxdur. Nə mənimsənilib, kim mənimsəyib? Bu suala da cavab yoxdur. O qədər qanunsuzluqlara gediblər ki, geri çəkilməyə yol yoxdur. Cahangir Hacıyevin ailəsinə total təzyiqlər var. Vərəsəlik məsələsi nədir ki, bacısına bu məsələdə də problem yaradırlar, qeydə almırlar, ölkədən çıxışına qadağa qoyulub. Rusiyanın keçmiş baş naziri deyirdi ki, nə qədər faydalı iş görmək istəyirik, amma yenə bizdən "Kalaşnikov" çıxır. İndi biz də ortaya nə qədər sübutlar qoysaq da, prokurorun mövqeyi dəyişmir".

Bankirin digər vəkili Aqil Layıcov deyib ki, məhkəmədə təxminən 84 nəfər dindirilib, onların heç biri Cahangir Hacıyevə və digərlərinə 1 manat verildiyini deməyiblər. Vəkillər həm Beynəlxalq Bankın, həm də bankın problemli kreditlərinin həvalə olunduğu "Aqrarkredit"in zərərçəkmiş kimi tanınması, hər ikisinin mülki iddiasının təmin olunmasına da etiraz edib.

"Aqrarkredit"in nümayəndəsi Beytulla İmamverdiyev məhkəmədə bildirib ki, 7 milyon 7 min 405 manatlıq mülki iddianı müdafiə edir, bu məbləğin müştərək qaydada təqsirləndirilən şəxslərdən alınmasını istəyirlər. Məhkəmənin yekun qərarı elan edilib. Qərara əsasən C.Hacıyev və digərlərinin apellyasiya şikayəti təmin edilməyib. Cahangir Hacıyev 2015-ci il dekabrın 5-də həbs olunub. 2016-cı il oktyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il azadlıqdan məhrum edilib.

C.Hacıyevlə birlikdə həbs edilənlər Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov 10 il 11 ay, bankın Mərkəz filialının sabiq direktoru Yusif Ələkbərov 7 il 6 ay, “İnter Security” MMC-nin keçmiş direktoru İbrahim Hüseynov 6 il 5 ay müddətinə azadlıqdan məhrum ediliblər.

İlkin Muradov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR