İnsanlara hürriyət, millətlərə istiqlal!

BU DA “KİTAYSKİ” KİNO

1701 16.07.2012 09:45 Yazarlar A A

Evdən çıxanda mobil telefonunu unudanlar üçün rəsmən dünyanın sonu çatır. Doğrudanmı bu şoğəribə bu qədər bağlı qalmışıq? Səfərə çıxanda daha çox diqqətimi çəkir. Dostlar şəkil çəkdirir, amma bir məqsəd üçün. “Şəkil çəkdirək, facebook-a, tvitter-ə yerləşdirək”. Adam baxır, bu “paylaşma həvəskarlarının” çoxu normal həyatda heç beş adamla düz-əməlli dost deyil. Amma bunu həyat tərzinə çevirib. Sırf dəbdən geri qalmamaq, paylaşmaq, yenə və yenidən paylaşmaq üçün.
Rəfiqələr tanıyıram ki, ildə bir dəfə görüşüb üz-üzə gəlmirlər. Bütün dialoqları virtualdır. Uşaqlarının fotosunu belə internet vasitəsilə göndəriblər bir-birinə. O halda bu ünsiyyətin, dostluğun adı “kitayski” deyil, bəs nədir?
“Kitayski” demiş, Azərbaycanda hər şeyin saxtasını yaratmaq bir dəb olub. Son günlərin ən “kitayski” söhbəti isə Kinematoqrafçılar İttifaqına yaradılan alternativdir. Bu haqda çox yazılıb, fərqindəyəm. Amma məni daha çox dublikat təşkilatın nümayəndələri danışanda od götürür. Məlum olur ki, bunlar qəfil asqırıb ayılıblar: kinonun yerlərdə sürünən durumu, aktyorlarımızın acından ölməsi və sair birdən bunları dərdə salıb. Qəfil, birdən, bir gecə yatıb, səhər oyanıblar ki, kinonu xilas etmək lazımdır. Ayaz Salayevin açıqlamasını oxudum o gün. Az qala barmaq silkələyirdi o birilərə. Deyirdi, yaxın günlərdə görəcəksiz yeni təşkilatın effektini. Adam bilmir gülsün, ya ağlasın. İllərdir, susan, susmasını da “mənim bir həyatım var”(guya bizimki beş-on dənədir) deyərək arqumentləşdirən rejissor hələ də bizə iki il əvvəl çəkdiyi filmin niyə senzuraya məruz qalmasının səbəbini açıqlaya bilmir. İllərdir, “bomba kino” çəkəcəyinin anonsunu versə də, türkün sözü, “tık” yox. Yəni, bu cür yaradıcılıq “baqaj”ına sahib olan adamın üzv olduğu qurum barədə kimin ümidi ola bilər axı?
O biriləri danışdırırsan, hamısında bənzər arqument. Xırda umu-küsülər, intriqalar, “yolda gedəndə mənim saçımı çəkmişdi” tipində kin yaddaşları. Bəs bu söhbətlərin içində kino hardadır? Maliyyə var, ofis var, üzvlər var, amma.... Kino yoxdur, bəylər, kino.. Bundan danışan yoxdur.
Əslində isə bu cür davalı kinodan sonra daha nə qaldı çəkməyə? Dedim axı, bizdə hər şey “kitayski”. Bu da Çeki Çan filmidir deyib, keçək...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR