İnsanlara hürriyət, millətlərə istiqlal!

''Bu zavod həm biznes, həm də sosial layihə əhəmiyyəti daşıyır''- ''Jalə''nin zavodundan reportaj - FOTOLAR

3048 28.07.2016 17:32 İqtisadiyyat A A


“Gilan Holdinq”in nəzdindəki “Qəbələ Konserv Zavodu”na kütləvi informasiya vasitələrinin info-turu təşkil edilib. İnfo-tur zamanı jurnalistlər zavodun çipsi, donmuş kartof friləri, limonad və meyvə suyu istehsal edən fabriklərinin iş mexanizmi ilə tanış olublar.

Turda “Yeni Müsavat” qəzetinin əməkdaşı da iştirak edib. Zavodun fəaliyyəti, iş mexanizmi ilə yaxından tanış olan jurnalistlərin suallarını mütəxəsislər, zavodun səlahiyyətli şəxsləri cavablandırıblar.

Zavodla tanışlıq zamanı “Gilan Holdinq”in İnformasiya texnologiyaları və makina mühəndisi Ramazan Seyidov bildirib ki, zavod İsveçrədə, İtaliyada istehsal olunmuş müasir avadanlıqlarla təchiz olunub. Ümumilikdə 850 nəfərin çalışdığı zavod 40-a yaxın məhsul istehsal edir.

Zavodun fəaliyyətinin həm biznes, həm də sosial layihə əhəmiyyəti daşıdığını deyən R.Seyidov “Gilan Holdinq”in regionun ən güclü qida sənayesi şəhərciklərindən biri olduğunu qeyd edib.

R.Seyidov hazırda zavodda çalışan işçilərin yerli mütəxəssislər olduğunu və onların da müxtəlif ölkələrdə treninqlər keçdiyini bildirib: “Fabriklərimiz yeni istifadəyə veriləndə əcnəbi mütəxəssislər var idi. Ancaq sonra texniki heyət və digər işçilər yerli mütəxəssislərlə əvəz olundu. Hazırda işçilərin əksəriyyəti Qəbələ sakinləridir. Mütəxəssislər tərəfindən əməkdaşlarımıza mütəmadi olaraq treninqlər keçirilir, onların müxtəlif ölkələrdə təcrübə keçməsinə şərait yaradılır”.

Jurnalistləri bilgiləndirən holdinq əməkdaşları deyib ki, zavodun məhsulları ABŞ, Yunanıstan, Almaniya, Rusiya, Ukrayna, Çin, Yaponiya, Avstraliya, Yeni Zellandiya, BƏƏ, İran, Türkmənistan, Estoniya, Latviya, İtaliya, Fransa kimi ölkələrə ixrac olunur.
2006-cı ildən meyvə suyu, 2014-cü ildən isə limonad və çipsi istehsal edilən zavodda ümumilikdə 37 adda məhsul satışa çıxarılır.  30-dan çox xarici ölkəyə isə məhsullar ixrac olunur.

Zavodun kartof istehsalı fabrikində 2013-cü ildən başlayaraq “Chipsim” markalı çipsi və “Alma dilimi” adlı kartof friləri istehsal olunur. Ramazan Seyidov deyir ki, kartof emalı bölümündə beynəlxalq TUV AUSTRİA İSO-22000:2005 FSSC və İSO-22761:2007 GMP uyğunluq və gigiyenik sertifikatları alınıb.

Kartof emalı müəssisəsinin sahə rəhbəri Əliismayıl Cəfərov fabrikin iş mexanizmi barədə danışarkən deyib ki, zavodda “Lediikleer Fasan” ve “Ledirozetta” kartof sortlarından çipsi istehsalı üçün, “Allegriya” sortundan isə donmuş kartof istehsalında istifadə edilir.
Qəbələ və digər bölgələrdə zavodun özünəməxsus əkin sahələrinin olduğunu deyən Ə.Cəfərov lazım olan məhsulu tam şəkildə təmin edə bildiklərini söyləyib: “Zavodun Göygöldə, Qəbələnin Qaş bölgəsində, Goranboy və Samuxda kartof sahələri var. Kartof emalında Almaniya və Hollandiyada yetişdirilmiş kartof sortlarından istifadə edilir. Əkin sahələrimizdə də bu sortlar yetişdirilir”.

Alıcılar arasında ən çox səsləndirilən “Azərbaycanda bu qədər gilənar, portağal yoxdur. Bəs “Gilan” bu qədər meyvə suyunu necə istehsal edir?” sualına da cavab tapmağa çalışdıq.

Sualımızı cavablandıran R.Seyidov bunun çox asan izahının olduğunu deyir. Onun sözlərinə görə, meyvə sularının sitehsalı üçün dünyanın müxtəlif ölkələrində meyvə şirələrinin qatılaşdırılmış forması idxal edilir: “Məhsulun qatılaşdırılmış forması olur. Sərfəli daşıma üçün məhsulları qatılaşdırıb, qablaşdırmaq və daha sonra daşımaq məqsədə uyğundur. Ona görə aseptik çəlləklərdən istifadə olunur və meyvə şirələri hazırlanan həmin ölkələrdən ixrac edilir. Bu çəlləklərdə portağal, feyxoa və digər meyvələr qatılaşdırılmış formada gətirilir. Zavodda isə meyvə suyu şəklində paketləşdirilir və bazara çıxarılır”.
Ölkə daxilindən meyvə şirələrinin istehsalı üçün əsasən Göyçaydan nar, Quba, Göyçay və Şəkidən isə alma aldıqlarını deyən R.Seyidov xarici ölkələrdən əsasən İran, Braziliya və Afrikadan məhsul idxal etdiklərini qeyd edib: “İranda böyük albalı plantasiyaları var. İranda albalını yığıb qatılaşdırılmış formaya salırlar. Biz də onlardan məhsul alırıq. Bananı Braziliyadan, portağalı isə Afrikadan alırıq”.

R.Seyidov onu da əlavə edib ki, zavod fəaliyyətə başlayandan sonra bir çox bölgələrdə məhsul istehsalı üçün bağlar, əkin sahələri salınıb.

Zavodda istehsal olunan meyv şirələrinin, limonadın və digər içkilərin tərkibinə qatılan suyun haradan alınması ilə bağlı sualını da cavablandıran R.Seyidov deyib ki, Qəbələnin Vəndam kəndində dağdan axan təbii su məhsul istehsalında istifadə olunur. Aretizan suları isə yalnız texniki su kimi istifadə edilir.

Zavodun son olaraq istehsal etdiyi məhsul “Pepsi”dir. R.Seyidov həmin məhsul yaxın günlərdə satışa çıxarılacağını bildirib: “Pepsi” bu yaxınlarda bazara çıxarılacaq, hətta bütün testlərdən keçirilib. Hələ ki, yarım litrlik qablarda istehsal olunacaq. Gələcəkdə 1 litrlik “Pepsi”nin də istehsalı nəzərdə tutulub. Qiyməti bazara görə tənzimlənəcək. Digər “Pepesi” məhsullarından fərqi qablaşdırmasında və üzərində “Made in “Gilan Holdinq” yazılması ilə fərqlənir. “Aqua-mineral” sular da istehsal olunacaq”.

İ.Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR