İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu qidalara üstünlük versək, virus bizdən uzaq olar” - tanınmış fitoterapevt (VİDEO+FOTO)

65714 14.03.2020 08:30 Müsahibə A A

Füzuli Hüseynov: “Koronavirusa həddən artıq yüngül xəstəlik də demək olar”

Məlum olduğu kimi, hazırda dünyanın gündəmində bir nömrəli məsələ koronovirusla bağlıdır. Bəs dünyanın bəlasına çevrilən bu virusdan özümüzü necə qoruya bilərik? Koronavirus nə zaman tam məhv olacaq? Mövzu ilə bağlı olaraq “Herba Flora” tibb mərkəzinin baş həkimi, fitoterapevt, ixtisasca infeksionist olan Füzuli Hüseynov suallarımızı cavablandırdı:

- Hələ də fikirlər səslənir ki, koronavirus əslində bir biosilahdır. Siz necə düşünürsünüz?

- Ümumiyyətlə, zaman-zaman dünyanı bu formada bürüyən epidemiyalar, pandemiyalar olub. Virus artıq bir neçə dövlətdə yayılıbsa, buna pandemiya deyilir. Epidemiya isə lokal ola bilir, yəni bir regionda yayılır. Beləliklə hazırki vəziyyətə artıq pandemiya demək olar. Bəzən bu insanları qorxudur ki, vəziyyət artıq pandemiya halına çatıb, hər şey daha təhlükəli ola bilər. Ancaq pandemiya hələlik pik nöqtəsində deyil. Məsələn, bir neçə əsr bundan əvvəl, o cümlədən 16-17-ci əsrlərdə vəba, taun pandemiyası olub, az qala milyonlarla  insan xəstəlikdən dünyasını dəyişib. Yəni bununla müqayisədə hazırki koronavirus pandemiyası o qədər də qorxulu deyil. Ümumiyyətlə, deyərdim ki, koronavirusu həddən artıq təhlükəli xəstəliklər sırasına aid etməyimiz də doğru deyil. Bunun üçün ölüm hallarına diqqət etmək lazımdır. Virusa yoluxan 100 insandan cəmi 2-3 insan dünyasını dəyişir. Vəba, taun xəstəliyində isə vəziyyət ciddi olur. Hətta koronavirusa həddən artıq yüngül xəstəlik də demək olar.

- Əvvəlki sualıma qayıtmaq istərdim, hazırki koronavirusu biosilah adlandırmaq nə dərəcə doğrudur?

- Əslinə qalanda bu iddialara inanmaq da olar. Məsələn, bu yaxınlarda bir maraqlı məqalə oxudum, Amerika dövlətinin Ermənistan ərazisində 8-ə yaxın bioloji laboratoriyası var. Həmin laboratoriyalar Rusiya dövlətini narahat edir. Hətta komissiya göndərilib ki, həmin laboratoriyaların işi araşdırılsın. Mütəxəssislər araşdırma apararkən nümunələr götürmək istəyiblər, lakin buna icazə verilməyib. Buna təhlükəli silahlar demək olar və təəssüf ki, düşmən ölkədə Amerikanın bu cür laboratoriyaları var. Rusiya tərəfi bu laboratoriyaları bioloji silah adlandırır və bunu özünə qarşı təhdid kimi də qiymətləndirib. Deyərdim ki, nəinki Rusiya, bunun bütün dünya üçün təhdid kimi qəbul etmək olar. Beləliklə, elm inkişaf etdikcə bu cür hallar da olur və mən bioloji silahların olmasını istisna etmirəm.

- Bəs koronavirus əsasən nədən qaynaqlanıb? Bəziləri bunun dəniz heyvanlarından, bəziləri yarasalardan keçdiyini deyir. Məlum olduğu kimi, çinlilər yarasa əti də yeyirlər. Siz necə düşünürsüz, necə oldu ki, bu cür virus birdən-birə ortaya çıxdı və dünyasının bəlasına çevrildi?

- Bəli, yarasalardan da keçmə ehtimalı var. Hətta laboratoriyalarda hazırlanma ehtimalı da ola bilər. Ümumiyyətlə, infeksiyalar vəhşi heyvanlar, vəhşi quşlar arasında yayıla və insanlara da keçə bilir. Koronavirusun bir qorxulu tərəfi ondan ibarətdir ki, o, viral inferksiyalar seriyasına daxildir. Məsələn, hepatit xəstəliyi də yoluxucu xəstəlikdir və qanla insandan insana keçir. Yəni burada infeksiyanın yayılma dərəcəsi çox azdır. Lakin koronavirus fərqlidir. Tutaq ki, otaqda 20-25 nəfər insan var və 1 nəfər xəstə insan gəlib, asqıranda artıq milyonlarla virus havaya yayılır və həmin insanların demək olar ki, 90 faizində xəstəlik əmələ gələ bilir. Ona görə də koronovirusun yayılma dərəcəsi çoxdur.

Onu da nəzərə çatdırım ki, viral infeksiyaların qorxulu tərəfi var. Məsələn, bir evdə 5 ailə üzvü varsa və hamısı bu xəstəliyə tutulubsa, artıq xəstəliyin ağırlaşma dərəcəsi arta bilir. Xəstələr daim kontaktda olduğu üçün 5-6-cı xəstə ilk xəstələrdən daha ağır vəziyyətdə olur. Təbii ki, bütün bunların baş verməməsi üçün insanın sağlam immuniteti olmalıdır. Sağlam immunitet olduqda ölüm halları, ağırlaşmalar həddindən artıq azalır.

- Virusa yoluxma ilə bağlı risk qrupundan olan insanlar kimlərdir?

- Burada insan bədəninə girmiş viruslar, mikrobların sayı və insanın immuniteti önəm daşıyır. Məsələn, qapalı mühitdə bir insan tibbi maska geyinib, digərləri isə geyinməyib və otağa bir xəstə insan gəlib asqırır, hava-damcı yolu ilə havaya virus bulaşır. Bu zaman maska geyinmiş şəxsin virusa yoluxma ehtimalı azalır. Çünki bu zaman bədənə az sayda virus daxil olur və xəstəliyə yoluxma riski də azalır. Ona görə də qoruyucu kimi tibbi maskalardan istifadə etmək çox vacib və məsləhətdir.

“Bu virusun yarasalardan keçmə ehtimalı da, laboratoriyalarda hazırlanma ehtimalı da var...”

- Həkim amma siz özünüz bu gün maskadan istifadə etməmisiniz...

- Əsasən kütləvi yerlərə gedəndə maskadan istifadə edirəm. Amma hazırda otaqda 2-3 nəfər var və düşünmürəm ki, buna ehtiyac var.

- Tez-tez eşidirik ki, adi tibbi maskalar heç də bizi virusdan qorumur.

- Bəli, adi maskalar bizi bu virusdan qoruya bilir. Lakin bir çox hallarda maskaların ətrafında boşluqlar əmələ gəlir ki, həmin boşluqlardan da virus orqanizmə keçə bilir. Lakin maskanın daxilindən birbaşa orqanizmə virus keçə bilmir. Buna görə də maska ilə profilaktika doğrudur. Sadəcə, maskanın üst hissəsindəki hissəni bərk sıxmaq lazımdır ki, burun hissəsini tam örtə bilsin. N95 maskaları var ki, onlar daha ciddi infeksiya olan yerlərdə istifadə edilir. Məsələ burasındadır ki, N95 maskalarını da uzun müddət taxmaq olmur. Biz nə qədər desək də, insanlarımız ondan istifadə etməyəcək. Çünki həmin maskalar qalın olduğundan nəfəs almaq çətinləşir, üzdə tərləmələr verir. Amma normal maskalardan hər kəs istifadə edə bilir.

- Tibbi maskalardan gün ərzində necə istifadə etməliyik?

- Qaydaya əsasən gün ərzində 2 saatdan bir dəyişdirilməlidir.

- Bəs gündəlik istifadə etdiyimiz spirt bizi virusdan qoruya bilirmi?

- Xəstəliyin hansı dərəcədə yayılma formasına diqqət etmək lazımdır. Məlum olduğu kimi, bu virus insandan insan birbaşa təmas yolu ilə keçə bilir. Otaqda xəstə insan asqıranda onda olan viruslar hava vasitəsi ilə hər yerə yayılır, o cümlədən ətrafımızdakı əşyalara hopur. Hər bir virusun da yaşama müddəti var. Məsələn, hava soyuq olanda virus bir taxta üzərində 1-2 gün yaşaya bilirsə, havanın  temperaturu 25 dərəcəni keçdikdən sonra 15 dəqiqəyə tamamilə məhv olur. Hətta temperatur 35 dərəcəyə qalxdıqda, 2-3 dəqiqəyə məhv olurlar. Beləliklə, havanın temperaturu artdıqca ətrafdan gələn virus həddindən artıq azalacaq.

- Məhz buna görə deyə bilərikmi ki, antisanitariyanın çox olduğu Hindistan kimi ölkələrdə bu virus aşkarlanmır?

- Əgər virus insandan insana keçirsə, burada havanın temperaturunun o qədər də önəmi yoxdur. Amma isti havada əhatəmizdə olan əşyalardan bizə virus keçməsi sıfıra enir. Məsələn, insanların kütləvi olduğu yerdə havanın temperaturu 40-45 dərəcə olsa belə, burada insan-insana keçmə ehtimalı böyükdür.

9c77e70d-82f0-4086-90ed-464ca27e7d94.jpg (218 KB)

- Sizcə, koronavirus problemi hansı ayda tam bitəcək?

- Bu virus əsasən qışda daha çox yayılır. Çünki əsasən qış mövsümündə insanlar daha çox zökəm, qrip olur. Beləliklə, soyuq hava mühitində viral infeksiyaların yayılma sürəti çoxdur. Yay mövsümündə isə koronovirusun yayılması çox nadir hallarda baş verir. Bu da əsasən insanların çox sıx olduğu yerlərdə baş verə bilir. Əgər yayda insanların toplum olduğu yerlədən mümkün qədər uzaqlaşsaq, özümüzü sığortalamış olarıq.

- Hazırda Azərbaycanda havalar çox mülayim, nisbətən isti keçir. Sevinmək olarmı ki, virus bizdən kifayət qədər uzaqdır?

- Bəli, sevinmək, hətta Allaha şükür etməliyik ki, yaxşı ki, havalar isinir və bu, davam edir. Qarşıda bizi yay mövsümü gözləyir. İnanırıq ki, koronavirus bizdən yan keçəcək.

- Bir az öncə qeyd etdiniz ki, koronavirus heç də ağır xəstəliklər sırasında deyil. Bəs niyə dünya mütəxəssisləri, alim və həkimləri bu xəstəliyə qarşı dərman icad edə bilmir. Niyə dünya bunun qarşısında aciz qalıb?

- Ümumiyyətlə, el arasında belə bir fikir var: “Qripə qarşı  müalicə alanda bir həftəyə, müalicə almayanda 7 günə sağalmaq olur”. Yəni qrip xəstəliyinin də müalicəsi yoxdur və koronavirus da qripin bir növüdür. O ki qaldı dünya niyə koronavirusa qarşı bir tədbir görə bilmir, dünya eyni zamanda qripə qarşı da heç nə edə bilmir. Burada müalicədən çox insanın immunitetinə diqqət etmək lazımdır. İnsanlar daha çox buna diqqət etməlidir. İmmunitet güclü olduqdan sonra virus gəlib çıxsa belə, insan yoluxmayacaq.

- İmmunitetimizi artırmaq üçün nə etməliyik?

- Şəxsən mən özüm təbii üsullarla müalicə edirəm. Çalışmaq lazımdır əsasən təbii üsullara müraciət edilsin. Eyni zamanda, qidalanma da bu məsələdə önəm daşıyır. İlk öncə  qidalardan söz açım, əsasən tərkibində C vitamini olan qidalara üstünlük vermək lazımdır. Çünki vitamin C birbaşa olaraq özü antioksidantdır və eyni zamanda, immun sisteminin yüksəlməsi ilə bağlı birbaşa orqanizmə təsir edir. Önəmli olan bitkilərdən biri itburnudur. Onun tərkibində vitamin C var. Vitamin C deyəndə ilk öncə yada limon, portağal düşür. Halbuki itburnuda olan C vitamini limon bitkisindəkindən 20 dəfə çoxdur. Axşamdan 2 xörək qaşığı itburnunu termosda dəmləmək olar. Və yaxud ən sadə yol, itburnu əvvəlcə üyüdülür, 2-3 xörək qaşığı götürülərək 3 stəkan suda dəmlənir. Üyüdüldükdən sonra itburnunu dəmləmək daha asandır, yəni gözləməyə ehtiyac yoxdur.

Bəziləri düşünür ki, bitkilər dəmləndikdən sonra isti suyun təsirindən tərkibindəki vitaminlər ölür. Amma bu fikir doğru deyil. İtburnu üyüdülüb, dəmləndikdə tərkibindəki vitaminlərin 80-85 faizi dözümlülük nümayiş etdirir. Bu dözümlülülk 20-25 dəqiqə davam edir. Bir qədər sonra temperatur 80 dərəcəyə enir və bu zaman onun tərkibindəki C vitamini parçalanmır və bu vitamin insan orqanizminə güclü təsir göstərir. Həmçinin kök, balqabaq şirəsi çox əhəmiyyətlidir. Gün ərzində bu şirələrdən 2-3 stəkan istifadə etmək olar. Daha sonra çaytikanın meyvəsinin şirəsi var. Ümumiyyətlə çaytikanında Mendeleyevin cədvəli qədər elementlər var. Beləliklə, çaytikanın meyvəsi yığılır, ətçəkən maşından keçirilir, bal şərbəti ilə qarışdırılıb, içilir. Bu başdan-başa minerallar zəngin olan şirədir. Quşarmudu meyvəsi də çox böyük əhəmiyyətə malikdir. Onun da meyvəsi  üyüdülüb, bal şərbəti ilə qarışdırılıb, istifadə olunur. Quşarmudunun da tərkibində bütün vitaminlər, elementlər var.

 - El arasında zoğal mürəbbəsinin də qripə, koronavirusa qarşı əhəmiyyətli olduğu deyilir.

 - Həm zoğal, həm də moruq mürəbbəsi də orqanizm üçün çox faydalıdır.

 - Ümumiyyətlə, dünyada koronavirus aşkar edildiyi andan soğan və sarımsağın, hətta alkoqolun, çoxlu miqdarda su qəbul edilməsinin faydalı olduğu deyilir. Siz necə düşünürsüz?

 - İlk öncə qeyd edim ki, alkoqol qəbul etməklə virusdan yan qaçmaq boş fikirlərdir. Alkoqol, siqaretin özü immuniteti aşağı salır. Koronavirus insanın ağciyərində fəallaşa bilir. Ona görə də gün ərzində çoxlu miqdarda su qəbul etmək çox faydalıdır. Həmçinin sarımsaq və soğan çox faydalıdır. Sarımsağın özünün otaqda olması ətrafdakı virusları öldürür, çünki çox güclü bakteriya öldürücü təsiri var. Soğana gəldikdə, el arasında bəzən qrip olan şəxsin burnuna soğan suyu sıxılır ki, bu da çox faydalıdır.

- Bəzən deyirlər ki, sarımsaqdan çox istifadə immuniteti aşağı salır.

- Sarımsaq immuniteti artıran qidalardan biridir. Lakin çalışmaq lazımdır ki, lazımi qaydada qəbul edilsin. Çünki tərkibində kükürdlü birləşmələr var və ondan çox qəbul etdikdə mədədə qastrit əmələ gələ bilir. İstifadə etdikdə isə çalışmaq lazımdır ki, ağızda çox çeynənilsin, iri şəkildə mədəyə ötürülməsin.

- Sonuncu sualım, hazırda Azərbaycanda koronovirusla bağlı vəziyyəti necə dəyərləndirirsiniz?

- Dünya ilə müqayisə edəndə deyə bilərəm ki, bu virus Azərbaycanda da çox da aşkarlanmayıb. Cəmi bir ölüm halı qeydə olunub, o hadisədə də xəstə sətəlcəmin ağır formasından dünyasını dəyişib. Əlbəttə ki, ajiotaja ehtiyac yoxdur. Özümüzü kütləvi tədbirlərdən, məkanlardan qoruyaq, antioksidantlı vasitələrdən istifadə edək.

Xalidə GƏRAY,
Elçin ƏKBƏROV,
“Yeni Müsavat”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR