Bakının Səbail rayonunda qonşusunu bıçaqlayan şəxs yenidən həbs edilib. Bakı Apelyasiya Məhkəməsi bir müddət əvvəl azadlığa buraxılan şəxsə yüngül cəza verildiyi qənaətinə gəlib.
Musavat.com xəbər verir ki, 1993-cü il təvəllüdlü Fərid Cahangiri Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə şərti cəza alıb və həbsdən azadlığa buraxılıb.
Hadisə ötən il Novruz bayramı günü- mart 20-də tonqal başında baş verib. Fərid əvvəldən mübahisə etdiyi qonşusu Məmmədi bıçaqlayıb.
Fərid Cahangiri məhkəmədə özünü qismən təqsirli bilib. Deyib ki, evə gələn anasının yükü ağır olduğundan ona köməyə gedib: “Anam məhəlləyə taksi ilə gəldi. Həmin yol yoxuş olduğundan taksinin arxasında avtomobili ilə dayanan Məmməd maşından yüksək səslə taksi sürücüsünə irad bildirdi ki, avtomobili orada saxlamasın. Məmmədin söyüş söyə biləcəyini düşünüb ona xəbərdarlıq etdim. Çünki anam həmin avtomobildə idi. Ona görə Məmmədə bir az yavaş danışmağı məsləhət bildim. Məmmədin iradıma görə acığı tutdu. Dedim ki, gözlə, gəlirəm”.
Fərid evdən qayıtdıqdan sonra Məmmədlə yenidən görüşüb: “Bir-birimizin yaxasından tutub əlbəyaxa olduq. Ətrafdakılar bizi aralaşdıranda Məmməd nəsil söyüşü söydü.
Bir az sonra yenidən məhəlləyə getdim. Məmməd uşaqlarla orada idi. Həmin şəxslərə Məmmədlə söhbətim olduğunu dedim. İkimiz kənara çəkildik. Dedim ki, kişi dalaşar da, döyülər də, döyər də, amma söyüş söymək olmaz. Bıçağı çıxarıb Məmmədin qarnına bir dəfə vurdum. Məmməd qışqıranda oradan qaçdım”.
Məmməd isə ifadəsində deyib ki, Fəridin anasının olduğu taksi yolun tam ortasında saxladığı üçün sürücüyə irad bildirib. Bu zaman Fərid kənardan gələrək onun üstünə qışqırıb və buna görə mübahisə ediblər.
“Sürücü əl işarəsi ilə mənə üzrxahlıq etdi. Amma Fərid qışqırdı. Buna görə mübahisə elədik. Fərid dedi ki, birazdan gələcəm. Geri qayıdanda təkbətək söhbət etmək istədiyini dedi. Məhəllədəki uşaqlardan aralaşan kimi bıçaqla məni vurdu və “bu, söyüş üçün” dedi. Mən qışqırdım. Uşaqlar köməyə gəlib məni xəstəxanaya apardı”- deyən zərərçəkmiş şikayət və tələbinin olmadığını bildirib.
Fərid şərti cəza alıb azadlığa çıxıb, amma prokuror bu hökmdən narazı qalaraq apelyasiya protesti verib. Prokurorun fikrincə Fərid ağır cinayət törədib və məhkəmə onun əməlinə düzgün qiymət verməyib.
Fərid Cahangiri də məhkəməyə müraciət edərək bu əməli xuliqanlıq niyyəti ilə törətmədiyini deyib və özünü Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi isə günahkar bilib.
Məhkəmə tərəfləri dinlədikdən sonra belə qənaətə gəlib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin Fərid Cahangiri barəsində çıxardığı hökm ədalətli deyil.
Bakı Apelyasiya Məhkəməsi təqsirləndirilən şəxsin xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsə həyat üçün təhlükəli olan, qəsdən sağlamlığına ağır zərər yetirməsini və cinayətin təsnifatına görə ağır cinayətlər sırasına aid edilməsini nəzərə alaraq hökmü dəyişib. Hökmə əsasən Fərid Cahangiri barəsində tətbiq edilmiş şərti cəza hökmdən xaric edilib. Fərid Cahangiri 6 il azadlıqdan məhrum edilib. Daha əvvəl həbsdə qaldığı 6 ay 21 gün cəzadan çıxılmaqla qalan müddəti həbsdə keçirməsi qərara alınıb və məhkəmə zalında qandallanıb.
İlkin muradov
Musavat.com






