İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu təzyiq bizi beş il geriyə atdı”

1683 28.10.2014 23:30 Müsahibə A A

“Qanun” Nəşriyyatı havalar soyuduğundan, paytaxtda hər həftə təşkil etdiyi küçə yarmarkalarını təxirə salıb. Əvəzində ali təhsil müəssisələrində kitab yarmarkalarının keçirilməsinə başlanıb. Bu, ölkədə bir ilkdir və nəşriyyat rəhbəri bunun gənclərin kitaba olan münasibətini müsbətə doğru dəyişəcəyinə əmindir. Bununla belə, bir il əvvəl Vergilər Nazirliyi tərəfindən 150 min manat cərimələnən və hesabları bağlanan nəşriyyatın durumu elə də yaxşı deyil. Artıq ondan artıq işçi ixtisar edilib, yazar və tərcüməçilərin əksəriyyəti isə nəşriyyatla əməkdaşlığı dayandırıb. Əməkdaşımız “Qanun” Nəşriyyatında olub və mətbəənin durumu ilə maraqlanıb.

Kitab yarmarkaları artıq universitetlərdə...

X.Xuduoğlu bildirib ki, nəşriyyat fəaliyyətini davam etdirir yenilik kimi və ali məktəblərdə yarmarkalara start verilib: “İstəyirik ki, yarmarkalar ali məktəblərdə, təhsil ocaqlarında davam etsin. Bununla bağlı müvafiq orqanlara müraciət etdik, onların razılığı ilə birlikdə belə bir yarmarkaları keçirməyə başlamışıq. Paytaxtdakı bütün universitetlərə müraciət edib razılıq almışıq. Artıq ADPU-da və İqtisad Unuversitetində keçirmişik. Növbəti dəfə yarmarkamız Bakı Dövlət Universitetində olacaq. Həmçinin Qafqaz Universitetinə,  Politexnik və İnşaat Universitetlərinə də müraciət etmişik və həmin universitetlərdə də yarmarka keçiriləcək”.

“Bu yarmarka həm də nümayiş deməkdir”

Ş.Xuduoğlunun sözlərinə görə, həmin yarmarkalarda satış yüksək olmasa da, pis də deyil: “Yaxşıdır. Bu yarmarka həm də nümayiş deməkdir. Çox adam bu qədər kitabın Azərbaycan dilində olmasından xəbərsizdir. Ona görə ki, kitabı təbliğ edən belə bir orqan yoxdur, televiziyalar yoxdur. Ona görə tələbələr əslində kitab haqqında məlumatı kitabı görəndən sonra alırlar. Bu səbəbdən biz bu yarmarkanın bu əhəmiyyətini də çox dəyərləndiririk. Yarmarkalarda kataloqlar paylayırıq, kitablar haqqında məlumatlar paylayırıq. Bu, çox xoş görüşdür. Tələbələrlə onların oxuduqları məkanda görüşmək çox əhəmiyyətlidir. Tələbəlik illərimdən üzübəri yadımda deyil ki, nəşriyyatlar universitetlərdə yarmarkalar keçirsin. Amma bu, bizdə ilk dəfədir. İlk dəfədir ki, belə bir təşəbbüs dəstəklənir və bu, təqdirəlayiq haldır. Burada kitabların üstündə ticarət faizi yoxdur, tələbələr kitabları daha ucuz qiymətlərə əldə edə bilirlər. Eyni zamanda, birbaşa nəşriyyatla ünsiyyət qura bilirlər, öz arzularını çatdırırlar”.

“Vergilər Nazirliyi ilə məhkəmə çəkişməsi davam edir”

“Qanun”un Vergilər Nazirliyi ilə çəkişməsi isə hələ də davam edir. Nəşriyyatın nazirlik tərəfindən açıqlanan vergi borcu ilə bağlı məhkəmə bir müddət əvvəl başlayıb və davam etməkdədir. “Amma nəticə yoxdur, gələcəkdə necə olacaq, bilmirəm. Bəlkə də yaxşı olacaq. Çünki əgər məhkəmə bu qədər uzanırsa, yaxşı olacağına ümid var. Bəlkə də vergi orqanları da bu nəşriyyatın Azərbaycan cəmiyyəti üçün rolunun böyük olduğunu gördü. Hər kəs bu rolu görür. Kitabla bağlı görülən bu cür işlərdən vətəndaşlarımız faydalanır, bunun zərərli bir tərəfi yoxdur. Bu mənada bəlkə ümid edirəm ki, məsələ bizim xeyrimizə həll olunsun. Amma olmasa da, bir məhkəmə instansiyasında iş bitir, keçir başqa instansiyaya. Əgər bu, davam edərsə, biz də bütün instansiyaları keçib sona qədər özümüzü qorumaqda davam edəcəyik. Bütün hüquqi vasitələrdən istifadə edib müdafiə olunacağıq, özümüzü qoruyacağıq”.

“Paulo Koelyonu necə başa salım ki, hesabımız bağlıdır və onun qonorarını verə bilmirəm?”

Ş.Xuduoğlu deyir ki, baş verən çəkişmələr nəticəsində nəşriyyat acınacaqlı duruma düşüb: “Bu, yalnız yerli problemimiz deyil. Mən Paulo Koelyonu necə başa salım ki, sənin qonorarını hesablarım bağlı olduğu üçün verə bilmirəm? Həqiqətən bunu başa salmaq mümkün deyil, yəni gülməli görünür. Bir dəfə bir yazarın belə bir problemi çıxmışdı. Aqata Kristi təkidlə bizdən ödənişləri tələb edirdi. Mən heç cür başa sala bilmirdim ki, bir ildir bizim hesablarımız bağlıdır və pulu keçirə bilmirəm. Başqa keçirmə vasitəsi də yoxdur. Bu yaxınlarda beynəlxalq kitab yarmarkasına gedəndə qonorarı nağd formada apardım. Düzdür, sonradan biz dostlaşdıq, o, vəziyyəti başa düşdü. İkinci etapda gözlədilər, hələ də gözləyirlər. Mən ona nağd formada ödəniş edəndə edəndə dedi ki, bizim təcrübəmizdə bu, ikinci haldır,  bir İran nəşriyyatı ilə belə baş vermişdi, nəşriyyatın hesabı bağlandığından ödəniş edə bilmirdi, ikinci də sizinlə baş verir. Yaxid da Murakami ilə, Elif Şafakla da bağlı belə problem olmuşdu, mən məcbur olub Londona getdim və ofislərində qonorar haqqını ödədim. Elə adamlar var, onlara ümumiyyətlə vəziyyəti deyə bilmirsən. Yəni ki, fikirləşirsən, bu problem sənindir və bu problem haqqında onlara hesabat verməli deyilsən. Hansısa vəziyyətdə burada çıxış yolu tapırsan. Bəzi yazarlar bundan xəbərdardırlar, ingiliscə gedən xəbərlərdən oxuyublar”.

“Təzyiqlərin nəticəsini dəhşətli dərəcədə hiss edirik”

Nəşriyyat rəhbərinin sözlərinə görə, indiyə qədər Vergilər Nazirliyi ilə aralarındakı problem artıq nəşriyyatın fəaliyyətinə kəskin şəkildə təsirini göstərir: “Bunu əvvəl o qədər də hiss etmirdik, indi dəhşətli dərəcədə hiss edirik. Bizə çox böyük bir zərbə vurulub. Nə qədər kitabları nəşr etməkdə gecikirik, nə qədərinə yubanmışıq. Təsəvvür edin, “Harri Potter”in beş cildi bu il tərcümə olunub yekunlaşmalı idi, amma yekunlaşa bilmədik. Yəni hər kəslə pis durumda qaldıq, tərcüməçilərə ödəməli olduğumuz məbləği ödəyə bilmədik. Kitab müəlliflərinə ödəniş edə bilmədik. İşçilərimizin arasıında çox üzgün vəziyyətdə qaldıq. O işləri ki, bu il ərzində hədəfləmişdik, onları edə bilmədik. Bu təzyiq bizi beş il geriyə atdı. On iki nəfər ştatda olan işçimizi itirmişik. Tərcüməçilər əməkdaşlığı kəsiblər, yazarlar əməkdaşlığı dayandırıblar. Yaradıcı insanlar bir az ehtiyatlı pozisiyada olurlar, onlar qalmaqalı sevmirlər. Görəndə ki, işlədikləri nəşriyyat hansısa bir dövlət qurumu ilə problemi var, problemdə adı hallanır, dərhal başqa yerə köç edirlər. Bu, təbiidir, normal bir şeydir. Amma qalıb bizimlə işləyənləri də var, illər boyu birgə işlədiyimiz insanlar da var. Vəziyyət çox ciddidir”.

Röya RƏFİYEVA
Fotolar müəllifindir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR