İnsanlara hürriyət, millətlərə istiqlal!

“Breksit”in fəsadları Bakıya da çatdı - məşhur firma iflasda - FOTOLAR

2109 06.11.2019 10:35 Reportaj A A

Azərbaycanda “Mothercare”lər bağlanırmı; satıcılar bildirdilər ki...

İngiltərənin uşaq geyim məhsulları şəbəkəsi “Mothercare” firması iflas edir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə firmanın rəsmi açıqlamasında deyilib.

Verilən informasiyada “Mothercare”nin Böyük Britaniyada 79 mağazasında gəlirlərinin olduqca düşdüyü göstərilib.

Şirkət qapadılacağı ölkədə 2 min 500 şəxsin işsiz qalacağı gözlənilir.

Britaniya mətbuatı “Mothercare”nin təkcə bu ilin mart ayına qədər 36,3 milyon funt zərər etdiyini yazmışdı.

Bununla bağlı şirkət hətta onun brendinə sahib çıxacaq alıcı tapa bilmir.

Ümumiyyətlə, ekspertlər “Breksit”dən sonra Böyük Britaniyada iqtisadi durumun olduqca pisləşdiyini qeyd edirlər. Buna görə son dövrlərdə iqtisadi risklər artıb və istehlak tələbatında mənfi dəyişikliklər müşahidə olunur.

 Hazırda ölkənin böyük pərakəndə şəbəkələri mağazalarını bağlayır, işçilərini çıxarır və iflas üçün dövlət orqanlarına baş vururlar.

Azərbaycanda da “Mothercare”in mağazaları fəaliyyət göstərir. Belə ki, hazırda Bakıda “Mothercare”nin Rəsulzadə küçəsində, Hüseyn Cavid prospektində, Azərbaycan prospektində və Atatürk prospektində mağazası fəaliyyət göstərir. Bəs bu mağazalarda durum necədir?

“Yeni Müsavat”ın əməkdaşı olaraq mağazalardan birində olub, ümumi vəziyyətlə maraqlandıq. Müşahidə etdik ki, mağazalarda hansısa böhran hiss olunmur. Mövsümlə bağlı geyimlər bir qədər baha olsa da, digər uşaq geyimlərinin qiyməti başqa xarici mağazalarla təxminən eynilik təşkil edir. Mağazada ən çox alınan 3-lü body dəsti 17 manat 90 qəpiyə, kambinizonlar 53 manat və daha yüksək qiymətə, ayaqqabılar 35 manat və daha yüksək qiymətə, kurtkalar  qalınlığında asılı olaraq 35-79 manat civarında dəyişən qiymətlərlə satılır. Eləcə də növündən, qalınlığından asılı olaraq digər geyimləri də müxtəlif qiymətə satırlar. Mağazada satılan uşaq arabaları isə kifayət qədər bahadır. Belə ki, bu arabaların da yaxşılarının qiyməti növündən asılı olaraq 500-1000 manat ətrafında dəyişən qiymətlərlə satılır. Həmçinin əllə idarə oluna bilən uşaq velosipedləri də 500 manatdan yuxarı qiymətə satılır.

Mağazada söhbət etdiyimiz satıcılar söylədilər ki, onların iş qrafikində hər hansı bir dəyişiklik yoxdur. Eləcə də bildirdilər ki, mağazada hazırda endirim olmasa da mövsüm sonlarında 70 faizə qədər endirimlər olur.

“Yeni Müsavat”a danışan ekspet Natiq Cəfərli bildirib ki, Azərbaycanda bu mağazaların bağlanacağını düşünmür: “Çünki Azərbaycanda bu mağazalar fərqli formada fəaliyyət göstərirlər. Mağazalar adətən ”Franchising" müqaviləsi əsasında Azərbaycanda fəaliyyət qurublar. Yəni mağaza, sadəcə olaraq, brendin adını götürür. Ona görə də, məsələn, İngiltərədə eyni adlı mağazadan aldığın geyimi, Azərbaycanda geri qaytara bilmirsən. Ancaq digər ölkələrdə bu, mümkündür. Buna görə də düşünürəm ki, əksinə, Azərbaycan kimi ölkələrdə mağazaların sayı arta bilər. Çünki şirkət İngiltərədə itirdikləri payı qarşılamaq üçün aqressiv siyasətə baş vurub, ard-arda bizim kimi ölkələrdə mağazalar aça bilər".

Əli RAİS,
“Yeni Müsavat”
Fotolar müəllifindir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR