İnsanlara hürriyət, millətlərə istiqlal!

Bütün yollar sülh sazişinə aparır - Türkiyə və Ermənistan liderlərinin telefon danışıqlarının arxa planı

688 20.06.2024 13:16 Siyasət A A

Ötən gün Türkiyə Prezident Aparatının, həm də Ermənistan Baş Nazirliyinin Mətbuat Xidmətləri məlumat yayıb Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanla Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon danışığının olmasını açıqladılar.

Söhbət zamanı hər iki ölkənin lideri Türkiyə və Ermənistan arasındakı münasibətləri ön şərtlər irəli sürmədən normallaşdırılması üçün siyasi iradə nümayiş etdirməyin vacibliyini vurğulayıblar.

“İki ölkənin xüsusi nümayəndələri arasında danışıqların davam etdirilməsinin vacibliyinə diqqət çəkən Ərdoğan və Paşinyan indiyədək razılaşdırılan məsələləri təsdiqləyiblər. Liderlər həmçinin Türkiyə və Ermənistanın yüksək rütbəli rəsmiləri arasında davam edən dialoqu məmnuniyyətlə qarşılayıb, həmçinin regiondakı son hadisələri və beynəlxalq gündəmi müzakirə ediblər”, - məlumatda bildirilirdi.

Bu məlumatın Azərbaycan ictimai rəyində ciddi müzakirələrə yol açıb. Məsələ burasındadır ki, bir müddət əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanla sülh müqaviləsi imzalanmasını çox mühüm bir şərtə bağlamışdı. Ölkə başçısı TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə demişdi ki, “Ermənistanın hazırkı konstitusiyası dəyişməz qaldığı halda Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanması, sadəcə, mümkün deyil”.

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında deyib ki, yayılmış məlumatdan doğan müzakirələrdə iki qardaş ölkə arasında fikir ayrılıqlarının olması vurğulansa da, reallıqda vəziyyət başqadır:

oğuz-1.jpg (255 KB)

“Fikrimcə, bu yanlış qənaətlər həm İlham Əliyevin, həm də Rəcəb Tayib Ərdoğanın fikirlərini düzgün oxumamaqdan qaynaqlanır. Məsələ burasındadır ki, İlham Əliyev də, Rəcəb Tayib Ərdoğan da iki fərqli məsələdən danışırdılar. İlham Əliyev İrəvanla sülh müqaviləsi bağlamaqdan, Rəcəb Tayib Ərdoğan isə münasibətlərin normallaşmasından bəhs edir. Münasibətlərin normallaşması hələ sülh müqaviləsi bağlamaq demək deyil”.

Heydər Oğuz xatırlatdı ki, Azərbaycan rəsmiləri də dəfələrlə erməni həmkarları ilə görüşüb və münasibətlərin normallaşdırılması istiqamətində olduqca mühüm addımlar atıblar. Məsələn, sərhədlərin delimitasiya və demarkasiyası prosesi artıq başlayıb, bir sıra kəndlər ermənilərin özü tərəfindən boşaldılıb və Azərbaycana təhvil verilib. Növbəti mərhələdə digər sərhəd bölgələrində də eyni proseslərin davam etməsi gözlənilir. Azərbaycanın COP 29 kimi beynəlxalq tədbirə ev sahibliyi etməsinə İrəvan rəsmən razılıq verib. Hətta Bakıda keçiriləcək konfransda Ermənistan rəsmilərinin qatılacağı gözlənilir. Bütün bunlar, təbii ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesidir və dayanmadan davam edir”.

Ölkə başçısının şərt kimi irəli sürdüyü fikirlərin sırf sülh müqaviləsi ilə bağlı olduğunu düşünən siyasi şərhçinin iddiasına görə, bu mülahizənin ciddi əsasları var:

“Ən ciddi əsaslardan biri Konstitusiyasında sənə qarşı ərazi iddiası irəli sürən bir dövlətlə sülh sazişi bağlamaq onun iddiaları ilə razılaşmaq mənasına gəlir. Digər tərəfdən, Konstitusiya qanunlar iyerarxiyasında ən yüksəkdə dayanan sənəddir. İstənilən dövlətlə bağlanan müqavilələr bu sənədə uyğun olmalıdır. Uyğun olmasa, həmin dövlətin Konstitusiya Məhkəməsi bağlanan müqaviləni ləğv edə bilər. Necə ki, 2009-cu ildə Türkiyə ilə Ermənistan arasında imzalanan Sürix protokolu məhz bu aqibətlə üzləşdi. Uzun illərlə davam edən müzakirələrdən sonra Ermənistan Konstitusiya Məhkəməsi protokolların Ana Qanuna uyğun olmadığına qərar verdi. 2018-ci il martın 1-də Ermənistan prezidenti Serj Sarkisyan onların denonsasiyası haqqında fərman imzaladı. Bununla da 10 il davam edən normallaşma prosesinə də son qoyuldu. Odur ki, Azərbaycan prezidentinin Ermənistan Konstitusiyasında beynəlxalq hüquq normalarına uyğun dəyişikliklər olmadan onunla sülh müqaviləsi bağlamayacağını bildirməkdə tamamilə haqlıdır və Türkiyə prezidentinin ön şərtlər olmadan normallaşdırma prosesinə başlamaqla bağlı fikirləri isə bu prinsiplə ziddiyyət təşkil etmir. Üstəlik, Ermənistan Konstitusiyasının dəyişdirilməsi təkcə bizi maraqlandırmır. Həmin sənəddə bizdən daha çox Türkiyə ərazilərinə iddialar var və İrəvan o iddialardan əl çəkmədikcə, bu iki dövlət arasında münasibətlər tam normallaşmayacaq”.

Heydər Oğuzun fikrincə, ermənilər nə qədər ön şərtsiz münasibətlərin normallaşdırılmasını tələb etsələr də əslində Azərbaycan və Türkiyənin irəli sürdüyü əksər tələbləri artıq həyata keçiriblər:

“Prezident İlham Əliyev də əslində TÜRKPA nümayəndə heyəti ilə görüşündə məhz bunu ifadə edib. Deyib ki, son il yarım ərzində İrəvanla bir çox məsələlərdə razılığa gələ bilmişik. Bununla belə, tam arzuolunan razılaşmalara gəlmək üçün zamana ehtiyac var. Dərd burasındadır ki, istər bizim, istərsə də Ermənstanın bəzi media orqanları prezidentin çıxışından ancaq müəyyən cümlələri sanki cımbızla çəkib götürür, bir qaşıq suda fırtına qoparmağa çalışır. Halbuki, onun çıxışının tamamına nəzər salınmalı, fikirləri ümumi kontekstdə analiz olunmalıdır. Prezident həmin çıxışında ermənilərlə bizim aramızda həllolunmamış məsələlərdən biri kimi Konstitusiya dəyişikliyi qaldığını bildirir və onun vacibliyinə diqqət çəkərək deyir ki, həmin dəyişikliklər olmadan sülh sazişi imzalamaq mümkün deyil”.

Ön şərtlərsiz normallaşma prosesi ideyasının yeni olmadığına diqqət çəkən siyasi şərhçi bu tələbin hələ 2000-ci illərdə erməni lobbiləri tərəfindən dilə gətirildiyini vurğuladı:

“İlk dəfə Daşnaksütyun tərəfindən irəli sürülən və erməni lobbisinin təzyiqləri ilə ABŞ tərəfindən ciddi şəkildə dəstəklənən bu tələb 2007-ci ildə Ermənistanın Milli Təhlükəsizlik Strategiyasına salındı. Başdan ayağa absurd məntiqə söykənən bu sənəddə deyilirdi: “Ermənistanla Türkiyə arasında normal diplomatik münasibətlərin qurulmasına Türkiyə tərəfinin ilkin şərtləri mane olur. Ermənistan uzun müddətdir ki, heç bir ilkin şərt olmadan diplomatik münasibətlərin qurulmasının tərəfdarıdır və Ermənistanla Türkiyə arasında maneələri aradan qaldırmaq və ikitərəfli münasibətləri inkişaf etdirmək üçün səylərini davam etdirəcək. Ermənistan başda Türkiyə olmaqla beynəlxalq aləm tərəfindən Erməni soyqırımının tanınmasını və pislənməsini arzulayır və bunu həm tarixi ədalətin bərpası, həm də regionda ümumi vəziyyəti yaxşılaşdırmaq və gələcəkdə oxşar cinayətlərin qarşısını almaq üçün bir yol kimi görür”.

Mətnə diqqətlə nəzər yetirsəniz, görərsiniz ki, ermənilər Türkiyədən ön şərtlər olmadan münasibətləri normallaşdırmağı tələb edir. Amma özləri ön şərt qoyurlar:

“Erməni soyqırımını tanısın”. Bütün bu absurdluğuna baxmayaraq, ABŞ və Avropa dövlətləri həmin vaxt Türkiyəyə ağır təzyiqlər göstərir və onu ermənilərlə danışıqlar aparmağa məcbur edirdilər. Ankara isə sənəddəki bu ziddiyyətli məqamları erməni havadarlarının qarşısına qoyduqdan sonra İrəvan geri çəkilməyə məcbur oldu. Dövrün Ermənistan prezidenti Serj Sarkisyan 2 sentyabr 2009-cu il tarixində BBC-yə verdiyi açıqlamada “soyqırımın tanınmasını diplomatik münasibətlərin qurulması üçün ilkin şərt kimi görmədiklərini” bəyan etməli oldu. Bu, ermənilərin türk diplomatiyası qarşısında ilk məğlubiyyəti idi. Daha sonra Sarkisyan 2018-ci ildə Sürix protokollarından çəkildiyini rəsmən bəyan etdikdən sonra erməni himayədarları tərəfindən devrildi. Yerinə Nikol Paşinyan gətirildi. Nikol Paşinyanın bu mövzuda ilk bəyanatı da “ön şərtsizlik”lə bağlı idi.

O, 11 dekabr 2018-ci il tarixində Anadolu Agentliyinə müsahibəsində Türkiyə ilə münasibətlərdə əngələ çevrilən əsas məsələnin Qarabağ problemi olduğunu vurğulayaraq, Ankaranı ön şərtlərsiz dialoqa dəvət etmişdi:

“Mən bunu əvvəllər də dəfələrlə demişəm, yenə deyirəm; biz ilkin şərtlər olmadan Türkiyə ilə birbaşa əlaqələr qurmağa hazırıq".

Məlumdur ki, 2020-ci ildə 44 günlük müharibədə Paşinyanın etiraf etdiyi ən böyük əngəl də ortadan qalxdı. Nəticədə hökumət 2021-ci ildə istefaya gedib növbədənkənar seçki keçirdi. Yenə hakimiyyəti Paşinyan qazandı. Həmin ilin 20 iyununda qurulan yeni hökumətin 2 aydan sonra hazırladığı dövlət proqramının xarici siyasət bölümündə də Türkiyə ilə münasibətlərin nörmallaşması prinsipi yer alırdı. Təbii ki, yenə “ön şərtlərsiz” şərtilə. “Ermənistan regionun sabitliyi, təhlükəsizliyi və iqtisadi inkişafı naminə hər zaman Türkiyə ilə ilkin şərt olmadan münasibətləri bərpa etməyə hazır olub. Ermənistan bu gün Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün səy göstərməyə hazırdır”, - dövlət proqramında bildirilirdi. Paşinyan o vaxtdan indiyədək verdiyi bütün bəyanatlarında eyni sözləri təkrarlayır. Hər təkrarından sonra isə Azərbaycan və Türkiyənin irəli sürdüyü ön şərtlərdən biri həyata keçirilir. İş o yerə çatıb ki, artıq Konstirusiya dəyişikliyindən başqa şərtimiz qalmayıb. Onu da Paşinyan həyata keçirmək iqtidarında deyil. Çünki Konstitusiya yalnız referendumla dəyişdirilə bilər. Beyni 100 il ərzində millətçi şüarlarla korlanmış erməni toplumu isə referendumda bu dəyişikliyə səs verməz. Qısası, Paşinyan artıq dalana dirənib və məncə, Ərdoğan da bunu bildiyindən onunla ön şərtlər olmadan münasibətləri normallaşdırmaq mövzusunda razılaşıb. Yəqin ki, Azərbaycan liderinin də razılığı ilə. Bəlkə də İlham Əliyevin Ankaraya səfəri də məhz bununla bağlı idi”.

Həmsöhbətimiz ermənilərin qəbuledilməz saydıqları ön şərtlərə də aydınlıq gətirdi: “Daşnaksütyun partiyasına bağlı Erməni İnqilabı Federasiyasının 28 Dekabr 2021-ci il tarixində (yəni 44 günlük müharibədən bir ay sonra) hazırladığı “ Ermənistan-Türkiyə münasibətləri və Artsax [Qarabağ] probleminin həlli haqqında Bəyannaməsi”ndə “qəbuledilməz ilkin şərtlər” belə sıralanır:

1) Ermənistan “erməni soyqırımı”nı beynəlxalq səviyyədə tanıtmaq səylərindən əl çəkməməli;
2) Dağlıq Qarabağ Azərbaycanın suverenliyinə buraxılmamalı;
3) Zəngəzur dəhlizi açılmamalı;
4) Hazırkı faktiki Ermənistan-Türkiyə sərhədinin hüquqi demarkasiyası”.
Allah eşqinə, bu “qəbulolunmaz ilkin şərtlər”dən hansı qalıb və ya ciddi əhəmiyyət kəsb edir?”.

Azərbaycanın Ermənistan qarşısında irəli sürdüyü şərtlərə gəlincə, Heydər Oğuz xatırlatdı ki, rəsmi Bakı sülh üçün İrəvan qarşısına qoyduğu 5 baza prinsipi bunlar idi:

“1. Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;
2. Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
3. Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
4. Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
5. Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması”.

Bu prinsiplərin də böyük ölçüdə həyata keçirildiyini vurğulayan Heydər Oğuzun fikrincə, Ərdoğanla Paşinyan arasında əldə olunan “ön şərtlərsiz normallaşma prosesi” razılaşması əslində erməni ictimai şüuruna hesablanmış təlqinlərdən başqa bir şey deyil:

“Məqsəd onu keçiş üsyanından və Daşnaksütyun hücumlarından qorumaq, Türkiyə və Azərbaycanla ön şərtlərsiz danışıqlar aparan qəhrəman erməni obrazı yaratmaqdır. Diplomatiyada belə gedişlər mütləq olmalıdır. Sülh sazişi imzalamağa hazırlaşan hər iki tərəf özünü qazanan subyekt kimi görməlidir və ya göstərməlidir. Əks halda liderlərin əldə etdikləri sülh sazişləri xalqlar tərəfindən qəbul olunmaz, inqilablar baş verər və yenidən müharibələr başlayar. Diplomatiyada bu metoda “qazan-qazan” prinsipi də deyirlər. Şəxsən, mənə elə gəlir ki, hər şey COP29-dan əvvəl sülh sazişi bağlamağa hesablanıb. Hansı ki, prezident İlham Əliyev də çıxışlarının birində bu ehtimaldan bəhs etmişdi”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR