Söyüşə görə adam öldürən şəxs hakim qarşısına çıxarılıb. O, bir neçə dəfə mübahisə etdiyi şəxsin qarın nahiyyəsinə bir zərbə endirib. Yaralı öz ayağı ilə xəstəxanaya getsə də onun həyatını xilas etmək mümkün olmayıb. Həkimlər yarasına tikiş qoysa da o, daxili qanaxmadan dünyasını dəyişib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Sabit Bağırovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. O, Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə sağlamlığa xəsarət yetirmə) maddəsi ilə təqsirli bilinir.
Hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib. İttihamda yazılır ki, Sabit Bağırov aralarında yaranmış mübahisəyə görə Valeh Heydərovu bıçaqlayıb. Belə ki, Valeh Heydərov maşınını Sabit Bağırovun yanına gətirərək pərdə düzəltdirmək istəyib. Onlar əvvəlcə görüləcək işlə bağlı razılığa gələ bilməyiblər. Daha sonra isə qiymətə görə mübahisələri yaranıb.
Sonuncu mübahisədə tərəflər bir-birlərinin ünvanınan nalayiq ifadələr səsləndiriblər. Sabit Bağırov gecə saatlarında Valeh Heydərovu təqib edərək onu söyməsinə görə qarın nahiyyəsinə bir zərbə vurub və qaçıb.
V.Heydərov öz ayağı ilə xəstəxanaya gedib. Həkimlər onun yarasına tikiş qoyublar. Lakin bir neçə saat sonra daxili qanaxmadan dünyasını dəyişib.
Təqsirləndirilən şəxs Sabit Bağırov elan edilən ittihamla özünü təqsirli bilib və söyləyib ki, mərhumu söyüşə görə vurub. Onu öldürmək niyyəti olmayıb. S.Bağırov əməlindən peşman olduğunu söyləyib.
Məhkəmə iclasında məlum olub ki, mərhumun hüquqi varisi kimi onun xanımı Rəna Salmanova tanınıb. Zərərçəkmiş Rəna Salmanova bildirib ki, ailəsi həm təqsirləndirilən şəxsdən, həm də həkimlərdən şikayətçidir. O qeyd edib ki, mərhum həm də həkimlərin məsuliyyətsizliyindən dünyasını dəyişib.
R.Salmanova hadisə barədə bildiklərini, eşitdiklərini belə danışıb:
“Təqsirləndirilən şəxs Valehi nə döyə, nə də vura bilərdi. Çünki Valeh ondan canlı və güclü idi. Aldadıb, arxadan çağırıb ki, sənə sözüm var. Valeh bilsəydi ki, bu onu vuracaq, imkan verməzdi. Valehin iki övladı var idi. İndi onlar yetim qaldı”.
Hakim Sabit Bağırova bildirib ki, əgər mərhumu öldürmək niyyəti yox idisə, niyə ona ayağından, qolundan zərbə endirməyib? Təqsirləndirilən şəxs bu suala cavab verə bilməyib.
Sabit Bağırov suallara cavabında mərhumla aralarındakı mübahisənin səbəbini belə izah edib: “Mən maşın pərdələrinin satışı və quraşdırılması ilə məşğul olurdum. Valeh maşını gətirib pərdə vurmağımızı istədi. Mən də onun istədiyi kimi pərdənin həmin maşına vurlmasının mümkünsüz olduğunu dedim. Buna görə mübahisə etdik. Ona başqa variantlar təklif etdim. Sonra qiymət məsələsinə görə mübahisəmiz oldu. Kafedə olarkən məni söydü. Bu söyüşü keçmək olmazdı".
Hakim zərərçəkmiş tərəfə sual verərək təqsirləndirilən şəxsin və yaxınlarının barışığa cəhd edib-etməmələrini soruşub. Məlum olub ki, onlar arasında barışıq üçün heç bir addım atılmayıb.
Sabit Bağırov suallara cavabında deyib ki, mərhumla aralarında bir neçə dəfə də mübahisə olub.
Mərhumun qardaşları da məhkəmədə şahid qismində dindiriliblər. Onlar hadisənin şahidi olmadıqlarını, qardaşlarının bıçaqlanması xəbərini eşidən kimi xəstəxanaya getdiklərini söyləyiblər.
Onlar bildiriblər ki, qardaşları əməliyyatdan sonra palataya yerləşdirilib. Onunla görüşəndə səhhəti normal olub. Amma vəziyyəti anidən pisləşib və daxili qanaxmasının olduğunu biliblər. Bu zaman isə artıq gec olub və onun həyatını xilas etmək mümkün olmayıb. Mərhumun qardaşları da həkimlərdən şikayətçi olduqlarını bildiriblər.
Hakim həkimlərin də məhkəməyə gətirilməsinin və dindirilməsinin vacib olduğunu bildirib. Növbəti prosesinə həkimlər də çağırılacaq. Hakim qeyd edib ki, Valeh Heydərovun ölümündə həkim məsuliyyətsizliyinin olub-olmaması da araşdırılacaq.
İlkin Muradov
Musavat.com






