İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bu il magistaturaya daxil olmaq istəyənlərin balı kəskin aşağı düşüb, çünki... "

1059 22.06.2024 10:28 Təhsil A A

Bu il ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanlarında yüksək bal toplayanların sayı ötən illə müqayisədə daha azdır.

Musavat.com bildirir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, 2024-cü ildə keçirilən imtahanlarda, ümumilikdə 24858 bakalavr iştirak edib. Ötən il müvafiq göstərici 24118 nəfər olub. İştirakçıların sayı ötən illə müqayisədə 740 nəfər daha çox olub.

Bu il bakalavrların yarısının imtahanlarda topladığı bal 48-dən yüksək (median 48.55) olub. Ötən il isə bu göstərici 54 bala yaxın (median 53.90) idi. Xarici dil üzrə ənənəvi test tapşırıqlarının sayının azaldılması, həmçinin bu il ilk dəfə tətbiq olunduğu üçün essedən toplanılan bala hər hansı məhdudiyyətin qoyulmaması səbəbilə esse yazmaqdan imtina göstəricilərinin çox olması ümumi nəticələrin nisbətən aşağı düşməsinə təsir göstərib.

Bu il 90 va daha yuxarı bal toplayanların sayı 44 nəfər, 80 və daha yuxarı bal toplayanların sayı 458 nəfər, 70 və daha yuxarı bal toplayanların sayı 2106 nəfər olub. Ötən il analoji göstəricilər 161, 1119 və 4006 nəfər idi. Göründüyü kimi bu il yüksək bal toplayanların sayı daha azdır.

"Bu il magistratura pilləsinə qəbul olunmaq istəyən tələbələrin balı 2023-cü il ilə müqayisədə kəskin şəkildə aşağı düşüb. Bunun səbəbi əlbəttə ki, magistr imtahanında xarici dil fənnindən esse yazı işinin tətbiq edilməsidir".

Bu barədə mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov deyib. Ekspertin fikrincə, müsabiqə şərtlərini ödəyən bakalavrlar ilə plan yerlərinin müqayisəsi onu deməyə əsas verir ki, magistr plan yerlərindən boş qalanlar olacaq.

"Bu il universitetlərimizin magistratura pilləsinə 15791 plan yeri ayrılıb. 2023-cü ildə isə 14081 plan yeri idi. Bu il magistratura pilləsinə ayrılan dövlət sifarişli (ödənişsiz) plan yerlərinin də sayı artıb. Belə ki, bu il 6816 plan yeri ödənişsiz, DS-dır. Keçən il isə 6388 plan yeri idi", deyə Kamran Əsədov qeyd edib.

Xatırladaq ki, bu il ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanları iki dəfə - 11 fevral və 28 aprel tarixlərində keçirilib. İmtahan yeni modelə əsasən keçirilib və iştirakçılara məntiqi təfəkkür üzrə 50, informatika üzrə 25 və xarici dil üzrə 20 test tapşırığı olmaqla, ümumilikdə 95 test tapşırığı təqdim olunub. Bakalavrların xarici dil üzrə yazı bacarıqları esse ilə yoxlanılıb. İştirakçılar qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar üzrə 95, esse üzrə isə 5 bal toplamaq imkanına malik olublar. İmtahanda toplanılan bilən maksimum bal əvvəl kimi 100 bal olub.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR