Emin Həsənli: “2020-ci ildə də iqtisadi inkişaf və islahatlar davam edəcək”
Azərbaycan prezidenti İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə çıxışı zamanı çox önəmli məsələlərə toxunub. Dövlət başçısının ölkəmizin hərbi potensialı barədə dedikləri diqqətlərdən yayınmayıb.
Sitat: "Keçən il bir çox silahlar, sursatlar, hərbi texnika alınıb və Azərbaycanda istehsal olunub. Təsadüfi deyil ki, Azərbaycan Ordusu hərbi potensialına, maddi-texniki təchizatına və döyüş qabiliyyətinə görə dünyada 52-ci yerdədir. Keçən il əldə edilən nəticələr, o cümlədən hərbi şəhərciklərin tikilməsi, təmiri, yeni müasir texnika ilə təchizat məsələlərinin həlli bizim hərbi gücümüzü daha da artırıb".

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli “Yeni Müsavat”a açıqlamasında ölkə başçısının dediklərindən çıxış edərək, 2020-ci ildə islahatların davam edəcəyini söylədi: O, bu haqda musavat.com-a bunları deyib: “Müşavirədə ən çox diqqətçəkən məqamlardan biri o oldu ki, bu il də ölkə iqtisadiyyatı inkişaf edəcək. Xüsusilə, əhalini ən çox maraqlandıran məsələlər diqqətdə olacaq. Manatın kursu sabit qalacaq. Milli Bankın prezidentinin açıqlaması və cənab prezidentin buna reaksiyası xüsusi diqqət çəkdi. Ermənistanın baş naziri Nikol Paşinyanın açıqlamalarına cənab prezident öz münasibətini bildirdi. Qeyd etdi ki, Azərbaycanla Ermənistan arasında müqayisə olunmayacaq dərəcədə fərqlər var. Düşmən ölkədə əhalinin vəziyyətinin nə qədər ağır olduğu qeyd olundu. İşğalçı ölkədə müharibədə həlak olanlara göstərilən münasibət, müharibə iştiraçkılarına heç bir dövlət qayğısının olmaması ilə bağlı da deyilənlər diqqət çəkdi. Təkcə ötən il Azərbaycanda vətən uğrunda döyüşənlərə 934 mənzil verilib. Biz QHT rəhbərləri olaraq, o proseslərdə iştirak etmişik. Müharibə iştirakçılarına 600 ədəd avtomobillər verildi. Bu proses davamlı olacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytına girib, istənilən şəxs öz növbəsini görə bilir. Burada şəffaflığın təmin olunması özünü açıq şəkildə göstərir. Məcburi köçkünlərin evlə təmin olunması ölkə gündəminin əsas sıralarında yer alır. Son illərdə 5 minə yaxın ailəyə ev verilib. Yaxın illərdə yataqxanalarda məcburi köçkün ailələri qalmayacaq, onların hər biri mənzillərlə təmin olunacaqlar. Bu cür müşavirələrin keçirilməsi bir daha göstərir ki, qeyd etdiyim məsələlər birbaşa ölkə başçısının nəzarətindədir. Hesab edirəm ki, 2020-ci ildə sosial yönlü layihələr daha çoxluq təşkil edəcək. Qarabağ əllilərinə, şəhid ailələrinə, müharibə veteranlarına, məcburi köçkünlərə olan diqqət və qayğı bu il daha da artacaq. Bu il şəhid ailələrinə və Qarabağ əlillərinə 1500 mənzilin verilməsi gözlənilir. Aztəminatlı ailələrin vəziyyətinin yaxşılaşdırılması istiqamətində də böyük lahiyələrin həyata keçirilməsi planlaşdırılır. ASAN xidmətin bütün ölkə boyunu əhatə etməsi çox önəmlidir. Bu istiqamətlərdə sistemli, ardıcıl addımlar atılacaq. Bir milyard manata qədər gömrük sistemində artım var. Bunu ölkə başçısı xüsusi olaraq vurğuladı. Dövlət qurumlarında şəffaflığın təmin olunması istiqamətində görülən işlər diqqətmizi çəkməyə bilməz. Maliyyə bank sektorunda şəffaflığın təmin olunması çox vacibdir ki, bu istiqamətdə də müsbət işlər görülür. Sahibkarlığa Dəstək Fondunun vasitəsilə sahibkarlara kreditlər verilir ki, bu, onların işini daha da asanlaşdırır. Əsas məsələ neftdən asılılığı azaltmaqdır. Ölkə başçısı bu məsələyə tez-tez toxunur. Əhalinin sosial rifah halını gücləndirmək də dövlət başçısının xüsusi diqqətindədir. Ordu quruculuğuna ayrılan diqqət təqdirəlayiqdir. Ordunun büdcəsi ildən-ilə artırılır. Hərbçilərimizə evlərin verilməsi, hərbi hissələrdə müasir səviyyədə yeni kazarmaların tikilməsi, hərbi təhsil müəssisələrinin təmir edilməsi, müasir avadanlıqların alınması üçün görülən işlər çox qaneedicidir. Orduya çağırış və səfərbərlik sistemi xeyli müasirləşib. Bu istiqamətlərdəki islahatlar bu il də dərinləşəcək. Azərbaycan vətəndaşları bu islahatları alqışlayırlar. 2020-ci ildə də iqtisadi inkişaf və islahatlar davam edəcək”.
Cavanşir ABBASLI
“Yeni Müsavat”






