İnsanlara hürriyət, millətlərə istiqlal!

Budapeşt səfəri: Orban Əliyevdən indi nələri öyrənmək istəyir...

609 22.08.2023 12:52 Siyasət A A

Azərbaycanın Macarıstanla əlaqələri müttəfiqlik səviyyəsinə yüksəlir; ölkəmiz qaz nəqlini 1 milyard kubmetrə qədər artıracaq

Avqustun 20-də Azərbaycan  Prezidenti İlham Əliyev Macarıstanın baş naziri Viktor Orbanın dəvəti ilə Budapeştdə işgüzar səfərdə olub. Qeyd edək ki, Macarıstanın Milli Günü münasibətilə keçiriləcək mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər liderlər də iştirak edib.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 20-də Budapeştdə Macarıstanın Milli bayramı - Müqəddəs Stefan Günü münasibətilə verilən ziyafətdə iştirak ediblər.

Avqustun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Budapeştdə Macarıstanın baş naziri Viktor Orban ilə görüşü olub. AZƏRTAC xəbər verir ki, görüşdə Macarıstanın Baş naziri Viktor Orban ölkəsinə səfərə dəvəti qəbul etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Prezident İlham Əliyev Macarıstanın Milli Günü münasibətilə təbriklərini çatdırıb. Dövlətimizin başçısı bu ilin yanvarında Macarıstana səfərini və səfər zamanı aparılmış səmərəli və əhatəli müzakirələrin vacibliyini vurğulayıb, əldə edilmiş razılaşmaların uğurla həyata keçirilməsindən məmnunluğunu ifadə edib.

Prezident İlham Əliyev Macarıstanın baş nazirini Azərbaycana səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul olunub.

Görüş əsnasında Azərbaycan ilə Macarıstan arasında enerji, o cümlədən neft-qaz sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olunub, Azərbaycan qazının Macarıstan bazarına çatdırılmasının əhəmiyyəti vurğulanıb. Qida sənayesi sahəsində Macarıstanın Azərbaycana investisiya qoyuluşu, əczaçılıq sənayesi sahələrində əməkdaşlıqla bağlı əldə olunmuş müsbət dinamika qeyd edilib, Macarıstan aviadaşıyıcısı vasitəsilə Bakı-Budapeşt reyslərinin həyata keçirilməsinin önəminə toxunulub, ümumilikdə ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və quruculuq işlərində Macarıstan şirkətlərinin fəaliyyətə başlaması müsbət addım kimi qiymətləndirilib və bu istiqamətdə daha böyük imkanların olduğu vurğulanıb. Elm-təhsil sahəsində əməkdaşlıq qeyd edilib, xüsusilə Macarıstanda azərbaycanlı tələbələrə ali təhsil üzrə təqaüdlərin verilməsi təqdir olunub, gələcəkdə peşə təhsili sahəsində də əməkdaşlıq məsələləri xüsusi vurğulanıb. Danışıqlar zamanı energetika sahəsində əməkdaşlıq, Azərbaycan qazının Macarıstana nəqli, Azərbaycanın qida və əczaçılıq sənayesinə investisiyalar müzakirə olunub.

Macarıstan şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərinin bərpası layihələrində iştirakı, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın iştirakı ilə yaşıl enerji sahəsində regional layihələrin həyata keçirilməsi, habelə nəqliyyat daşımaları sahəsində əməkdaşlıq məsələlərinə ayrıca baxılıb.

Öz növbəsində Macarıstanın xarici işlər naziri Piter Siyarto yerli KİV-ə müsahibəsində bildirib ki, Bakı və Budapeşt Azərbaycandan Macarıstana qaz nəqlinin ildə 100 milyon kubmetrdən 1 milyard kubmetrə qədər artırılması barədə saziş imzalayacaqlar.

Söhbət zamanı həmçinin Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlığa dair Sazişin imzalanmasının və Qara dənizin dibi ilə elektrik xəttinin çəkilməsi layihəsinin həyata keçirilməsi istiqamətində səylərin davam etdirilməsinin önəmi qeyd olunub, Orta Dəhlizin əhəmiyyəti və yükdaşımaların artması vurğulanıb.

Görüşdə ölkələrimizin Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı qeyd edilib.

Qeyd edək ki, bu, Prezident İlham Əliyevin son 1 il ərzində sayca ikinci Macarıstan səfəridir. “Trend” səfərlə bağlı təhlilində yazır ki, ikitərəfli münasibətlər dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edir. Macarıstan ilə əlaqələrin hərtərəfli inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindəndir. Hər iki dövlət həqiqətən də dost və tərəfdaş ölkələrdir. Bunu təkcə ikitərəfli münasibətlərə aid proseslərin gedişatında yox, eyni zamanda beynəlxalq platformalarda da aydın sezmək mümkündür. Bu səbəbdən də Azərbaycan-Macarıstan münasibətləri artıq strateji tərəfdaşlıq kimi müəyyən edilib. Hələ 2023-cü il yanvarın 30-da  Prezident İlham Əliyevin Budapeştə səfəri çərçivəsində  iki ölkə arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə  imzalanıb.

“Yeni Müsavat” xatırladır ki, həmin görüşdə Orban İlham Əliyev haqda çox maraqlı çıxış etmişdi. “Mən Prezident İlham Əliyevdən beynəlxalq arenada daha da uğurlu olmağı öyrənməliyəm. Biz xarici siyasətdə bir-birimizi başa düşürük. Mən son on ildə Prezident Əliyevdən o qədər çox şey öyrənmişəm ki, olduqca mürəkkəb mühitdə ölkəyə necə yaxşı rəhbərlik etmək lazımdır. Əfsus ki, onun bütün bildiklərini öyrənə bilmədim. Çünki biz radikal tərəfə meyilliyik və o, daha mülayim baxışları ilə tanınan siyasi xadimdir. Mən ondan beynəlxalq arenada mülayim şəkildə necə daha da uğurlu olmağı öyrənməliyəm”, - deyə Viktor Orban vurğulamışdı. 

Daha sonra baş nazir daha bir maraqlı məqama diqqət çəkmişdi: “Azərbaycan cənubda İranla, şimalda Rusiya ilə, Macarıstan isə qərbdə Almaniya, şərqdə Rusiya ilə sərhəddir. Biz bundan keçmişik. Biz vəziyyətə bələdik. Belə bir mürəkkəb vəziyyətdə xalqı idarə etməyin nə dərəcədə çətin olduğunu bilirik. Bu, bizə dostluğumuzun möhkəmlənməsində çox kömək edib”.

Azərbaycanla Macarıstan arasında ikitərəfli münasibətlər, şübhəsiz ki, bu gün Türk Dövlətləri Təşkilatı (TDT) səviyyəsində çox uğurla inkişaf etdirilir. Macarıstanın müşahidəçi qismində qoşulduğu təşkilat çərçivəsində Bakı ilə Budapeşt əlaqələri daha da möhkəmlənir. Macarıstanın bu təşkilata qoşulmasında Bakının rolunun az olmadığını nəzərə alsaq, o zaman iki ölkənin bir-birinə olan münasibətləri, dostluğu, sadiqliyi mübahisə mövzusu ola bilməz.

Təkcə TDT səviyyəsində yox, iki ölkənin bir-birinə olan dəstəyi digər beynəlxalq platformalarda daim müşahidə edilib. Çoxtərəfli platformada, xüsusilə BMT, ATƏT, NATO, Aİ, Şərq Tərəfdaşlığı, Vişeqrad Qrupu çərçivəsində iki ölkə arasında davamlı əməkdaşlıq əlaqələri inkişaf etdirilir və hər ötən gün bu əməkdaşlıq daha çox strateji əhəmiyyət daşımağa başlayır.

Prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri avqustun 21-də başa çatıb.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat” 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR