İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bütün quruluşlar insanların azad və xoşbəxt yaşamasına şərait yaratmalıdır” - Belçika kralı Filipp

800 21.04.2015 18:27 Dünya A A

Avropa Şurası Parlament Assambleyasının ikinci iş günündə komitələrdə hazırlanan bir neçə hesabat təqdim olunub. 

Qurumun Hüquq məsələləri və insan haqları, Mədəniyyət, Elm, Təhsil, Media komitələrinin təmsilçiləri ötən sessiyada hazırlanması qərara alınan sənədləri təqdim ediblər.

Daha sonra Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi qəbul edən Belçikanın kralı Filipp çıxış edib. Salona xanımı və əyanları ilə bərabər daxil olan kralı AŞPA deputatları alqışlarla qarşılayıblar. 

AŞPA sədri Ann Brasör sözü kral Filippə verməzdən öncə qısa çıxış edib. Xanım Brasör bildirib ki, Belçika Avropa Şurasına daxil olan 74 ölkə içərisində insan haqları və azadlıqlarının ən çox qorunduğu ölkələrdəndir: “Əlahəzrət kral Filip... Sizin təmsil etdiyiniz Belçika hər zaman insan haqlarının qorunması və Avropa İnsan Haqları Konvensiyasının müddəalarına ciddi əməl etməsi ilə seçilib. Bu, bizi sevindirir. İnanırıq ki, ölkəniz bu dəyərlərə sadiq qalacaq”.

Kral Filipp çağdaş dünyada insan haqlarının önəmindən danışıb: “Avropa məkanında sabitliyin və rifahın əsas təminatçısı insan haqlarına əməl edilməsidir. Avropa İnsan Haqları Konvensiyası Avropa Şurasına üzv ölkələrin idarə olunmasında əsas prinsip olmalıdır. Biz bu hüquqların daha az qorunduğu ölkələrdə insan hüquq və azadlıqlarının təmin edilməsi üçün birgə səylərimizi əsirgəməməliyik. Biz bir çox sahələrdə böyük uğurlar qazanmışıq. Elm, təhsil, səhiyyə Avropa məkanında sürətlə inkişaf edir. Ancaq bu durum bəzən insan amilini arxa plana keçirir. İnsanlar getdikcə biganələşir. Yardımsevərlik və paylaşmaq kimi dəyərlər daha az qorunur. Fikrimcə, bu məsələ bizi düşündürməlidir”.

Kral Filipp insan ləyaqətinin qorunmasını bütün çətinliklərin açarı adlandırıb: “Cəmiyyətlər insanlıq tarixinin hər dönəmində müəyyən çətinliklər yaşayıb. Bu gün də inkişaf edən cəmiyyətlərin problemləri var. Əsas odur ki, problemlərin nizamlanması zamanı ədalət prinsipi qorunsun və insan ləlqayəti tapdanmasın. Bütün quruluşlar və idarəçilik formaları insanların sərbəst, azad və təhlükəsiz yaşamasına şərait yaratmalıdır”.

Çıxışını bitirən kral Filipp AŞPA deputatlarının alqışlarının müşayiəti ilə sessiya salonunu tərk edib.

Aygün Muradxanlı, 
Starsburq

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR