İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu, satqınlıqdırsa...

5170 11.07.2014 22:18 Yazarlar A A

“Satqın çıxdı, xain imiş, iradəsi zəif imiş, budur sizin mübarizəniz?!” Bu sözləri dünən 18 yaşlı bir gənc haqda dedilər. Bu sözləri oxuduqca o qədər əsəbiləşdim ki, 6-7 siqareti ard-arda çəkdim. Çünki həmin gənc bu sözlərə layiq deyildi. 

Kimdir bu gənc? 17 yaşında şərlənərək həbs edilmiş Şahin Novruzludur. Şahinlə bir dəfə də olsun təmasım olmayıb, söhbət etməmişik. Amma onu anlamaq üçün buna ehtiyac yoxdur. Özümü onun yerində bir anlıq təsəvvür etməyim kifayət edir. 

Prezidentə əfv məktubu yazdığı üçün onu tənqid və təhqir edənləri anlaya bilmirəm. Bunun səbəbi nədir? Daha 5 il həbsdə yatıb çıxsa nə dəyişəcəkdi? Daha yaxşı olacaqdı? Bəlkə bütün problemlərimiz Şahinə görədir? O, həbsdə qalsa hər şey düzələcəkmi? Elədirsə, onu söyün, ağzınıza gələni deyin, mən də qatılım sizə. Hətta həbsdən çıxan kimi onu salaq ayağımızın altına, deyək ki, “Sən həbsdə qalmalı idin. Sən həbsdə çürüməli idin. Əclaf, utanmaz! Sən həbsdə qalsaydın, biz səni sevəcəkdik”. Bayıra çıxan kimi çiyinlərdə gəzdirəcəkdik Şahini guya? Ona çəkdiyi 6 il həbs cəzası üçün minnətdar olacaqdıq? Sonra da ona bu illər ərzində apardığımız yalançı mübarizəmizdən danışacaqdıq. İçdiyimiz pivələrdən, yatdığımız qızlardan, facebookda yazdığımız statuslardan, dənizdəki fotolarımızdan danışacaqdıq.

Şahini tənqid edənlərin müxtəlif bəhanələri var. Onları oxuyanda adamın lap gülməyi gəlir. Məsələn belə deyilir: “Şahin sındı. Bu yola baş qoyanda onu nələr gözlədiyini bilirdi. Həbsi gözə almalı idi. İndi utanmadan əfv yazır”. Bunu deyənlərin 16-20 yaşları olması adamı lap güldürür. Siz nə bilirsiniz ki, mübarizə nədir, əqidə nədir? Şahin ömrünün ən gözəl çağlarını inandığı əqidəsi uğrunda fəda edib. Bəs siz? Şahin həbsdə olduğu müddətdə yanına neçə dəfə getmisiniz? Ailəsinə neçə dəfə baş çəkmisiniz? Neçə dəfə məhkəməsində iştirak etmisiniz? Utanırsınız? 

“Mən olsaydım heç vaxt əfv imzalamazdım. Başımı da kəssələr etməzdim” - deyənlər də var. Onların bir çoxunu bölmələrdə görmüşəm. 30 dəqiqə bölmədə saxlandıqdan sonrakı vəziyyətlərini xatırlatsam utanarlar. Bəlkə də utanmazlar. Utanmaq üçün həmin duyğulara sahib olmaq lazımdır. 

Şahin kimin üçün həbsdə yatır? Özü üçün. İnandığı dəyərləri mühafizə etdiyinə görə, əsgər ölümlərinə etirazına görə həbsdədir. O, sizin üçün həbsdə deyil. Çünki sizə görə həbsdə olmağa dəyməz, əziz və hörmətli tənqidçilər. Çünki siz Şahini yaddan çıxarmışdınız. Heç xatırlamırdınız. Birdən əfv xəbəri çıxan kimi oyandınız. Ona satqın dediniz. Nəyi satıb? Kimi satıb? Torpağınımı satıb, dostunumu, ailəsinimi, insanlığınımı satıb? Sizi satıb bəlkə? Sizi satmayıb. Çünki dəyərsiz şeyləri heç kim almır.

Bəzilərinizin belə bir sözü var: “Mübarizəyə zərər vurdu. Ona görə camaat geri çəkiləcək. Mübarizəyə qoşulmayacaqlar”. Bu arqumentin bir cümləlik cavabı var. Sizi görüm Şahinin yerində olasınız. İndi deyəcəksiniz ki, qarğış edir. Yox, əsla. Demirsiniz ki biz olsaydıq heç vaxt əfv olunmaq üçün prezidentə müraciəti etməzdik? Bunu öz gözümlə görmək istərdim. 

Şahinin gənc yaşında əlindən gələni etdi. Onun da iradəsi bura qədər yetdi. Bura qədər dözə bildi. Haqsız həbsinə, anasının göz yaşlarına, atasının həsrətinə, edilən təzyiqlərə bu qədər dözə bildi 18 yaşlı Şahin. 

Mənim 24 yaşım var. Bir anlıq özümü Şahinin yerinə qoyuram. Həbsdəyəm, mənə dəstək olanlar, böyük ağızla danışanlar arxamda yoxdur artıq. Bir neçə nəfər qalıb ki, onlar məni unutmayıblar. Qalanları öz həyatlarını yaşayır. Anlayıram ki, mən bu insanlara görə canımdan belə keçsəm də, məzarımı ziyarətə indi ətrafımda olanlar gələcək. Onlar isə mənim ailəmdi. Mən onların yanında olmalıyam. Buna görə də, əfv imzalayıram. Heç ürəyimcə olmasa da bunu edirəm. Əgər bu satqınlıqdırsa, bəli, mən satqınam. 


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR