Üç illik müddəti olan istiqrazların faiz dərəcəsi 10,5-dir, nominal dəyəri 1000 manatdır və cəmi 10 min pay hərraca çıxarılır...
“Bravo” marketlər şəbəkəsini idarə edən “Azərbaycan Supermarket” MMC istiqraz buraxılışı yolu ilə 40 milyon manat cəlb etməyi nəzərdə tutur. Oktyabrın 14-də Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı “Azərbaycan Supermarket” MMC-nin ümumi dəyəri 10 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib. Birjanın yaydığı məlumata görə, 28 oktyabr 2021-ci il tarixində “Azərbaycan Supermarket” MMC-nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək.
Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Üç illik müddəti olan istiqrazların faiz dərəcəsi 10,5-dir. Nominal dəyəri 1000 manatdır və cəmi 10 min pay hərraca çıxarılır.
“Azərbaycan Supermarket” MMC-yə məxsus “Bravo” marketlər şəbəkəsi Azərbaycanda ən böyük və əsas pərakəndə ticarət şəbəkələrindən biri sayılır. MMC-nin açıqladığı məlumata görə, hazırda Azərbaycanda şəbəkəyə daxil olan 83 min kvadratmetr sahəyə malik 71 mağaza fəaliyyət göstərir. Üç il öncə - 2018-ci ildə şirkət cəmi yeddi mağazaya sahib idi.

“Azərbaycan Supermarket” MMC-nin maliyyə hesabatına görə, son 4 ildə “Bravo” mağazalarının sayında olduğu kimi, gəlirlərində də ciddi artım qeydə alınıb. Belə ki, şirkətin gəlirləri 2018-ci ildəki 232 milyon manata qarşı 2019-cu ildə 402 milyon manata, pandemiya ili olan 2020-ci ildə isə daha 111 milyon manat artaraq 513 milyon manata çatıb. Hesabat dövründə şirkətin aktivləri də təxminən iki dəfə artaraq 242 milyon manatdan 465 milyon manata yüksəlib. Bu il də şirkətin gəlir və aktivləri böyüyüb və ötən ilin eyni dövrü ilə müqayisədə “Bravo”nun aktivlərində təxminən 26 faiz, məhsul satışlarında 25 faiz, nağd və nağd vəsait ekvivalentlərində isə iki dəfəyə yaxın artım baş verib.
“Azərbaycan Supermarket” MMC-nin istiqraz emissiyasına hazırlaşmasına dair məlumatlarla eyni vaxtda məlum oldu ki, ötən il yarım milyard manatdan çox gəlir əldə etsə də, şirkət üç ildir ki, zərərlə işləyir. Belə ki, “Bravo”nun zərəri 2018-i ildə 44 milyon manata, 2019-cu ildə 42 milyon manata, 2020-ci ildə isə 47 milyon manata yaxın olub. Eyni dövrdə şirkətin borcları da artıb. 2018-ci ildə şirkətin öhdəlikləri 151 milyon manat olduğu halda, 2020-ci ildə bu rəqəm 379 milyon manata yüksəlib.
“Azərbaycan Supermarket” MMC istiqraz buraxılışı ərəfəsində zərərlə bağlı yayılan məlumatlara görə açıqlama ilə çıxış edib. Açıqlamada qeyd olunur ki, “Müasir qida pərakəndəçiliyi” sektorunda müsbət nəticələr və mənfəət əldə etmək üçün mağaza şəbəkəsinin genişləndirilməsinə və müəyyən zamana ehtiyac var: “Hər hansı yeni mağaza 6-12 ay ərzində əməliyyat mənfəəti əldə etməyə başlayır və yalnız fəaliyyətə başladıqdan 18-24 ay sonra bu dövr ərzində yığılmış əməliyyat xərclərini tam ödəyir. Qoyulan investisiyanı tam şəkildə geri qaytarmaq isə mağazanın işə başladığı gündən etibarən təxminən 3-4 il çəkir. Beləliklə, şəbəkəni genişləndirmək və yeni marketlər açmaq üçün daimi investisiyalara ehtiyac olduğunu nəzərə almaq vacibdir”.
Şirkət bildirir ki, maliyyə hesabatında yer alan mənfi maliyyə nəticələri sürpriz yox, aqressiv böyümə strategiyasının nəticəsidir: “Azərbaycanda ”müasir qida pərakəndəçiliyi" üzrə ümumi bazar payı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin beynəlxalq göstəricilərindən geri qalır. Bu da öz növbəsində bizim şəbəkəmizi genişləndirmək və bazar payını qorumaq strategiyamızı izah edir. Son 3 il ərzində biz “Azərbaycan Supermarket” MMC-nin əməliyyat mənfəətinin (EBITDA) artımını müşahidə etmişik. 2020-ci il 2019-cu ildən 50 faiz yüksək olmaqla, həm 2019, həm də 2020-ci illərdə müsbət əməliyyat mənfəəti qeydə alınıb. Əməliyyat marjası (EBITDA-in satışa nisbəti) da illər ərzində artmışdır (2019-cu ilə nisbətən 2020-ci ildə 20 faiz artım). Bu nailiyyət, satış marjasının hər il artması və böyümə nəticəsində idarəetmə xərclərinin satışa nisbətdə optimallaşdırılması sayəsində mümkün olmuşdur. Əməliyyat marjasını (faizlə) artırmaq üçün hələ də imkanlarımız var və bu məqsədimizə çatmaq üçün hazırda bir sıra təşəbbüslər həyata keçiririk".
MMC vurğulayır ki, emissiya prospektində qeyd olunan maliyyə zərərlərinə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının (MHBS) tətbiqi ciddi təsir edib: “Bu təsir özünü təsisçilər tərəfindən əslində faizsiz verilmiş borclara faiz xərclərinin hesablanması, habelə 16 saylı MHBS-nın tələbinə uyğun olaraq mağazaların icarə müqavilələrinin uzunmüddətli öhdəlik kimi tanınması şəklində göstərir. Bunlar biznes perspektivindən baxıldıqda real xərclər deyil. Hər iki dəyişiklik balans hesabatında xalis aktivlərin məbləğinə müsbət təsir göstərsə də, mənfəət və zərər haqqında hesabatda mənfi rəqəmlərlə əks olunur. Menecment uçotu və əməliyyatlar baxımından bu xərclər müəssisənin cari maliyyə vəziyyətini tam əks etdirmir”.
Sənəddə göstərilən öhdəliklərə gəldikdə isə şirkətin açıqlamasına görə, onların, sadəcə, 20 faizi biznes əməliyyatları ilə bağlıdır: “Bizim cari aktivlərimiz (nağd vəsaitlər, mallar və s.) sözügedən öhdəlikləri demək olar ki, 2 dəfə üstələyir ki, bu da əməliyyat likvidliyinin bariz nümunəsidir. Qalan öhdəliklər təsisçilərə olan borc və 16 saylı MHBS-yə əsasən yaradılmış uzunmüddətli icarə öhdəlikləridir. Qeyd etmək lazımdır ki, təsisçilərə olan borc da öz növbəsində mahiyyət etibarilə kapitalın bir növüdür.
Daha əvvəl qeyd olunduğu kimi, əməliyyat likvidliyimizin müsbət olmasına baxmayaraq, biz inkişaf planımızı dəstəkləmək üçün tələb olunan invesitisya xərclərinin maliyyələşmə mənbələrini şaxələndirməyi planlaşdırırıq. Bu məqsədlə də şirkətin əməliyyat gəlirləri və təsisçilərin vəsaitindən əlavə olaraq kapital bazarlarının imkanlarından da istifadə etməyi düşünürük. İnanırıq ki, bu yanaşma Azərbaycan hökumətinin “strateji yol xəritəsi”nə uyğun olmaqla yerli kapital bazarlarının inkişafına töhfə verəcək".
MMC-nin hesablamalarına görə, 2019-cu ildə Azərbaycanın qida və qeyri-qida sektorunda xırda mağazaların payı 69 faiz olub. Bazarın 31 faizi iri mağaza şəbəkələrinə məxsus olub ki, bunun da 2 faizi sırf “Bravo” mağazalarının payına düşüb. Şirkətin proqnozlarına görə, 2025-ci ilədək bazarda xırda mağazaların payı 16 faiz azalaraq 53 faizə enəcək. Həmin dövrdə iri şəbəkələrin payının 47 faiz olacağı proqnozlaşdırılır. Bunun da 8 faizinin “Bravo” mağazalarına məxsus olması hədəflənir.
Bazar payını dörd dəfə artırmaq istəyən şirkətin 2021 və 2022-ci illərdə strateji böyümə planına uyğun olaraq, nəzərdə tutulan bütün tikinti və yenidənqurma layihələri üzrə investisiyası 50 milyon 696 min manat təşkil edəcək. İstiqraz buraxılışı da bu investisiyaları maliyyələşdirməyin əsas üsulu kimi seçilib.
“Bravo”nun genişlənmə planı Azərbaycanın pərakəndə ticarət sektoru üçün nə qədər əlverişli ola bilər? Vətəndaşlar, biznes “Bravo” istiqrazlarını əldə etsinlərmi?
İqtisadçı-alim Elşad Məmmədov hesab edir ki, “Bravo” hazırkı mərhələdə investisiya yatırımı üçün daha çox bank kreditlərinə üstünlük verməlidir: “Çünki şirkətin bazar payını, şəbəkə genişliyini nəzərə alsaq, onun istehsal sahəsinə də istiqamətlənməsi faydalı ola bilər. Bunun üçünsə bank kreditləşməsi daha səmərəli maliyyə mənbəyi ola bilər - istiqrazlar 10,5 faizlikdir və bu, ciddi rəqəmdir. Lakin təəssüflər olsun ki, Azərbaycanda mövcud bank faizləri elə istiqraz faizlərinə bərabər, bəzən ondan da yüksəkdir deyə şirkət məhz istiqraz emissiyası yolunu seçib. Ölkə əhalisinin gəlirlərindəki azalma, yığım imkanlarının məhdudlaşması şəraitində qısamüddətli istiqrazlar üzrə müəyyən nəticələr əldə oluna bilər. Lakin uzunmüddətli layihələrlə bağlı bu mənbəyə ümid etmək doğru olmazdı”.
E.Məmmədov əmindir ki, Azərbaycanda biznesin maliyyə əlçatanlığını normal səviyyəyə çatdırmaq üçün bank faizlərinin kəskin aşağı salınması çox vacibdir. Bu, baş verməsə, iqtisadiyyatın maliyyə ehtiyacları qarşılana bilməyəcək.

Rəşad Həsənov
İqtisadçı-ekspert Rəşad Həsənov isə bildirir ki, “Bravo”nun istiqraz emissiyası passiv aktivlərin iqtisadiyyata cəlb edilməsi yolu kimi müsbət qiymətləndirilməlidir: “Çox arzu edərdim ki, bütün şirkətlər bənzər təcrübə ortaya qoysunlar, alternativ maliyyələşmə mənbələrinə üstünlük versinlər. Bu, eyni zamanda biznesin bank kreditlərindən asılılığını azaltmaqla bank faizlərinin aşağı salınmasını stimullaşdıra bilər. Həmçinin passiv aktivlərin yerləşdirilməsi üçün əlavə alətlər kimi həm vətəndaşın, həm biznesin, həm də digər maliyyə seqmentində fəaliyyət göstərən sahibkarların, hüquqi şəxslərin də seçim imkanlarını genişləndirə bilər. ”Bravo"nun təklif etdiyi istiqrazların faizləri kifayət qədər yüksəkdir. Şirkətin sahiblərinin, özünün maliyyə davamlılığı mötəbərlik üçün əsas verir. Digər tərəfdən, təklif olunan faizlər bank əmanətləri üçün təklif olunan faizlərdən yüksəkdir. Vətəndaşlar, sahibkarlar istiqrazları əldə etməklə öz vəsaitlərini daha uğurla yerləşdirmiş olarlar".
Ekspertin fikrincə, belə istiqraz buraxılışları çox olarsa, Azərbaycanın qiymətli kağızlar bazarında da canlanmaya səbəb olar: “Bu yolla passiv aktivlərin real biznesə cəlb olunması ümumilikdə ölkə iqtisadiyyatında inkişaf proseslərini sürətləndirə, həmçinin qiymətli kağızlar bazarının inkişafına təkan verə bilər. Bu baxımdan, iri biznes subyektlərinin də maliyyələşmə mənbəyi olaraq bu yolu seçmələrini müsbət amil kimi qiymətləndirirəm”.
Dünya SAKİT,
“Yeni Müsavat”






