Britaniya filmi Kann festivalının qalibi oldu
Bu, 80 yaşlı rejissor ken Loach-un Kann festivallarında ikinci qələbəsidir
Britaniya rejissoru Ken Loach-un “Mən, Daniel Blake” (I, Daniel Blake) filmi Kann Festivalında Palme d'Or mükafatını qazanıb.
Bu, 80 yaşlı rejissorun Kann festivallarında ikinci qələbəsidir. 2006-cı ildə “Qızıl Palma Yarpağını” onun “Arpalığı yelləyən külək” (The Wind That Shakes the Barley) filminə vermişdilər.
Dram janrında çəkilmiş “Mən, Daniel Blake” filmi İngiltərənin Nyukasl şəhərindən olan bir dülgər haqqındadır. O infarkt keçirdikdən sonra dövlət müavinəti ala bilmək üçün çarpışır.
Hər iki filmin ssenarisini rejissorun köhnə dostu Paul Laverty yazıb.
Filmin süjetini əsas qəhrəmanın dolanışıq ucbatından Londondan Nyukasla köçən tənha ana ilə rastlaşması təşkil edir.
Kann festivalının internet saytında təsvir edildiyi kimi hər iki qəhrəman “dövlət bürokratik sisteminin məngənəsinə” düşür.
Ken Loach mükafatı alarkən etdiyi qısa çıxışında deyib ki, onun məqsədi insanlara ümid vermək olub. Yəni "başqa bir dünya da mövcud ola bilər”.
“Bizim yaşadığımız dünya hazırda təhlükəli xəttə çatıb, - deyib rejissor, - Biz qənaətcillik adlanan və bizi fəlakət həddinə çatdırmış neoliberalizm tərəfindən tətbiq edilən zərərli layihənin məngənəsinə düşmüşük”.
Ken Loach Britaniya cəmiyyətində həmişə sosial ədalətin və sadə insan arzularının carçısı kimi tanınıb.
Təsadüfi deyil ki, Britaniyanın əsas müxalifət partiyası – leyboristlər rejissoru rəsmən təbrik edib.
O 2013-cü ildə “neoliberalizmə meydan oxumaq üçün” ifrat solçu təşkilat Left Unity (Sol Birlik) partiyasını yaradıb.
“Mən, Daniel Balke” 50-dən çox film çəkmiş Louch-un Kann festivallarına təqdim etdiyi 13-cü film idi.
Kann festivalı İran rejissoru Əsgər Fərhadi üçün də uğurlu olub. Onun “Satıcı” (Foruşande) filmi iki mükafata layiq görülüb.
Münsiflər heyəti bu filmi “ən yaxşı ssenari” və “ən yaxşı aktyor” (Şahab Hoseyni) mükafatlarına layiq görüb.
“Ən yaxşı aktrisa” mükafatı filippinli Jaclyn Jose-yə rejissor Brillante Mendoza-nın “Ma' Rosa" filmindəki roluna görə verilib.
Festivalın Grand Prix mükafatı kanadalı rejissor Xavier Dolan-ın “Bu, sadəcə olaraq dünyanın axırıdır” (Juste la Fin du Monde) filminə qismət olub (BBC).






