Broyler şirkətlərinə ağır zərbə: Əhali toyuq ətindən imtina edir
Eyyub Hüseynov: “Broyler toyuqları ilə bağlı problem var, əhali narahatdır”
Afət Yaqubova: “Mən əminəm ki, bu videonu hazırlayanlar bazarda hansısa yer tutmaq istəyənlərdir”
Ötən həftə broyler toyuqlarının iynə ilə şişirdilməsini əks etdirən videogörüntülər mediada yayıldıqdan sonra bazarlarda quş ətinə olan tələbat azalıb. Əhali haqlı olaraq, yediyi qidanın təhlükəsizliyindən təşvişə düşüb və istehlak səbətində quş əti məhsullarını ixtisar edib.
Restoran və kafelərdə də qrilin satışında problemlər yaranıb, alıcılıq səviyyəsi azalıb. Təbii olaraq, bu durum broyler şirkətlərini də narahat etməyə bilməz.
Hazırda bu sahədə vəziyyətin necə oluğunu öyrənmək üçün broyler şirkətləri ilə əlaqə saxladıq. Bəzi şirkət nümayəndələri mətbuata danışmaqdan imtina etsələr də, həmin videogörüntülərin saxta olduğunu dedilər.
“Səba” broyler şirkətinin mətbuat əlaqələndiricisi Afət Yaqubova sözügedən videonun yayımından sonra toyuq məhsullarının satışında problem yaşandığını və bunun məqsədli şəkildə təşkil olunduğunu bildirdi: “Mən çox təəssüf edirəm ki, peşəkar televiziyalar belə bir videonu yayımladılar. Çünki o videoya baxarkən onun gerçək və ya qurama olduğunu aydın şəkildə görmək olur. İri broyler şirkətlərində istehsal prosesi tam fərqlidir, gündə minlərlə toyuq konveyerdən keçir, onların heç birini götürüb, bir-bir iynə vurmaq mümkün deyil. Bu, tamamilə absurd bir fikirdir. Mən özüm videoya baxdım. Video quramadır. Bu, kiməsə ziyan vurmaq üçün hazırlanmış bir videodur. Videoda görünən yer heç bir istehsal müəssisəsinə bənzəmir. Toyuqların qidalanmasına və necə bəslənməsinə gəlincə, “Səba” şirkəti beynəlxalq sertifikata sahibdir və bu sertifikat təkcə kəsim qaydaları üçün deyil. Sertifikat antisanitariya, gigiyenadan tutmuş bəslənmə prosesində hər şeyi əhatə edir. Biz toyuqların qidasına da diqqət yetiririk. Çünki həmin sertifikatın tələblərinə görə toyuqlar GMO-lu məhsullarla bəslənməməlidir. GMO ilə bəslənməsinə icazə verilməyən bir toyuğun içərisinə biz o cür mənşəyi bəlli olmayan maddəni vura bilərikmi?
Həmin videonun yayımlanması insanlarda qorxu yaradıb ki, yedikləri toyuqların mənşəyi nədən ibarətdir. Videonu hazırlayan da məhz bu məqsədi güdüb. Onlar istəklərinə demək olar ki, nail oldular. Çünki yaranan psixoloji xof broyler şirkətlərinin, o cümlədən də, bizim satış işlərinə mənfi təsir edib. Mən əminəm ki, bu videonu hazırlayanlar bazarda hansısa yer tutmaq istəyənlərdir. İlk addımı belə haramlıqla atanlar, kim bilir, xalqa nə yedizdirəcəklər?”
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə musavat.com-a bildirdi ki, broyler şirkətləri satışın azalmasını istəmirlərsə, istehlakçıları maraqlandıran suallara cavab verməlidirlər: “Bu videonun yayılması broyler toyuqlarının satışına birmənalı şəkildə təsir edib. Bu videodan sonra mənə istehlakçılardan onlarla zəng gəlib. Onlar toyuqların keyfiyyəti ilə bağlı narahatdırlar. Mən özüm də videonu izləmişəm. Burada rəqabət amillərinin də rolu var. Ola bilər ki, bu, bazarda haqsız rəqabət amillərindən qaynaqlanır.
Ola bilər ki, bu, qırmızı ət satanların toyuq ətinə olan tələbatı azaltmaq üçün etdikləri bir oyundur. Bunlar təbii ki, bir ehtimaldır. Ancaq broyler toyuqları ilə bağlı problemlər var. Əhali narahatdır. İnsanlar zəng edib, soruşurlar ki, niyə toyuq ətləri bişirilərkən dağılır, broyler toyuqlarının sümükləri ovxalanır, sümüklər göy rəngdə olur? Əhali deyir ki, toyuqların buzu açıldıqdan sonra 200-300 qram azalır, bunun səbəbi nədir? İnsanlar bilmək istəyirlər ki, broyler toyuqlarının tərkibində baytarlıq dərmanlarının, antibiotiklərin miqdarı nə qədərdir? Toyuq ətini yeyərkən həmin dərmanlar bizim orqanizmimizə də geçirmi? Broyler şirkətləri isə əhalinin bu suallarını cavablandırmırlar”.
Ekspert həmçinin, broyler şirkətlərindən istehsal müəssisələrində cəmiyyətə açıq ekspertizaların keçirilməsini də tələb etdi: “Mənim üçün maraqlıdır ki, ictimai təşkilatın sədri olaraq, mən və mətbuat nümayəndələri açıq ekspertizada iştirak edə bilək. Biz öyrənməliyik ki, müxtəlif dərmanların təsiri toyuq ətlərindən necə təmizlənir? Toyuq yemlərinə hansı hormonal preparatlar nə qədər qarışdırılır? Toyuq yemlərində GMO məhsullarından istifadə olunurmu? Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması ərəfəsində Azərbaycanda Əhalinin Qida Təhlükəsizliyi nişanı təsis olundu və dövlət qeydiyyatına da alındı. Biz çalışdıq ki, həmin nişanı broyler şirkətlərinə də aid edək. Lakin bu şirkətlərin heç biri həmin qida təhlükəsizliyi nişanına uyğun gəlmir. 3 il ərzində cəmi 6 müəssisə buna layiq görülüb. Ancaq broyler fabriklərinin sayı 47-dən artıqdır və onların heç biri bu qida nişanına layiq görülməyib. Əhalinin şikayətləri davam edir. Və nə qədər ki, problemlər var, bu sahə inkişaf etməyəcək”.
Nərgiz Liftiyeva






