Rusiyayla münasibətlərinin pisləşməsi təhlükəsinə baxmayaraq ABŞ-ın ardınca Britaniya da Ukraynaya uzaqmənzilli artilleriya göndərəcək. Britaniyanın müdafiə naziri Ben Wallace-ın sözlərinə görə, “M270” reaktiv yaylım atəş sistemi Ukraynaya Rusiyanın təcavüzündən daha yaxşı müdafiə olunmağa kömək edəcək.
Rəsmilər Ukraynaya neçə ədəd sistem göndərəlicəyini açıqlamayıblar, amma BBC-nin əldə etdiyi məlumata görə, söhbət üç vahiddən gedir.
Qərb hərbi ekspertləri Rusiya ordusunun Donbasdakı bəzi uğurlarını, o cümlədən, Severodonetsk şəhərinin bir hissəsini ələ keçirməsini onun məhz ağır texnika və artilleriya baxımından üstünlüyü ilə əlaqələndirirlər. Ukrayna ordusu ümid edir ki, Qərbdən göndəriləcək MLRS-lər bu müharibədəki yaxın döyüşlərdə nisbətən zəif olan Rusiya qoşunlarına qarşı daha effektiv mübarizə aparmağa kömək edəcək.
Ötən həftə ABŞ Ukraynaya raket sistemləri verdiyini açıqlamışdı.
Vaşinqtonun bu ölkəyə “M142” Mobil Artilleriya Raket Sistemləri (HIMARS) göndərmək qərarı artıq Moskvanın əks reaksiyasına səbəb olub: bazar günü Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Qərb ölkələri Ukraynaya uzaqmənzilli artilleriya silahları versələr, Rusiya ordusunun zərbə hədəfləri siyahısını genişləndirəcək.
Johnson hökuməti isə yaxın həftələrdə Ukrayna hərbçilərinin yeni silahların istifadəsiylə bağlı Britaniyada təlim keçəcəklərini bəyan edib.(BBC)






