İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya kəşfiyyatından növbəti “11 sentyabr” xəbərdarlığı - “Əl-Qaidə” qayıdırmı...

359 14.09.2021 10:40 Gündəm A A

Londonun daha əvvəlki xəbərdarlığı da təsdiqini tapmışdı, Kabil aeroportu partladılmışdı, indi isə əks-kəşfiyyatın rəhbəri Ken Makkallum mesaj verir ki, Vaşinqtonun qərarı ekstremistləri ruhlandırıb; ekspert: “Kəşfiyyat məlumatları dilə gətirilirsə, təhlükənin ən yüksək səviyyədə olduğunu deməyə əsas verir”

ABŞ-ın biabırçı şəkildə Əfqanıstanı tərk etməsi bəzi siyasi və kəşfiyyat mərkəzlərində terror xofunu artırıb. “Yeni Müsavat” bildirir ki, “Taliban”ın təkhakimiyyətliliyə yiyələnməsindən sonra bölgədə və dünyada terrorun genişlənəcəyi, həmçinin “İŞİD” və “Əl-Qaidə” kimi şəbəkələrin xortlayacağı mülahizələri səslənir.

Böyük Britaniya əks-kəşfiyyatının rəhbəri Ken Makkallum da “The Times”a deyib ki, ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması 11 sentyabr 2001-ci ildə olduğu kimi daha bir terror aktı riskini artırıb. Onun sözlərinə görə, Vaşinqtonun qərarı ekstremistləri ruhlandırıb. “Bu, terrorçuların daha irimiqyaslı hücumlar həyata keçirmək üçün yenidən qruplaşmaq təhlükəsini artırır”, - Makkallum əlavə edib.

Britaniya tərəfinin daha əvvəl də xəbərdarlığı olmuşdu və təsdiqini tapmışdı. Söhbət Kabil hava limanında baş verən terror aktından gedir. Ölənlər arasında amerikalı hərbçilər də var idi. Bundan sonra ABŞ lideri Cozef Bayden terroru üzərinə götürən “İŞİD”in Xorasan qanadından qisas alınacağını söyləmişdi. Lakin hələlik hər hansı antiterror əməliyyatları olmayıb. Amerika gözləyir ki, “Taliban” Əfqanıstanda stabilliyi bərqərar etsin. Sadəcə, bunun ardınca Britaniya kəşfiyyatının yenidən narahatlığı düşünməyə əsas verir: bu xəbərdarlıq nə dərəcədə ciddidir, “İŞİD” dirçələ bilərmi, növbəti “11 sentyabr” xəbərdarlığı səhih informasiyalara əsaslanırmı, yoxsa hansısa müsəlman ölkəsinə hücum üçün indidən zəmin yaradılır? Adətən terror aktlarını bəhanə edən Qərb cəbhəsi sonra Şərq ölkələrinə qarşı hərbi ekspansiya həyata keçirir. Odur ki, 20 il qabaq 11 sentyabr teraktını törətmiş “Əl-Qaidə”nin yenidən baş qaldırması ehtimalları meydana çıxır. Amma hədəfin hansı ünvan olduğu ingilis əks-kəşfiyyatının rəhbərinin dilindən səslənməyib.

Sentyabrın 9-da ABŞ-ın müdafiə naziri Lloyd Ostin isə bəyan edib ki, Əfqanıstanı platsdarm qismində 20 il əvvəl ABŞ-a qarşı istifadə etmiş “Əl-Qaidə” terror qruplaşması bu ölkədə yeni hakimiyyətin dövründə dirçələ bilər. Nazir deyib ki, ABŞ bu qruplaşmanın Əfqanıstana qayıtmasının qarşısını almağa hazırdır, çünki qruplaşma Amerikaya təhlükə yarada bilər: “Bütün cəmiyyətlər müşahidə edirlər ki, ”Əl-Qaidə"nin Əfqanıstanda dirçəlmək imkanı varmı və bu zaman nə baş verər? Amma onların təbiəti belədir ki, həmişə inkişaf və dirçəlmək üçün ərazi tapmağa can".

Göründüyü kimi, həm Britaniya əks-kəşfiyyatının rəhbəri, həm ABŞ müdafiə nazirinin açıqlamaları vəziyyətin ciddiliyindən xəbər verir.

Məşhurların övladları: Pənah Hüseynin hüquqşünas oğlu - FOTOLAR - Modern.Az  Azərbaycan və dünya xəbərləri

Siyasi ekspert Vaqif Hüseynin “Yeni Müsavat”a dediyinə görə, Britaniya kəşfiyyatı lap qədim vaxtlardan Əfqanıstanda gedən proseslərdən müfəssəl bilgiləri olan qurumdur: “19-cu əsrdə də belə olub, indi də... Britaniyanın bölgə ilə bağlı kəşfiyyatı tək Əfqanıstan əhatə etmir. Eynilə Pakistanda, Hindistanda gedən hadisələr haqda həmişə səhih məlumatları olan kəşfiyyat orqanıdır. Ona görə bu cür xəbərdarlığı ciddiyə almaq lazımdır. Hər halda, təyyarə qaçırılması olmaz, başqa bir üsuldan istifadə edilə bilər”.

Ekspertin fikrincə, kəşfiyyat məlumatlarının dilə gətirilməsi, təhlükənin ən yüksək səviyyədə olduğunu deməyə əsas verir: “Çünki kəşfiyyat rəhbərləri adətən ictimaiyyətdə panika olmasın deyə terror təhlükəsini açıqlamırlar, gizli işləyirlər. Amma hər hansı qorxu ilə bağlı məlumat verilirsə, deməli, ictimaiyyətin son dərəcə diqqətli olmasına çağırış edilir. Yəni kömək istənilir. Lakin dünya siyasətinin axarını dəyişəcək bir hadisə olmasa, Əfqanıstana yaxın vaxtlarda müdaxilə güman etmirəm. Ancaq Britaniya tərəfinin xəbərdarlığı ciddidir və buna bəsit baxmaq olmaz”.

Qeyd edək ki, 2001-ci il sentyabrın 11-də ABŞ-da yerləşən Dünya Ticarət Mərkəzi və Pentaqona hücumda “Əl-Qaida” terror təşkilatını ittiham edən ABŞ prezidenti Corc Buş “Taliban” hökumətindən həmin terror qruplaşmasının liderinin təhvil verilməsini tələb etmişdi. Daha sonra Əfqanıstana ordu yeridən ABŞ “Taliban”ın hakimiyyətinə son qoymuşdu. Amma “Taliban” 20 il sonra - bu ilin avqustunda yenidən Əfqanıstanda hakimiyyəti ələ keçirməyə müvəffəq oldu.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR