Ölkənin öndə gələn simaları “Yeni Müsavat”ın çağırışına səs verdilər
Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyələşmə şərtlərinə etdiyi dəyişiklik Azərbaycanda çap mediasının yaşayıb-yaşamaması ilə bağlı müzakirələrin yaranmasına səbəb olub. Çap mediasının sıradan çıxmasının zamanı gəldiyini deyənlərin sayı artmaqdadır. Bu mövqedə olanlar nə qədər haqlıdırlar? Doğrudanmı yazılı medianı tarixin arxivinə verməyin zamanı gəlib çatıb? Bu fikrin əksini düşünənlər necə hesab edirlər: Azərbaycanda çap mediasının yaşaması üçün hansı addımların atılmasına ehtiyac var?
Bu və ya digər suallar dünən “Yeni Müsavat” qəzetinin təşəbbüsü ilə eyni adlı Media Qrupun redaksiyasında müzakirə olundu. Millət vəkilləri, baş redaktorlar və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbir həm də “Yeni Müsavat”qəzetinə abunə yazılışı kampaniyası ilə müşayiət olundu.
Tədbiri giriş sözü ilə açan “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu iştirakçıları salamladıqdan sonra bildirdi ki, çap mediası ilə bağlı yeni şərait formalaşıb: “Çap mediası ilə bağlı yeni tələblər, şərtlər var. Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun yeni şərtləri var. İlk olaraq bildirim ki, bu Fond olmasaydı, yazılı media bu günə gəlib çatmazdı.
Bəri başdan deyim ki, biz - ”Yeni Müsavat" qəzeti o Fondun maliyyələşmə şərtlərinə cavab veririk. İstər tiraj, istərsə də satış sahəsində problemimiz yoxdur. Amma ümumilikdə qəzet sənayesi üçün böyük problemlər var. O problemlərlə bağlı sizlərin münasibətinizi, baxışlarınızı öyrənmək istəyirik".
R.Arifoğlu yeni situasiyada daha az sayda qəzetlərin daha böyük dəstəklə yola davam etmək mərhələsinin gəldiyini vurğuladı: “Bu baxımdan, yaranmış vəziyyət iddialı və potensiallı qəzetlər üçün yeni bir şansdır. Yenidən formatlanma, yenidən məzmunlaşma və bu prosesdə səviyyəli oxucular kimi, sizlərin fikri bizim üçün maraqlıdır. Bəli, bir çoxları hesab edir ki, qəzetlər - yazılı media bütünlüklə meydandan çıxmalı, öz yeni ”nyu-media"ya verməlidir. Bəlkə bir başqası qəzet oxumağı yeni mediadan üstün tutur, qəzetlərin yaşamasının tərəfdarıdır. Sizləri dəvət edərkən bir məqsədimiz də bu olub ki, rəy və təkliflərinizi eşidək, mövqeyinizi bizimlə bölüşəsiniz. Eyni zamanda istəyirik ki, qəzetimizin imkanlarını dostların vasitəsilə bir qədər böyüdək. Çünki Azərbaycanın rayonlarında, kəndlərində, elə Bakıda elə insanlar var ki, qəzet almağa imkanları çatmır, saytları da internetdən oxuya bilmir. Bunu nəzərə alaraq daha çox belələri üçün abunə kampaniyasına start verdik. Sizlərin abunə olduğunuz əlavə nüsxələri imkanı olmayan şəxslərə çatdıracağıq".

“Yeni Müsavat” qəzetinin qurucu baş redaktorunun sözlərinə görə, hazırda ölkədə çap mediası ilə bağlı ciddi problemlər var: “Kağızın qiyməti ilyarım əvvəlki ilə müqayisədə 2 dəfə bahalaşıb - tonu 1606 manatdır. Bizim tirajımız 5100-5700 arası dəyişir. Bir aylıq kağız məsrəfimiz 12 min manatdır. KİVDF-dən isə ayda 10 min manat dəstək alırıq. Bir aylıq çap xərci 4500 manat, daşınma xərci 1500 manatdır. Yəni bu üç fraqment üzrə aylıq sərfiyyatımız 17 -18 min manat təşkil edir. Bu, çox böyük bir məsrəfdir.

Belə bir halda Dövlət Fondu təklif edir ki, real gücü olan, tarixi olan, kollektivi olan qəzetlərlə davam etmək istəyirik. Bu, artıq o deməkdir ki, say az olsa da, dəstəyin keyfiyyəti və kəmiyyəti artacaq. Bu da bir şans, imkan yaradır ki, Azərbaycan mediasının müasir dünya standartlarına yaxın olan, ona uyğunlaşan nümunələri olsun. Bu, yazılı media üçün çox əhəmiyyətlidir. Bunu nəzərə alaraq, sizin fikirlərinizi almaq qərarına gəlmişik”.

Tanınmış jurnalist İlhamiyyə Rza Azərbaycanda xəbəri, məlumatı qəzetdən - yazılı mediadan oxumaq istəyən böyük bir kütlənin olduğunu söylədi: “Bu kontingentə hesablanmış bir qəzet çıxartmaq mümkündür. Yayım işlərini genişləndirməklə qəzetin tirajını da artırmaq mümkündür. Burada qəzetin rəngli və ya rəngsiz olması önəm daşımır. Əsas orada yer alan mövzular, analitik, araşdırma yazılardır. Yəni informasiyanı almaq yolları çoxdur, amma analitik materialları hər yerdən almaq mümkün deyil. Qəzeti məhz bu materialların əldə olunacağı əsas mənbəyə çevirmək lazımdır. Şərt deyil ki, 15-20 qəzet olsun. 5-6 qəzet qalsın, amma rəqabət qabiliyyətli, oxucunu cəlb edəcək materialları onlardan əldə etmək mümkün olsun”.
Milli Məclisin üzvü Fəzail Ağamalı bildirdi ki, hər günü “Yeni Müsavat”ı oxumaqla başlayır: “Hər gün sürücüm arxamca gələndə bir dənə ”Yeni Müsvat" alır, mən onu oxuyub sonra işə gedirəm. Mən samballı, çağdaş Azərbaycan tarixinin simvolu olan qəzetlərin ləğvinin qəti əleyhinəyəm. Buna görə də hesab edirəm ki, qəzetlər dəstəklənməlidir. Bu gün siz nə müxalifət qəzetisiniz, nə də iqtidar. Siz Azərbaycan vətəndaşının qəzetisiniz. Bu qəzetdən hərə öz dünyagörüşünə uyğun material tapıb oxuya bilir.

Mənim üçün ən əhəmiyyətlisi isə budur ki, sizin qəzetdə hər gün Qarabağ münaqişəsinə dair materiallar dərc olunur. Qəzetlər həm də Azərbaycan tarixinin bir parçasıdır, gələcək tədqiqatçılar üçün bəlkə də yeganə mənbədir. Elektron vasitələrin belə imkanları yoxdur. Bu baxımdan, oxucunun ehtiyaclarını ödəyə bilən “Yeni Müsavat” kimi qəzet yaşamalıdır".
R.Arifoğlu iştirakçılara üz tutaraq onları qonorarsız “Yeni Müsavat”a köşə yazmağa səslədi.

QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Vətəndaşların Əmək Hüquqlarını Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov konkret təkliflərlə çıxış etdi: “Mən BMT Ali Komissarlığı ilə yaxından əməkdaşlıq edirəm. Onların saytının yuxarısında qırmızı bir düymə olur: ”Donation" . Yəni ianə ödənişi üçün bölməyə keçid. Siz də xüsusi hesab yaradaraq Azərbaycandakı, eləcə də xarici ölkələrdəki oxucuların yardım etməsi üçün saytdan ora keçid verə bilərsiniz. Bundan əlavə, elektron abunə yazılışı sistemini yaratmaq olar. Eyni zamanda sizdə rəyləri, müsahibələri dərc olunan şəxslər üçün ödənişli xidmətlər təklif edə bilərsiniz - illik, yaxud 6 aylıq dövrdə dərc olunan rəy və müsahibələrini arxiv şəklində yığıb verirsiniz. Yaxud PDF formatında elektron arxiv verirsiniz. Daha sonra həmin şəxslərin müsahibə və rəylərini kitab halında çap edib, imza gününü təşkil edirsiniz. Belə üsulla əlavə gəlir əldə edərsiniz". S.Məmmədov bildirir ki, dünyanın elektron medianın ən yüksək inkişaf tapdığı ölkələrində belə yazılı mətbuat var.

“Teleqraf” Holdinqin rəhbəri Aynur Camalqızı Azərbaycanda hazırda mövcud olan yazılı media bolluğunun tərəfdarı olmadığını dedi: “Minlərlə tirajla çap olunaraq oxunmadan maklaturaya çevrilən qəzetlərin olmasına ehtiyac yoxdur. Dünya dəyişir, print media aktuallığını itirir. Düşünürəm ki, yeni texnologiyalara uyğunlaşmağın vaxtı çatıb, hətta keçib. Qəzetlərə dövlət dəstəyi formasında süni nəfəs verməklə nə qədər davam etmək olacaq? Ölkədə qəzetçilik ənənəsini saxlayan bir neçə qəzetin olması kifayətdir. Onlar da oxucu marağına uyğun materiallar hazırlamalıdılar”

Milli Məclisin üzvü, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa hesab edir ki, qəzetlərə dövlət dəstəyi davam etdirilməlidir: “Bütün ölkələrdə qəzetlər reklam hesabına ayaqda qalırlar. Bizdə isə reklam bazarı elə böyük deyil. Dövlət mədəniyyət və incəsənətə, ədəbiyyata ayırdığı kimi, qəzetlərə də maliyyə dəstəyi verməlidir. Lakin bu dəstək 5-6 tarixi kökü olan qəzetə verilməlidir. Hesab edirəm ki, ölkədə nüfuzu olan sanballı qəzetlər yığışıb ölkə prezidentinə müraciət etməlidilər. Biz də millət vəkili olaraq müraciəti dəstəkləməyə hazırıq”.
R.Arifoğlu deputatın təklifinə cavab olaraq ölkə rəhbərliyinin bu məsələdə eyni rəydə olduğunu qeyd etdi: “Bizim iki əsas problemimiz var. Metroda yayımın bərpa olunması və qəzet kağızı idxalına tətbiq olunan ƏDV. Biz hər gün metroda 2 min nüsxə qəzet satırdıq. Eyni zamanda ƏDV tətbiq olunanadək kağızı 700 manata alırdıq. İndi kağız həm də devalvasiya səbəbindən 1600 manatdır. Bizim xahişimiz budur ki, qəzet kağızı ƏDV-dən azad olunsun, metroda yayım bərpa edilsin”.

Milli Məclisin üzvü Çingiz Qənizadə bildirdi ki, tələbat olan qəzetlər yaşadılmalıdır: “Metroda yayımın bərpa olunması və kağız idxalının ƏDV-dən azad edilməsi üçün müraciət hazırlaya bilərik. Bundan əlavə, rayonlarda, kəndlərdə yayımın təşkili üçün də addımlar atılmalıdır. Rayonlarda yazılı mətbuatın oxucuları daha çoxdur”.

KİVDF Müşahidə Şurasının üzvü Müşfiq Ələsgərli yazılı mediadan bütünlüklə online mediaya keçid üçün ölkənin hazır olmadığını dedi: “Bunun üçün çoxsaylı qanunlar qəbul edilməli, bir çox qanunlara dəyişiklik olunmalıdır. Mətbuat Şurasının adının Media Şurasına çevrilməsi nəzərdə tutulur, bununla bağlı qanun layihəsi də hazırlanır”.

Mətbuat Şurasının sədri, Milli Məclisin üzvü Əflatun Amaşov hesab edir ki, qəzet bir salnamə, bir tarixdir: “Alırsan əlinə, qoxulayırsan, oxuyursan. Yüz il də keçəndən sonra qəzetdən öz dövrünün ab-havası gəlir. Bu baxımdan, qəzetlər yaşamalıdır, yaşayacaq da. Bu gün Böyük Britaniyada, Almaniyada, Fransada, ABŞ-da müxtəlif mövqelərinin yayıcısı olan 3-5 qəzet fəaliyyət göstərir. Onların hər birinin öz oxucu kontingenti var”. Ə.Amaşovun fikrincə, qəzet yayımındakı problemlər aradan qaldırılmalı, qəzetlər özləri satış həcmlərini artırmaq üçün müxtəlif üsullardan istifadə etməlidilər.

QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, “Şəffaflıq Azərbaycan” Təşkilatının icraçı direktoru Əliməmməd Nuriyev qəzetlər üçün sağlam rəqabət mühitinin yaradılmasının, reklam bazarının genişləndirilməsinin vacib olduğunu dedi: “KİVDF yeni şərtlərə uyğunlaşmaq üçün qəzetlərə daha çox vaxt verməlidir. Eyni zamanda dövlətin dəstəyi davam etdirilməlidir. ”Yeni Müsavat" cümhuriyyətimizin bərpasında iştirak etmiş bir mətbuat orqanıdır, onun yaşaması üçün əlimizdən gələni etməyə hazırıq".

Sabiq maliyyə naziri Fikrət Yusifovun fikrincə, hətta bir müstəqil qəzet qalmalı olsa belə, o, mütləq “Yeni Müsavat” olmalıdır: “Dünya təcrübəsinə baxmalı, effektiv təcrübələrdən istifadə olunmalıdır”.

Milli Məclisin üzvü Elşən Musayev həm də həmkarı Zahid Orucun adından çıxış etdiyini bildirərək qeyd etdi ki, metroda yayımın bərpa olunması çox aktual məsələdir: “Mən həmişə metroda insanların ”Yeni Müsavat" oxuduğunu görmüşəm. Bunu bərpa etmək üçün müraciət hazırlayaq, biz də onu imzalamağa hazırıq".

Ümid Partiyasının sədr müavini İlahə Sadıqovanın fikrincə, gələcəkdə Azərbaycan tarixini öyrənmək üçün ən etibarlı mənbə yazılı mediadır: “Başqa mənbə tapmaq mümkün deyil. Elektron medianın yaddaş həcmi var, 4-5 ildən bir arxiv silinir. Buna görə də yazılı mətbuatın yaşaması tariximiz baxımından zəruridir”.
Mətbuat Şurası İdarə Heyətinin üzvü Ümid Rəhimoğlu bildirdi ki, tədbirdə yalnız “Yeni Müsavat”ın deyil, bütün ölkə mətbuatının problemləri müzakirə olunur: “Uzun illərdir abunə olduğum 4 qəzetdən biri ”Yeni Müsavat", digəri “525-ci qəzet”dir. “Yeni Müsavat”ın uğurunun əsas səbəbi bazarın nəbzini tuta bilməsidir. Qəzetlər üçün ən ciddi problem yayımla bağlıdır. Bu problem həll olunsa qəzetlər üçün böyük nəticə verəcək".

Politoloq Nəzakət Məmmədova qeyd etdi ki, öz yaradıcılığını “Yeni Müsavat”la əməkdaşlıq başlayana qədərki və sonrakı mərhələlərə bölmək olar: “Bu qəzetlə əməkdaşlıq mənə çoxsaylı oxucu kütləsinə çıxış imkanı verdi. Bilirsiniz, Avropada qəzet oxumaq bir kulta çevrilib. Bu baxımdan, Azərbaycanda da qəzet oxumağa davam etmək istəyənlər çoxdur. Ona görə də yazılı media, onun flaqmanı olan ”Yeni Müsavat" yaşamalıdır". N.Məmmədova təklif etdi ki, təyyarələrdə, dəmiryolunda sərnişinlərə verilən qəzetlər sırasına “Yeni Müsavat” da əlavə olunmalıdır.

AK Partiyasının başqanı Tural Abbaslı hesab edir ki, yayım sahəsindəki problemlər, yazarlara və yazılara qoyulan məhdudiyyətlər aradan qaldırılarsa, qəzetlər özləri yaşamaq üçün yol tapacaqlar: “Bütün rayonlara yayım olarsa, qəzetlər satış problemini yaşamaz. Eyni zamanda sözə, yazılara qoyulan məhdudiyyət ləğv edilərsə, oxucu problemi də olmaz. Düşünürəm ki, söhbət qəzetlərə balıq verməkdən deyil, onlara balıq tutmağı öyrətməkdən getməlidir”.

“HİLAL” İCTİMAİ BİRLİYİNİN sədri Arzuman Abdulkərimov onunla “Yeni Müsavat” qəzetini uzun illərin dostluğunun bağladığını dedi: “Bu qəzet hazırda dövlətçiliyin qorunması uğrunda mübarizə aparmaqdadır. Bu gün ölkədə müxtəlif fikirlərin yayılmasına ehtiyac var. Bunu isə ən yaxşı qəzetlər edə bilər. Xüsusilə rayon yerlərində qəzetlər daha çox oxunur”. A.Abdulkərimovun fikrincə, yazılı medianın yayım və reklam problemləri həll olunmalıdır: “Yazılı media sıradan çıxarsa, boşalan meydan xaricdən idarə olunan qüvvələrin əlinə keçə bilər. Buna yol vermək olmaz”.
QHTxeber.az saytının rəhbəri Sənan Nəcəfov bildirdi ki, müasir dövrdə mediaya biznes kimi baxmaq lazımdır: “Bu baxımdan, Rauf Arifoğlu peşəkar bir menecer, bu sahənin əsl bilicisidir. Mən QHT-lərə Dövlət Dəstəyi Şurasının saytının rəhbəriyəm. Düşünürəm ki, biz tərəfdaş QHT-lərlə media nümayəndələrinin birgə müzakirələrini təşkil edə bilərik”.
Şair-jurnalist Əkbər Qoşalı qəzetlərin yaşamasının gərəkdiyini, bunun üçün hamının əlindən gələni etməyə hazır olduğunu vurğuladı.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirdi ki, kimlərsə yazılı medianın məhvinə çalışır: “Bunun qarşısı alınmalı və qəzetlərin problemləri ölkə rəhbərliyinin diqqətinə çatdırılmalıdır. Yazılı qəzetlər müharibə zamanı ən vacib informasiya vasitəsidir. Biz mütləq müharibə edəcəyik, buna görə də qəzetlər yaşamalıdır. ”Yeni Müsavat"ın keçdiyi yol gözlərimizin önündə olub. Çox çətinliklərdən keçmiş mərkəzçi bir qəzetdir. Onun yaşaması üçün dəstəyimizi əsirgəməyəcəyik".

“Yeniçağ” Media Qrupunun nümayəndəsi Araz Zeynalov hesab edir ki, R.Arifoğlu elə bir menecerdir ki, “Yeni Müsavat”ı bütün çətinliklərdən çıxarmağı bacarır: “İnanırıq ki, bu çətinliklərdən də çıxacaqsınız. Bu sahədə bizdən nə dəstək lazım olarsa, hazırıq”.
Sonda R.Arifoğlu bir daha iştirakçılara tədbirə qatıldıqlarına görə təşəkkürünü bildirdi: “Burada çıxış edib abunə yazılıb gedən bütün dostlara təşəkkür edirəm. Bu, bizim üçün deyil, bütövlükdə yazılı media üçün təşkil olunmuş bir tədbirdir. Biz Azərbaycanda yazılı mediaya olan baxış açısına yenidən qayıtmaq istədik. Bu gün KİVDF məsrəfləri və Prezidentin çap mediasına verdiyi dəstəyi optimallaşdırır. Azərbaycana rəngli, ticari görünüşü cəlbedici olan bir neçə qəzet lazımdır. İndi bu proses başladılıb. Bizim bu prosesdən uğurla çıxacağımıza əminəm. Burada çox dəyərli fikirlər, təkliflər səsləndirildi. Bir çox təkliflərin icrasına dərhal başlamaq niyyətindəyik, inşallah ki, həmişə olduğu kimi uğur bizimlə olacaq”.







































Dünya SAKİT,
Fotolar Elçin Əkbərindir,
“Yeni Müsavat”






