Bu gün Konstitusiya Məhkəməsi seçkilərlə bağlı qərar verəcək
Noyabrın 24-də Konstitusiya Məhkəməsi bu ayın 1-də keçirilən parlament seçkilərinin nəticələri ilə bağlı protokola baxacaq. Seçki Məcəlləsinin tələbinə görə, Konstitusiya Məhkəməsi seçkinin nəticələrini təsdiqlədikdən sonra Milli Məclisin yeni tərkibi ilk iclasını keçirməlidir. MSK-nın yekun protokolu Konstitusiya Məhkəməsi tərəfindən bu gün təsdiqləndikdən sonra Milli Məclisin yeni tərkibdə ilk iclası keçiriləcək. Milli Məclisin ilk iclasının bu həftənin cümə günü keçiriləcəyi gözlənilir.
Konstitusiya Məhkəməsi hansısa dairədə seçkinin nəticələrini ləğv etməyəcəyi halda Milli Məclisin yeni tərkibi 125 yox, 124 nəfərdən ibarət olacaq. Məlum olduğu kimi, MSK 90 saylı Ağdaş seçki dairəsində seçkinin nəticələrini ləğv edib. Həmin dairədə yeni seçkilərin nə vaxt keçiriləcəyi isə hələ bəlli deyil.
Konstitusiya Məhkəməsinin təxminən 8-9 dairədə seçkinin nəticələrini ləğv edəcəyi haqda da ötən həftə bəzi saytlarda xəbərlər yayılıb. Bu barədə deyilənlərin nə dərəcədə dəqiq olub-olmadığı bu gün bilinəcək.
Parlament seçkilərinin nəticələrinin təsdiqi “Konstitusiya Məhkəməsi haqqında” Qanunun yeddinci fəslinin 54-cü maddəsində əks edilib. Göstərilir ki, Konstitusiya Məhkəməsi Milli Məclis seçkilərinin nəticələrinin düzgünlüyünü yoxlayır və təsdiq edir. Seçkilərin nəticələrinin düzgünlüyünü yoxlamaq üçün Konstitusiya Məhkəməsi Plenumunun iclası Konstitusiya Məhkəməsinə materiallar daxil olduğu gündən ən geci 10 gün keçənədək başlanmalıdır. Yoxlama prosesi tələb etsə, Konstitusiya Məhkəməsi öz qərarı ilə bu müddəti artıra bilər.
Qanunda göstərilir ki, Konstitusiya Məhkəməsi apelyasiya instansiyası məhkəmələrindən və Ali Məhkəmədən seçki hüquqlarının müdafiəsinə dair işlər üzrə baxılmış ərizələr haqqında məlumat tələb edir. Bu, çox mühüm bir amildir və seçkilərin nəticələrinin ləğv edilməsi barədə iddialara tam aydınlıq gətirir. Bu o deməkdir ki, istənilən 125 dairədə nəticələr o halda ləğv edilə bilər ki, seçkinin nəticələrindən narazı qalmış namizədin (və ya namizədlərin) üç məhkəmə instansiyasına müraciəti olsun. Yəni bu prosedur sənədlər olmadan Konstitusiya Məhkəməsi hansısa dairədəki nəticəni özbaşına ləğv edə bilməz. Məhz bu səbəbdən də Konstitusiya Məhkəməsi apelyasiya instansiyası məhkəmələrindən və Ali Məhkəmədən seçki hüquqlarının müdafiəsinə dair işlər üzrə baxılmış ərizələr haqqında məlumat tələb edir.
Noyabrın 1-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərdə siyasi partiyaların qazandıqları deputat mandatlarının sayında isə dəyişiklik olub. Belə ki, Ümid və Ədalət partiyaları parlamentdə təmsilçilikdən məhrum olub. Vəhdət Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası və Azərbaycan Sosial Demokrat Partiyaları isə parlamentdə təmsil olunmaq hüququ qazanıb.
Partiyaların parlamentdə təmsilçilik sayına gəlincə, Konstitusiya Məhkəməsi bu gün 124 dairənin hamısında nəticələri təsdiqləyəcəyi halda Yeni Azərbaycan Partiyası 69, Vətəndaş Həmrəyliyi Partiyası 2, Ana Vətən Partiyası 1, Azərbaycan Demokratik Maarifçilik Partiyası 1, Azərbaycan Sosial Rifah Partiyası 1, Azərbaycan Sosial Demokrat Partiyası 1, Vəhdət Partiyası 1, Milli Dövlətçilik Hərəkatı Partiyası 1, Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası 1, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası 1, Böyük Quruluş Partiyası 1, Vətəndaş Birliyi Partiyası 1 nəfərlə Milli Məclisdə təmsil olunacaq.
Ümumilikdə isə builki parlament seçkilərində partiyalar 81 deputat mandatına sahib olub. Seçkilərdə qələbə qazanmış bitərəflərin sayı isə 43 nəfərdir.
2010-cu ildə IV çağırış Milli Məclisə keçirilən seçkilərdə isə partiyalar 83 yer (Yeni Azərbaycan Partiyası 71, Vətəndaş Həmrəyliyi Partiyası 3, Ana Vətən Partiyası 2, Demokratik İslahatlar Partiyası 1, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası 1, Böyük Quruluş Partiyası 1, Vətəndaş Birliyi Partiyası 1, Ədalət Partiyası 1, Azərbaycan Sosial Rifah Partiyası 1, Ümid Partiyası 1 yer) qazanmışdı. Seçkilərdə qələbə qazanmış bitərəflərin sayı 42 nəfər idi.
Etibar SEYİDAĞA






