Böyük Britaniyanın hərbi komandanlığı Rusiya prezidenti Vladimir Putinin "sağlamlığının yaxşı olmadığı" və ya “öldürülə biləcəyi” ilə bağlı şayiələri təkzib edərək, bunu xəyalpərəstlik adlandırıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya ordusunun Baş qərargah rəisi, admiral Toni Radakin BBC radiosuna müsahibəsi zamanı danışıb.
“Düşünürəm ki, onun (Putinin) sağlam olmadığı və ya kiminsə onu öldürəcəyi ilə bağlı bəzi şərhlər ancaq arzulardan ibarətdir. Hərbi peşəkarlar olaraq biz Rusiyada nisbətən sabit bir rejimi görürük. Prezident Putin istənilən müxalifəti əzməyə qadirdir. Rusiyada ondan tam asılı olan iyerarxiya mövcuddur və buna görə də yuxarıdakılardan heç kimin prezident Putinə meydan oxumaq gücü yoxdur”,-deyə o bildirib.
Britaniyalı general Rusiya təhdidinin bundan sonra on illər boyu qalacağını söyləyib. “Gələcək baş nazir də bilməlidir ki, Rusiya Böyük Britaniya üçün ən böyük təhlükə qalmaqda davam edir”,-deyə o qeyd edib.
Musavat.com






