“10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatdan sonra ABŞ-ın regionda baş verən proseslərə marağı güclənib. ABŞ-ın dövlət katibi Entoni Blinkenlə Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan arasında telefon danışığı zamanı da Ermənistanda keçirilən post seçki dövrü və regional perspektivlər müzakirə olunub”.
Politoloq İlyas Hüseynov bu fikirləri Musavat.com-a açıqlamasında bildirib. Amerika diplomatı ilə Ermənistanın baş naziri səlahiyyətlərini icra edən N.Paşinyanın telefon danışığına diqqət çəkən ekspert xatırladıb ki, rəsmi Vaşinqton diversantların qaytarılması və Ağdamın minalanmış ərazilərinin xəritələrinin təqdim olunması ilə sövdələşmədə aparıcı rolu oynamaqla, vasitəçilik imkanlarından maksimum dərəcədə istifadə etdi: “Bununla da ABŞ tərəflərin inam və etimadını qazandı. Eyni zamanda razılaşmadan əvvəl, 2021-ci ilin 8 iyun tarixində ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker Azərbaycana səfər etmişdi. Əldə edilən razılaşmada ABŞ Dövlət katibi, katibin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin göstərdiyi səylər yüksək qiymətləndirilmişdi. Məhz bu razılaşmadan sonra Rusiyanın müdaxiləsi baş verdi, Füzuli və Zəngilanın minalanmış ərazilərinin xəritələrinin təqdimatı baş tutdu”.
İ.Hüseynova görə, digər tərəfdən, sonuncu razılaşma göstərdi ki, Rusiya ABŞ-ın regionda gedən proseslərə müdaxiləsinin tərəfdarı deyil: “Narahatverici məqam bundan ibarətdir ki, ABŞ, Fransa və Rusiya səfirlərinin Şuşaya səfər etməkdən imtinalarından sonra amerikalı diplomat ATƏT-in Minsk Qrupunun fəaliyyətinin bərpa ediləcəyinə ümid bəslədiyini deyib. ABŞ-ın bu məsələdə belə fəallaşmasının kökündə həm Ermənistan uğrunda mübarizədə üstünlük qazanmaq, həm də regiona nüfuz etmək niyyətləri dayanır. Həmsədrlik institutunun fəallaşdırılması və nüfuzunun artırılması əbəsdir. Çünki ötən illər ərzində təsisatın nüfuzu sarsılıb və imicini itirib. Eyni zamanda qrupun əsas fəaliyyəti işğalçıya dəstək göstərməklə yanaşı, status-kvonun qorunmasına hesablanmışdı”.
Politoloq məsələ ilə bağlı şərhində maraqlı bir detala da toxundu: “Məsələnin önəmli cəhəti bundan ibarətdir ki, Nikol Paşinyanın növbədənkənar parlament seçkilərində qalib olmasından xeyli vaxt keçməsinə baxmayaraq, hələ nə inauqurasiya keçirilib, nə də hökumət formalaşdırılıb. Lakin diplomatik-siyasi müstəvidə istənilən hərəkətlilik olandan sonra atəşkəs rejimi pozulur və təxribatlar baş verir”. Bu mənada ekspert son günlər baş verənlərin təsadüfi olmadığını vurğuladı: “Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində qanunsuz erməni silahlı dəstələri tərəfindən iyulun 13-də Şuşa şəhəri ətrafındakı Azərbaycan Ordusunun mövqelərinin pulemyot və avtomatlardan atəşə tutulması və iyulun 14-də Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan atəşə məruz qoyulması da bu qəbildən olan təxribatlar sırasındadır. Bütün bunlar bölgədəki kövrək sülhü pozmaq məqsədi daşıyır”.
ELŞAD,
Musavat.com






