Daxili İşlər Nazirliyi (DİN) Bakıda Böyük Britaniya və ABŞ vətəndaşlarının döyülməsi ilə bağlı rəsmi məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 15-dən 16-na keçən gecə saat 00:20 radələrində paytaxtın Yasamal rayonundakı Vidadi küçəsində dörd nəfər naməlum şəxs tərəfindən Böyük Britaniya vətəndaşı Silya Devis və ABŞ vətəndaşı Amanda Eriksona qarşı zor tətbiq edilməklə döyülmələri barədə Yasamal Rayon Polis İdarəsinə (RPİ) məlumat daxil olub.Bununla əlaqədar həmin gün Yasamal RPİ-nin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Cinayətdən zərər çəkmiş şəxslər dindirilib, onu törədənlərin fotorobotları tərtib olunub və məhkəmə-tibbi ekspertizası təyin edilib.
Cinayətin açılması və icraçılarının müəyyən edilib tutulması üçün DİN-nin və Bakı Şəhər Baş Polis İdarəsinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb və intensiv tədbirlər həyata keçirilir. Məlumatda bildirilir ki, bu istiqamətdə görülən işlər DİN rəhbərliyinin nəzarətindədir. Xatırladaq ki, iyunun 15-i axşam saatlarında amerikalı jurnalist Amanda Eriksonla britaniyalı hüquq müdafiəçisi Silya Devis Bakıda naməlum şəxslərin hücumuna məruz qalıblar. Həmin axşam Milli Dram Teatrının yaxınlığında idmançı bədən quruluşuna malik bir neçə gənc qızların üzərinə hücum çəkib və heç bir izahat vermədən onları döyməyə başlayıb. Nəticədə onlar ciddi zədələr alıblar.Məlumata görə, hücuma məruz qalanlar həmin axşam dənizkənarı parkda 15 iyun Qurtuluş günü münasibətilə təşkil olunan bayram atəşfəşanlığına tamaşa etmək üçün gediblər. Əcnəbilərin üzərilərindəki pul, telefonlar və başqa qiymətli əşyalar götürülməyib. Bu da hücumun qarət məqsədilə edilmədiyini göstərir.






