İnsanlara hürriyət, millətlərə istiqlal!

"Braqada hər tərəf azərbaycanlı qaynayırdı, "Qarabağ" sədaları..." - Elnur Məcidli Portodan yazır VİDEO

1876 17.02.2024 11:48 Yazarlar A A

"1 saat stadionda, polis nəzarəti altında qaldıq, amma..."

"Qarabağ" futbol klubunun "UEFA Europa League 1/16" çərçivəsində Portuqaliyanın "Braqa" klubuyla oynayacağını bildikdə tətilimizi Portuqaliyada keçirmək və öz milli klubumuza dəstək olmaq qərarına gəldik.

Fransadan ailəli-uşaqlı, 9 nəfərlik qrupla bayraqlarımızı götürüb, təyyarə biletimizi alıb, matçdan bir gün öncə Portoya uçduq.

Matç günü, günorta saatlarında artıq Braqadaydıq, komandamıza dəstək nümayişi üçün "Qarabağ" FK-nun yerləşdiyi hotelə getdik.

Braqada hər tərəf azərbaycanlı qaynayırdı.

Küçələrdə, alış-veriş mərkəzlərində, kafe-restoranlarda dünyanın müxtəlif ölkələrindən gəlmiş azərbaycanlıları görmək olardı.

Fransadan, Almaniyadan, İsveçrədən, Böyük Britaniyadan, Hollandiyadan, Belçikadan, Azərbaycandan və hətta uzaq ABŞ-dan gələn azərbaycanlılarla söhbətləşmək imkanımız oldu.

Matç saatı yaxınlaşdıqca şəhərdə "Qarabağ" sədalarını duymaq olurdu. Azərbaycan bayraqlı və "Qarabağ"ın forma, şərflərini üzərində daşıyan azərbaycanlı azarkeşlərə şəhər əhalisi təbəssümlə baxırdı.

Braqa eyni zamanda futbol şəhəridir. Şəhərin mərkəzində və bir çox rayonunda "Braqa" klubunun böyük mağazaları və fan klubları var.

Hazırda Avropanın ən güclü 7-ci liqası sayılan Portuqaliya liqasında 4-cü sırada qərarlaşan "Braqa" klubunun davamlı çempionluğa oynayan, dəfələrlə Portuqaliya liqasının kubokunu qazanmış, İntertoto Kubokunun sahibi, UEFA kubokunun finalisti olmuş bir komanda olduğunu da unutmamalıyıq.

Oyunçularının ümumi dəyəri 120 milyon avrodan artıqdır, heyətində keçmiş "Barselona"lı Abel Ruiz, Rodrigo Zalazar, 20 milyon avro dəyər biçilən Rikardo Horta kimi oyunçuların varlığı da bu klubun gücündən xəbər verir.

Qarşılaşdığımız, danışdığımız braqalılar "Qarabağ"ı zəif rəqib kimi gördüklərini gizlətmirdilər, ancaq biz də ruhdan düşmürdük, pozitiv əhval-ruhiyyə ilə stadiona yollandıq.

Azərbaycanlı azarkeşlərin böyük əksəriyyəti belə, qolsuz bərabərliyi ən optimal nəticə kimi görürdü.

Tələsik axşam yeməyindən sonra 30 min azarkeşə evsahibliyi edəcək Braqa Bələdiyyə Stadionuna yollandıq.

"Braqa" azarkeşlərinə 10-20 avro arasında satılan biletlər rəqib klubun azarkeşlərinə, yəni bizə, uşaq-böyük fərq etmədən 40 avro təyin edilmişdi.

Biletlərimizi alıb "Qarabağ" azarkeşləri üçün ayrılmış qapıdan içəri daxil olduqdan sonra sürətli təhlükəsizlik yoxlanışının ardınca polislərin müşayiəti ilə oyunu izləmək üçün bizim üçün ayrılan sektora doğru yönəldik.

Polislər bizim üçün ayrılmış tribunaya doğru gedərkən hər hansı qarşıdurma olmaması üçün bayraqları bağlı şəkildə tutaraq ancaq oturacağımız tribunada aça biləcəyimizi söylədilər.

BRAQA.jpeg (205 KB)

Bizim üçün ayrılan tribunada əsl Azərbaycan havası əsirdi.

Bu cür oyunlarda iştirak xaricdə yaşayan azərbaycanlılar və onların övladlarında milli təəssübkeşlik ruhunun formalaşması üçün xüsusi əhəmiyyət daşıyır.

Tribunada ingilisdilli, rusdilli, alman və fransızdilli gənclərimizlə və uşaqlarımızla qarşılaşmaq mümkün idi, ancaq hamısının əlində üçrəngli bayrağımızın olmasını görmək, Azərbaycan və "Qarabağ" sədalarını eşitmək, inanılmaz duyğular idi.

Xaricdə, vətəndən kənarda hər nə qədər çalışsaq da, böyüyən övladlarımız təhsil aldıqları dili ana dilindən daha yaxşı mənimsəyirlər; bunun qarşısını almaq mümkün deyil, ancaq milli ruhu formalaşdırmaqla müəyyən balans qurmaq olar.

Məsələn, Fransadakı ermənilərin böyük əksəriyyəti fransızlaşmış və erməni dilini bilməyənlərdir, onları yeganə birləşdirən amil erməni kilsəsidir.

Yaxud biz ərəbin dilini bilməsək də, müsəlman olduğumuz üçün Məkkə bizə müqəddəsdir.

Məhz xaricdə doğulan və böyüyən övladlarımızı da bənzər ruhda böyütməliyik. Onlar Azərbaycan dilində zəif danışsalar belə, Azərbaycanı öz Kəbələri kimi görməli, Azərbaycanın milli maraqlarını yaşadıqları və vətəndaşı olduqları ölkədə müdafiə etməlidirlər.

Doğrudan da bu matç mənim 6 yaşlı oğlum Cəbrayıl və 5 yaşlı qızım Şükufə üçün çox gözəl təcrübə oldu, artıq "Qarabağ"ın Fransada iki balaca azarkeşi daha var.

Matç başlayanda biz də təzahürata başladıq, matç boyu səsimiz nə qədər eşidildi deyə bilmərəm, ancaq biz demək olar ki, heç susmadıq.

Mənim proqnozum 2-0 "Qarabağ"ın xeyrinə olacağıyla bağlı idi. Düzdür, 1 oyun əvvəl öz əzəli rəqibi "Sporting Lisbon"a 5-0 hesabıyla ağır məğlubiyyətə uğramışdı və bu matçda qalib gələrək öz azarkeşlərini sevindirmək, bu ağır məğlubiyyəti bir növ kompensasiya etmək istəyirdi.

Matçın ilk dəqiqələrində proqnozumu bildirəndə yanımdakı azarkeşlərdən biri inamsız şəkildə bərabərliyin belə bizi qane etdiyini söylədi.

"Qarabağ" isə mənim proqnozumdan 2 dəfə artıq qol vurdu, tarix yazdı və bizə də bu tarixi anlara canlı olaraq şahidlik etmək nəsib oldu.

2-4 hesabıyla əldə edilən bu qalibiyyət "Qarabağ" klubunu Avropa futbol aləmində manşetlərə çıxardı, 1 nömrəli gündəm mövzusu etdi.

3 və 4-cü qollardan sonra "Braqa" oyunçularının ŞOK içində olduğunu əyani şəkildə görmək mümkün idi və bu affekt halı yerli komandanın azarkeşlərinə də sirayət edirdi.

"Qarabağ"ın 4-cü qolundan həmən sonra stadionda Azərbaycan dilində verilən anonsda "Qarabağ" azarkeşlərinin matçdan sonra stadionda gözləməsi gərəkdiyi və polis nəzarətiylə çıxacağı söyləndi.

Matç bitdikdən sonra hər hansı qarşıdurma ehtimalına qarşı təxminən 1 saat polis nəzarətində tribunada gözləyəsi olduq və bu müddətdə isə təzahüratlarımıza davam etdik.

Polis nəzarətində stadionu tərk edən azarkeşlərimizi bir şey daha çox birləşdirirdi: QÜRUR HİSSİ!

Bizə bu qüruru yaşatdığın üçün bir daha təşəkkürlər, "Qarabağ!"

Elnur Məcidli, Paris

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR