İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bütün həyatım boyu dünya ilə dalaşıram"- 80 yaşını tamamlayan Elxan Süleymanovla yubiley söhbəti

2051 21.06.2021 10:50 Müsahibə A A

Elxan Süleymanov: “Mübarizələrdə bərkimişəm və bu günə gəlib çatmışam”

 "Fransada yenicə nazir vəzifəsinə təyin edilmiş dostumla görüşdük. O, mənə yeni vizitkasını təqdim etdi. Vizitkanın arxasında yazılmışdı: “Keçmiş nazir”. Niyə belə yazdığını soruşduqda isə, dedi: “Elxan, kreslo gəldi-gedərdi. Dostluq isə əbədidir. Mən bilmirəm, neçə ay, nə qədər nazir olacağam”

 

Onunla ilk dəfə “yubiley müsahibəsi”ni 75 yaşı tamam olanda reallaşdırmaq istəmişdim. Ancaq bütün cəhdlərimə baxmayaraq, razı olmamışdı. “Özüm haqda, xüsusən də şəxsi həyatım barədə danışmağı sevmirəm” demişdi.

Əslində, nəinki özü haqda, heç Assosiasiya prezidenti kimi də, deputat olduğu illərdə də geniş müsahibələr verməsinə rast gəlməmişik. Xeyriyyəçilik fəaliyyəti ilə yanaşı, ictimai-siyasi həyatda gördüyü işlər barədə də açıqlamalar verməyi sevməyib, kiçik açıqlamaları xaric, çox danışmağı xoşlamayıb...

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti Elxan Süleymanovun 21 iyunda 80 yaşı tamam olur.

Onunla dost münasibətlərimizdən istifadə, hətta “sui-istifadə” edib, bir neçə dəfə zəngdən sonra 80 illik həyatı, yaradıcılığı və fəaliyyəti barədə danışmağa razı sala bildim.

Beləliklə, Elxan Süleymanovla yubiley söhbətimizi təqdim edirik:

-Elxan müəllim, iyunun 21-də Sizin 80 yaşınız tamam olur. Özünüzü necə hiss edirsiniz? Əhvalınız, sağlamlıq durumunuz necədir?

- Təşəkkür edirəm. Doğrusu, mən “80 yaş” eşidəndə olduqca təəccüblənirəm və heyrətlənirəm. Ağsaqqal deyiləndə isə dərin düşüncələrə dalıram. Soruşa bilərsəniz nə üçün? Belə desək, 70-80-ci illərə qədər ağsaqqal sözü müdrik simalı, saç-saqqalı ağarmış, taqətsiz, çəlikli qocalara deyilərdi. Kəndə, elə-obaya çıxanda hamı ona baş əyər, onu çox müdrik bir insan kimi qəbul edərdi. Buna görə də mənə ağsaqqal deyiləndə diksinirəm. Deyirəm, doğrudanmı mən müdrikəm?! Doğrudanmı mən qocalmışam? Buna görə də mənə “80 yaşın...” deyəndə və ağsaqqal deyə  müraciət olunanda heyrətlənirəm.

“1961-ci ildə idmana başladığım dövrdən – 20 yaşımdan indiyədək hər səhər saat 5-də yuxudan durub saat 9 və ya 10-a qədər idman edirəm”

 Bu gün də gəncliyimdəki fəal həyat tərzimi davam etdirirəm – həm aktiv idmanla, həm də iş fəaliyyətimlə məşğulam. 1961-ci ildə idmana başladığım dövrdən – 20 yaşımdan indiyədək hər səhər saat 5-də yuxudan durub, saat 9 və ya 10-a qədər idman edirəm. 5-7 kilometrdən çox qaçıram, müxtəlif idman növləri və hərəkətləri ilə məşğul oluram. Heç vaxt yorulmuram. Heç vaxt günortalar yatmıram. Məni tanıyanlar, yaxınlarım, əzizlərim hamısı buna şahiddir. Mənimlə birgə işləyən gənclər yorulur, özüm isə işlədikcə yorulmuram. Ona görə də bu gün 80 yaşımın qeyd olunması mənə o qədər təəccüblü göründü ki, kalkulyator götürüb hesablamağa başladım, görüm bu 80 yaş nədir? Məlum oldu ki, 80 ildə 960 ay, 28.800 gün yaşamışam. Fantastik, gözəl bir rəqəmdir. Allahıma şükür edirəm. Ancaq siz mənə 80 yaşlı bir qoca kimi müraciət edib, müsahibə götürürsünüzsə, mən bunu qəbul etmirəm. Böyük xalq şairimiz Musa Yaqubla 1953-cü ildən tələbə yoldaşlığından başlayan dostluğumuz bu il mayın 7-nə kimi – o, dünyasını dəyişənə qədər davam etdi. Musa Yaqub özünün 80 illik yubileyində “Bu, mənim ömrümdür” şeirini mənə təqdim etmişdi:

Bir yorğun torpağam dincə qoyulmuş,

Daha əkilməyim, biçilməyim yox.

Köhnə qarağacam içi yonulmuş

Bir də körpülənib keçilməyim yox.

Bütün körpüləri keçmişəm daha

Səbr kasamı da içmişəm daha.

O vaxt mənim 75 yaşım vardı. Musa Yaqubun 80 yaşını qeyd  edirdik. Bu şeiri çox bəyəndim. Bu, şairin çox sevdiyim şeirlərindən  biridir. Lakin Musaya dedim: “Əziz dostum, bizi cəmi beş yaş ayırır, ancaq mən heç vaxt razılaşa bilmərəm ki, “nə əkilməyim olmasın, nə də biçilməyim... İçi oyulmuş olam, bir də körpülənməyəm...” Mən lazımsız, gərəksiz bir adam ola bilmərəm. O fikrə daldı, dedi: “Elxan, onun üçün böyük iradə və güc lazımdır. Sən bunu edə bilərsən”. Bax, mən 80 yaşa belə qiymət verirəm. Əlbəttə, ölüm haqdır, Allahın əmridir, ancaq sənə verilən illəri  faydalı yaşamalısan.

 - Həyatsevər insansınız, həyat sevgisinin qaynağı sizin üçün nədir? Həyat sevgisini necə tərif edərdiniz?

- Həyat sevgisinə münasibətimi böyük şairimiz Bəxtiyar Vahabzadənin sözləri ilə çox qısaca bildirmək istərdim:

 Səndən doymaq olarmı?

Həyat, sən nə şirinsən?!

Ancaq hamının deyil,

Sən həyatın qədrini

Yalnız bilənlərinsən!...

Cürbəcür yazılar var, ömrün varaqlarında,

Həyatımın qayğısız, fərəhli çağlarında,

Qədrini bilməmişəm.

"Hələ nə varki... Ömrüm qabaqdadır" demişəm

Otuzdan adlayınca gündə otuz min kərə,

Başımı yelləyirəm hədər keçən illərə.

Mən həyatın qədrini bilməyə çalışıram. Beş yaşımdan işləyirəm. Hələ həyatımın mənasız, boş-bekar keçən saatını görməmişəm, olmayıb. Həmişə mənalı həyat yaşamaq uğrunda vuruşmuşam. Mənim həyata sevgim sonsuzdur, həyatı sevirəm. Ona görə də çalışıram ki, qocalmayım. Mənim həyat devizim belədir: “Mən öləcəyəm, lakin heç vaxt qocalmayacağam”. Həyata sevgim budur. Əgər sən həyatı xəstəhal yaşayırsansa, sağlam deyilsənsə, həyata sevgin ola bilməz. Bütün bunları məhz həyatı duya-duya yaşamaq üçün edirəm.

- Elxan müəllim, uşaqlıq illəri, gənclik illəri, ümumiyyətlə, həyatınız barədə nə deyə bilərsiniz?

- Ömür bir karvandır, gəlir keçir. Mən də artıq ömrümün 80-ci ilidir ki, bu karvanda gedirəm. Amma uşaqlıq illərimi xatırlayanda... Həmin illər çox tufanlı, dəhşətli olub. Böyük Füzuli deyir: “Mənim dərdimi dəvənin belinə yükləsələr, dəvə incələr, iynənin gözündən keçər”. Mən isə deyirəm: “Mənim dərdimi, mənim yükümü, uşaqlıq və gənclik illərində keçdiyim əzablı yolları dəvənin belinə yükləsəydilər, dəvə yox olardı”. Mən belə bir uşaqlıq, gənclik illəri keçirmişəm. Çox kiçik bir misal. 13 yaşıma qədər məktəbə həmişə ayaqyalın getmişəm. Noyabr ayında mənə bir qaloş alardılar. Mənim üçün ən böyük təntənə 28 aprel – 1 may bayramı idi. Bu nədən belə idi? Ona görə ki, mənə bayram münasibətilə bir cüt ayaqqabı alardılar. Gənclik illərimdə isə qış aylarında instituta tək pencəklə gedirdim. Tələbə dostlarım yaşca və boyca kiçik olduğuma görə məni çox sevirdilər. Gözəl müəllimlərim var idi, professor Rza Təhmasib, xalq artistləri Muxlis Cənizadə, Məlik Dadaşov, Azərbaycanın məşhur aktyorları, xalq artistləri, rejissorları mənə dərs deyirdi. Axşam şöbəsində oxuyurduq. Bir gün məşhur aktyor, sevimli müəllimim Məlik Dadaşov mənə dedi: “Elxan, gecə saat 11-də dərsdən çıxıb bu köynəklə evə necə gedirsən?” Mən isə lovğalanıb “mən idmançıyam” demişdim. Əslində isə belə deyildi. Mənim paltarım yox idi...  

Şairlərdən birinin belə bir şeiri var. Mən o şeiri çox sevirəm:

Məndən soruşsalar ki,

kimi çox istəyirsən?

Mən deyərəm qadını.

Çünki qadın mənim anam,

bacım, həyat yoldaşım, öz kiçik qızımdır.

Qadınlara böyük hörmət və ehtiramım var! 60 illik direktorluq, rəhbərlik  dövrümdə yüzlərlə gənc qız, xanım, qadın işləyib mənimlə. Onların da hamısı mənə böyük hörmət və ehtiram göstərib. Ancaq təsəvvür edirsinizmi, mən ana məhəbbətinin nə olduğunu anlamıram, dərk etmirəm. Hiss etmirəm ki, ana məhəbbəti necə ola bilər. Sənə yaxşı xörək hazırlamaqmı? Sənin paltarlarını ütüləməkmi? Gələndə səni qucaqlamaqmı? Axı bununla ana məhəbbətini duymaq olmaz... Mən anamı görməmişəm, məni dünyaya gətirəndən az sonra vəfat edib. Ona görə də ana məhəbbətinin nə olduğunu bilmirəm...

Həyatımda ilk dəfə - 1985-ci ildə səhər saat 11 radələrində idmandan gəlib səhər yeməyi yeyəndən sonra təsadüfən yuxuya getmişəm. Yuxuda hönkürtü ilə, qışqıra-qışqıra ağlayırdım. Həyat yoldaşım “Elxan... Elxan...” deyib məni oyadanda həyəcanla gözümü açdım. Yuxuda anam mənim saçımı tumarlayırdı... 1985-ci ildən bu günə qədər hər gün arzu edirəm və ömrümün sonuna qədər arzu edəcəyəm ki, həmin yuxu bir də qayıtsın, amma qayıtmır. Beləcə uşaqlığım və indiki həyatım ana həsrəti ilə keçir... Bunlar mənim gənclik illərimin gerçəkləridir. Ancaq mən həmişə həyata inamlı baxmışam. Mübariz olmuşam. Mübarizələrdə bərkimişəm və bu günə gəlib çatmışam. Buna görə ulu tanrıya minnətdaram.  

-Sizə uzun ömür diləyirik. Bu ömürdə hansı izləriniz olub, nələri xatırlaya bilərsiniz?  

- Əlbəttə olub, ancaq mən bu barədə danışmaqdan çox ehtiyatlanıram. Bəziləri düşünər və deyər ki, Elxan müəllim bu müsahibəni özünü və işlərini bir daha təqdim etmək üçün verir. Ancaq siz sual verdiyiniz üçün bunlardan bəzilərini deyim. Əsli-kökü Türkiyənin Qaramanlılar sülaləsindən olan babam Hacı Rəhim Əfəndi təkcə Şirvanda deyil, bütün Azərbaycanda tanınmış din xadimi və maarifpərvər şəxsiyyət olub. 34 yaşında 3 məktəb və 3 məscid tikdirib. O məscidlərdən biri doğulduğum Göyçayın Qaraman kəndindədir, Azərbaycanın tarixi-mədəniyyət abidəsi kimi Mədəniyyət Nazirliyində qeydiyyatdadır. Sovet dövləti dinə olan hörmətsizliyi ilə o binanı darmadağın etmişdi. Babamın yadigarı olan həmin məscidi 1992-ci ildə tam bərpa etmişəm və bu gün də insanların Allaha dua etdiyi məbəd kimi fəaliyyət göstərir. Babamın xatirəsini əbədiləşdirmək üçün 1990-95-ci illərdə Göyçayda yüzlərlə tələbəyə Hacı Rəhim Əfəndi adına təqaüd vermişəm. Göyçayda böyük şair Əli Kərimə, görkəmli dövlət xadimi İsmət Qayıbova heykəl ucaltmışam. Kəndimizdə dəyirman tikdirmişəm. Doğma Qaraman kəndimdə babamın tikdirdiyi məktəblərdən birini 2018-ci ildə yenidən inşa  etdirib müasir avadanlıqla məktəblilərə təhvil vermişəm.

b99382577ba12bb5026953551e00a37e.jpg (171 KB)

Qaraman məktəbinin açılışı

Mənim qürurverici xatirələrimdən biri də Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət mükafatı laureatı, memar, akademik Mikayıl Hüseynovun və Sadıq Dadaşovun layihəsi əsasında 1934-cü ildə klassik üslubda tikilmiş tarixi memarlıq abidəsi olan Nizami Kinoteatrının əsaslı təmiri və yenidənqurması ilə bağlı gördüyüm işlərdir. 1984-89-cu illərdə mən Nizami kinoteatrının direktoru işləmişəm, həmin vaxta qədərki əlli il ərzində bu binada əsaslı heç bir təmir işi aparılmamışdı. Təvazökarlıqdan uzaq da olsa, bu nadir memarlıq binası mənim təşəbbüsüm və gərgin səylərim nəticəsində və həmin dövrdə Kinematoqrafiya Komitəsinin Sədri işləyən, Azərbaycan mədəniyyəti, mətbuatı və kinosuna misilsiz xidmətlər göstərmiş görkəmli dövlət xadimi mərhum Azad Şərifovun milli təəssübkeşliklə mənə verdiyi dəstək və böyük zəhməti  sayəsində öz valehedici görkəminə qayıtmışdır. Mənim təşəbbüsümlə binanın fasadındakı yarıçılpaq idmançı fiqurları çıxarıldı və böyük şairimiz Nizami Gəncəvinin heykəli qoyuldu. Bina əslində yeni tələblərə uyğun rekonstruksiya edilmiş və müasir avadanlıqlarla təchiz olunmuşdu. Təsadüfi deyil ki, kinoteatrın əsaslı təmiri və yenidənqurması nəticəsində 1988-ci ildə Bakıda Azərbaycan kinosunun bayrağı olan Nizami Kinoteatrında Ümumittifaq Kino Festivalı keçirilmişdir. 

Bütün bunlar, düşünürəm ki, yaddaşlarda qalacaq izlərdir.

- Elxan müəllim, bildiyimiz kimi, fəaliyyətinizin böyük bir hissəsi Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası ilə bağlı olub. Bu barədə nə demək istərdiz?

- Bəli, buradakı fəaliyyətimlə qürur duyuram. Ölkəmizdə 2000-ci ildə məncə uğurlu fəaliyyəti olan bir təşkilat – Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasını (AVCİYA) təsis etmişəm. Respublikamızın ictimai həyatında, beynəlxalq əlaqələrimizdə böyük rol oynamış və oynayan bu Assosiasiyanın gördüyü çoxsaylı işlərdən bəzilərini sadalayım. 2007-ci ildə “Xocalı soyqırımı: milyon imza, bir tələb” adlı aksiya keçirdik. Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması tələbi ilə bir milyon Azərbaycan vətəndaşının imzası toplayıb 16 cildlik imzalar toplusu kitablarını xarici ölkələrin parlamentlərinə, kitabxanalara, universitetlərə, BMT, ATƏT, AŞPA, Beynəlxalq Cinayət Məhkəməsinə  təqdim elədik. “Böyük Liderin 90 anı”, “Bakı haqqında 20 etüd”, “Ermənistanın Azərbaycana təcavüzü və işğalın ağır nəticələri”, “Xocalı soyqırımı (sənədlər, faktlarda və xarici mətbuatda)”, “Xocalı yaddaşı”, “Sərsəng Harayı”, “Avropanın Çirkli Demokratiya Oyunu”, “Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi -  Göyçay döyüşləri”, “Göyçay döyüşləri Türkiyə tarixşünaslığında”, “Ermənistanın işğalçı siyasətinin ifşası”, “İşğalçının ifşası: görünən kəndə bələdçilik cəhdi”, “Şamaxı qırmızı terrorun hədəfində (XX əsrin 30-cu illər repressiyaları)” və digər bu kimi kitablarımız da maraqla qarşılanıb.

2012-2016-cı illərdə İtaliya, Belçika, Andorra, İspaniya, Finlandiya, Sloveniya və Polşa parlamentlərində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyən konfrans və dinləmələr keçirdik. 2016-cı ildə Ağ Evin “Biz Xalqıq” platformasında  “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” petisiyası ilə ABŞ Prezidenti Administrasiyasına müraciət etdik, bu petisiya Ağ Evə müraciət platforması tarixində ikinci ən məşhur petisiya olub.

Sərsənglə bağlı AŞPA-da “Azərbaycanın cəbhəyanı rayonlarının sakinləri qəsdən sudan məhrum edilir” adlı Qətnamənin (2016-ci il, 2085 saylı qətnamə) qəbuluna nail olduq. Bu sənəddə Azərbaycan ərazilərinin işğal faktı ilk dəfə rəsmən təsdiqləndi.

AVCİYA fəaliyyətini bu gün də davam etdirir. Tezliklə, bu ayın sonuna qədər, yeni nəşr – Qarabağın incisi Şuşaya həsr olunmuş “İlham Əliyev: “Əziz Şuşa, biz qayıtmışıq!” kitabı 4 dildə - Azərbaycan, türk, ingilis və rus dillərində işıq üzü görəcək.

 - Şamaxının millət vəkili olduğunuz dövrü necə xatırlayırsınız? Bu barədə nə deyə bilərsiniz?

- Doqquz il Şamaxının millət vəkili olmağımla fəxr və qürur duyuram. Ona görə ki, hər şeydən əvvəl şamaxılıların mənə verdiyi səslə, deputat mandatı ilə çox böyük tribuna qazanmışam. Buna görə onlara minnətdaram. Bu tribunadan beynəlxalq təşkilatlarda haqqımızın müdafiəsi üçün, ölkəmizə qarşı aparılan şər və böhtan kampaniyası ilə mübarizə üçün istifadə etmişəm, mühüm sənədlərin qəbuluna nail olmuşam.

Eyni zamanda, millət vəkili kimi seçicilərim qarşısında borcumu da yerinə yetirməyə çalışmışam. Bunlardan yalnız bəzilərini, yadıma düşənləri qeyd edim: Birinci Qarabağ müharibəsi qazisi Mərdanın oğlu Bəhlula Şamaxının Qaleybuğurd kəndində toy məclisi keçirmişəm, bu gənc ailə üçün bütün lazımi şəraiti olan ev tikib hədiyyə etmişəm. Evin təməlini də toyda iştirak edən Belçika-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvləri ilə birlikdə qoymuşuq. Doqquz il Mirzə Ələkbər Sabir yaradıcılığına həsr edilmiş Bədii Qiraət Müsabiqəsi keçirmişəm, yüzlərlə müsabiqə qalibinə və  yüksək balla ali məktəbə qəbul olmuş şamaxılı 64 tələbəyə təhsil aldıqları dövrdə hər ay fərdi təqaüd vermişəm. Seyid Əzim Şirvaninin qəbirüstü abidəsini yenidən qurmuşam, Şamaxının 12 kəndinə su çəkmişəm, Ərçiman və Məlcək  kəndlərində yeni, Avropa standartlı məktəb binası tikdirib müasir avadanlıqla şagirdlərin istifadəsinə vermişəm.

41878309_298179794109534_1982813012733460480_n-copy.jpg (222 KB)42044859_694643887567619_6144436748312117248_n-copy.jpg (242 KB)

Qədim Şamaxının tarixini, mədəniyyətini yaşatmaq, yeni nəslə çatdırmaq  üçün “Şamaxı ensiklopediyası” hazırlayıb dərc etdirmişəm və sairə və ilaxır.

- Bütün bu sadaladıqlarınızı əldə etməyə nə cür nail olmusunuz, sizə necə başa gəlib?

- Sağlamlıq, möhkəm iradə, zəhmət, mübarizə sayəsində, işimə, torpağıma, vətənimə sevgimlə  və eyni zamanda böyüklərin, dostlarımın, yaxınlarımın, əhatəmdə olan insanların, işlədiyim kollektivimin, peşəkar işçi heyətimin təcrübəsi və zəhməti ilə başa gəlib. Əldə etdiyim bu uğurlara görə 60 illik fəaliyyətimdə mənə kömək edən işçi heyətimin hər bir üzvünə dərin minnətdarlığımı bildirirəm.

- Bugünkü günə qədər gəlib çıxmağınızda, uğurlarınızda, həyatınızda ən çox kimə minnətdarsınız?

- Deyərdim ki, ilk növbədə məni böyüdən, bu günə çatdıran ana nənəmə, xalalarıma və ilk sinif müəllimim Çiçək müəlliməyə. Rastlaşdığım xeyirxah insanlara. 1959-60-cı illərdə ordu sıralarında olarkən hər iki ayağımda ciddi problem yaranmışdı. Göyçayın ucqar kəndində sinif müəllimi işləyirdim, xəstəlik ağırlaşmışdı, çəliklə gəzirdim. Belə vəziyyətdə Leninqradda müalicə üçün Azərbaycan Həmkarlar İttifaqı Maarif İşçilərinin Respublika Komitəsinin sədri xanım Orucovaya müraciət etdim. O, məni qəbul etdi, dinlədi və xəstəxanaya gedib-gəlmək xərclərimin hamısını Respublika komitəsinin hesabına həyata keçirdi. 1961-ci ildə, Yuri Qaqarin kosmosa uçan gün hər iki ayağım 5 saat əməliyyat olundu və mən 60 ildir həmin ayaqlarla hər səhər 5-7 kilometr qaçıram və bütün gün gecə saat ona qədər ayaq üstə fəaliyyət göstərirəm. Dövlət xadimi, xeyirxah xanım Orucovanın ruhu qarşısında minnətdarlığımı bildirirəm.

Eləcə də məni əməliyyat edən rusiyalı həkimlər – Leninqrad Elmi-Tədqiqat İnstitutunun akademiki mərhum Pyotr Georgeviç Kornevə, professor mərhum Dimitri Konstantinoviç Xoxlova, müalicə həkimim professor mərhum Zvantseva Viktoriya Aleksandrovnaya minnətdaram.

Daha kimə? 1966-cı ildə yaxın tanışımın təqdimatı ilə Respublika Yeyinti Sənayesi İşçilərinin Həmkarlar İttifaqının sədri mərhum Üzeyir Məmmədovun qəbulunda oldum. O məni dinlədi, dərhal tabeçiliyində olan, Azərbaycanın ən böyük mədəni-maarif müəssisələrindən biri olan Fioletov adına kluba direktor təyin etdi. Teatr İnstitutunun axşam şöbəsinin 3-cü kurs tələbəsi idim... Bu günə qədər bəlkə də bütün uğurlarımın, bütün nailiyyətlərimin hamısının lokomotivi 14 il fasiləsiz işlədiyim və təcrübə topladığım Fioletov klubu olub. Gənc yaşlarımda kimsəsiz bir gəncə - mənə işıqlı yol açdığı üçün mərhum Üzeyir müəllimin ruhu qarşısında minnətdarlığımı bildirirəm. Həmin klubda mən ölkəmizin görkəmli şəxsiyyətləri – Rəşid Behbudov, Şövkət Ələkbərova, Mirzə Babayev, Sara Qədimova, Tükəzban İsmayılova, Baba Salahov, Həbib Bayramov, Habil Əliyev, Böyükağa Məmmədov, Lütvi Məmmədbəyov, Rasim Balayev, Tofiq İsmayılov, Şahmar Ələkbərov, Həsən Əbluc, Tarıyel Qasımov, Vasif Adıgözəlov, Emin Sabitoğlu, Rəşid Nəsiboğlu, Oqtay Kazımov, Fikrət Sadıq, Fikrət Qoca, Musa Yaqub, Nüsrət Kəsəmənli və onlarla digər görkəmli mədəniyyət xadimi, Azərbaycanın məşhur sənət adamları, qaymaqları ilə əməkdaşlıq etmişəm. Gənc oğlan idim. Bu böyük şəxsiyyətlərlə ünsiyyət həyatımda müstəsna rol oynayıb, onlardan təkcə mədəni-maarif işini deyil, həm də həyatı öyrənmişəm. Burada işlədiyim dövrdə klubdakı dərnəklərdə, təşkil etdiyim konsertlərdə  bir çox gənc istedadlar püxtələşib görkəmli sənətkar oldu, sonradan onların bir çoxu Respublikanın xalq artisti adına qədər yüksəlib. Bunlardan xalq artistləri Alim Qasımovu, Səfa Mirzoyevi, Ramiz Əzizbəylini, Hüseynağa Atakişiyevi xüsusi qeyd etmək istərdim.

Ən nəhayət, xalqıma, vətənimə minnətdaram. Azərbaycanın tarixində, xalqımızın taleyində yeni şanlı dövr açmış Ulu öndərimiz Heydər Əliyevə, Prezidentim İlham Əliyevə minnətdaram ki, Azərbaycanda yaşamaq və işləmək üçün insanlara hər cür şərait yaratmışlar və bu gün də vətənimiz, dövlətimiz naminə fəaliyyətimi AVCİYA-da davam etdirirəm.

- Dostluq haqqında nə deyə bilərsiniz? Bildiyimiz qədər, çoxlu dostlarınız var.

- Bəli. Mən bununla bağlı Rəsul Həmzətovdan sitat gətirmək istərdim. O deyir: “Sizə desələr ki, Rəsul ölüb, inanmayın. Desələr ki, Rəsulu dəfn ediblər, inanmayın. Desələr ki, dostları Rəsuldan üz döndərib, bilin və inanın ki, Rəsul ölüb, Rəsulu dəfn ediblər”. Bu kəlam dostluq barədə devizimdir. Dost sözü cəmi dörd hərfdən ibarətdir, ancaq mənası dərindir. Mənim öz ölkəmdə və dünyanın çox yerində, Amerikada, Avropada, Asiyada, Rusiyada, Türkiyədə saysız-hesabsız dostlarım var. Onların çoxunun dilini bilmirəm. Ancaq dost kəlməsinin tərcüməyə ehtiyacı yoxdur. Mən bunun şahidiyəm. Dostluq böyük qüvvədir, qüdrətdir. Şübhəsiz ki, Elxanın bugünkü nailiyyətində dostlarının böyük rolu olub. O dostların hamısına minnətdaram. Söhbət səmimi, təmənnasız dostluqdan gedir. Avropada məni təəccübləndirən nə oldu? Fransada yenicə nazir vəzifəsinə təyin edilmiş dostumla görüşdük. O, mənə yeni vizitkasını təqdim etdi. Vizitkanın arxasında yazılmışdı: “Keçmiş nazir”. Niyə belə yazdığını soruşduqda isə, dedi: “Elxan, kreslo gəldi-gedərdi. Dostluq isə əbədidir. Mən bilmirəm, neçə ay, nə qədər nazir olacağam”. Əlbəttə ki, əsl dostluq belə olmalıdır, heç bir marağa xidmət etməməlidir. Onu da deyim ki, Azərbaycanda əsl dostluq, dostluğa sədaqət nümunələri çoxdur.

- Xoşbəxtliyin açarı nədir?

- Xoşbəxtliyin açarı ilk növbədə sağlam candır, sağlamlıqdır. Sağlam canda sağlam ruh ola bilər. Çox təəssüf ki, Azərbaycan gəncləri, ailələri, təhsil işçiləri, həkimləri bu barədə fəryad qaldırmırlar. Mən internet və ya müasirlik əleyhinə deyiləm. Əksinə, müasirliyi çox sevirəm. Amma bu, tərəqqi deyil. Bu gün cəmiyyətdə telefon bəlası hökm sürür. Gənclərimiz, insanlarımız vaxtlarını sağlamlığa, elmə-biliyə deyil, telefona, internetə sərf edirlər, bununla özlərini fəlakətə düçar edirlər. Xoşbəxtliyin açarı birinci növbədə, sağlamlıqdır. İkincisi, möhkəm iradə, zəhmətkeşlik, düzgün mövqe, ədalətlilik, təmizlik və yaxşı bilikdir. Əgər insan bu keyfiyyətlərə malikdirsə, demək, xoşbəxtliyin açarı artıq onun öz əlindədir. Bu açarı heç kim sənin əlindən ala bilməz, çünki bu xoşbəxtlik sənin içində yaşayır.

- Özünüzü xoşbəxt sanırsınızmı?

- Mən sizin bundan əvvəl verdiyiniz sualdan  çox məmnunam. Amma indi verdiyiniz “özünüzü xoşbəxt sanırsınızmı?” sualınızdan qıcıqlanıram. Nə üçün? İzah edim. Beş yaşından ayaqyalın olan, bu boyda çətinlik, əziyyət, zillətlərdən keçib yaşayan, indi Prezidentin sərəncamı ilə sinəsini ordenlər bəzəyən, millət vəkili olmuş, Azərbaycanın ən qabaqcıl qeyri-hökumət təşkilatlarından birini idarə edən, 80 yaşında bütün ruhu gənclik eşqi ilə çırpınan bir insana siz deyirsiniz ki, xoşbəxtsinizmi? Əlbəttə xoşbəxtəm. Mənim gözəl övladlarım var, 10 nəvəm var. Mən həyətə girən kimi nəvələrim mənə bu nəğməni oxuyurlar:

Mən bir uşaq, sən bir ana,

Odur ki, bağlıyam sana,

Hanki səmtə, hanki yana,

Hey uçsam da, yuvam sənsən,

Elim, günüm, obam sənsən!

Bu taleyimlə mən necə xoşbəxt olmaya bilərəm? Günü-gündən güclənən, qüdrəti artan, çiçəklənən, tanınan, sayılan Azərbaycanımla necə xoşbəxt olmaya bilərəm?! Qarabağlı, Şuşalı Azərbaycanımda yaşamağımla mən necə xoşbəxt olmaya bilərəm?! Xalqımın işıqlı gələcəyinə güvənli yol açan Şuşa Bəyannaməli Azərbaycanımla necə xoşbəxt olmaya bilərəm?!

- Elxan müəllim, müsahibədən belə bir qənaətə gəldim ki, siz 80 yaşla barışmırsınız. Bəs qocalıq baş verərsə, ona münasibətiniz necə olar?

- Mən bu sualınıza sevimli xalq şairimiz Ramiz Rövşənin misraları ilə cavab verərdim:

Bu dünya bir qaynar qazanmış demə,

Söndürməz odunu nə qar nə yağış.

Dünya ilə dalaşmaq asanmış demək

Çətini dünyayla barışmaq imiş...

Müsahibəmdən də görünür ki, bütün həyatım boyu dünya ilə dalaşıram, hətta dünyaya 1941-ci il iyunun 21-də Böyük Vətən müharibəsi başlayan gündə gəlmişəm. Böyük şairimizin dediyi kimi, dünya ilə dalaşmaq asandır mənə. Ancaq məndə qocalıq başlayarsa, həqiqətən də çətin olacaq dünya ilə barışmağım. Burada isə aşağıdakı şeir mənə kömək edəcək:

Düşünmə ki, qocalmışam,

Hər yaranan qocalammaz.

Qocaldıqca ucalmışam

Hər qocalan ucalammaz.

- Elxan müəllim, Sizə bu maraqlı söhbət üçün dərin minnətdarlığımızı bildiririk, həmişə sağlam və uca olmağınızı arzulayırıq. Gələcəkdə də oxucularımızla öz xatirələrinizi, zəngin təcrübənizi bölüşməyi arzulayardıq. Təbrik edirəm sizi bir daha.

- Mən də Sizə təşəkkür edirəm. Qeyd edim ki, uşaqlıqdan bu günə qədər keçdiyim həyat yolum, rastlaşdığım insanlar, iştirakçısı olduğum hadisələr, apardığım mübarizələr, müşahidə və düşüncələrim, həyat qənaətim hazırda yazdığım və yaxınlarda dərc edəcəyim memuarlarımda ətraflı əks olunacaq. Bu kitabın oxucularımız üçün maraqlı olacağını düşünürəm və onunla bağlı ilk müsahibəni də Sizə edəcəyimə söz verirəm.

d97a5a27caebcb6e487eb7ce050db57f.jpg (209 KB)

Elşad MƏMMƏDLİ

“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR