AzMDP sədri, İctimai Palata Koordinasiya Şurasının (İP KŞ) üzvü Qələndər Muxtarlı dedi ki, Bozqurd Partiyası 1992-ci il, dekabrın 26-da yaradılıb. Amma 1995-ci il, martın 17-də həm təşkilatın, həm də eyniadlı qəzetin fəaliyyəti dayandırılıb. Bu sessiya AzMDP-nin sayca 2-ci, Bozqurdların isə 60-cı sessiyasıdır. Q.Muxtarlı sonra ölkədəki ictimai-siyasi durumdan danışdı: “Cəmiyyət prezident seçkisi ilinə daxil olur. AzMDP müxalifətin ən böyük koalisiyası olan İP-də təmsil olunur. Hakimiyyət indiyə qədər nəzarətdə olan müxalifət təsis etdiyini düşünürdü. Amma 2010-cu il hadisələri, yaxın coğrafiyada baş verən proseslər ölkədə müxalifətə ciddi inam yaratdı. Biz böyük tarixi fürsətin astanasındayıq. Avropa 2003-cü il seçkilərində faktiki prezident seçilən İsa Qəmbərin qələbəsinə göz yumdu. Amma indi Avropanın Azərbaycana münasibəti dəyişib. Son zamanlar hakimiyyətlə bp şirkəti arasında yaranan narazılıq neftin azalması amili ilə bağlı deyil. Qərb ciddi narahatlıq içindədir. Azərbaycan idarəolunmaz hala gələ bilər”.
Q.Muxtarlının sözlərinə görə, Azərbaycanda seçki yolu ilə qələbə qazanmaq mümkün görünmür: “Bu cinayətkar hakimiyyətin ədalətli seçki keçirəcəyinə inanmırıq. Real müxalifətin koalisiyası yaradılmalı, AXCP və Müsavat bir yerdə olmalıdır. Bu, qələbəmizin ilk amili olacaq. Biz xalqı qələbəyə aparan, ölkədə dəyişiklik etmək qabiliyyəti olan liderin yanında olacağıq”.
AzMDP sədri hakimiyyətin bozqurdları parçalamaya yönəlik siyasətindən də danışdı: “Tufan Kərimli kimiləri hakimiyyətdən pul alıb İsa Qəmbərə, Əli Kərimliyə böhtanlar yağdırdı. Onun kimilərin aqibəti rejim dəyişəndən sonra bəlli olacaq”.
AzMDP Ali Məclisinin toplantısına keçmiş daxili işlər naziri İsgəndər Həmidov da qatılmışdı. O, çıxışına hakimiyyəti tənqid etməklə başladı: “Ramiz Mehdiyev dünənə qədər hakimiyyətin banisinin Heydər Əliyev, indi də Şah İsmayıl Xətai olduğunu deyir. Əclafların son istinad yeri vətənpərvərlikdir. Bu ideologiyanı daşıyanlar isə mehdiyevlərdir. Şöhrətsizlərə ”Şöhrət", şərəfsizlərə “Şərəf” ordeni verirlər. 20 Yanvar hadisələrində rus qoşunlarını Bakıya çağıran Artur Rəsizadəyə “Şöhrət” ordeni veriblər. Məmurlar ölkədən xaricə milyonları axıdır. Bu hakimiyyət qaçmağa hazırlaşır. Sadəcə, biz yaxşı təpik vura bilmirik".
İ.Həmidov prezident seçkisi ilə bağlı önəmli mesajlar verdi: “İndi lider axtarmaq lazım deyil. Xalqın özünü liderə çevirmək lazımdır. Bunun üçünsə xalqla işləmək gərəkdir”.
Toplantıya İP KŞ üzvləri Pənah Hüseyn və Hacı İlqar İbrahimoğlu da qatılmışdı. P.Hüseyn millətçi demokratları təbrik etdi. İ.İbrahimoğlu çıxışına milli-mənəvi dəyərlərdən danışmaqla başladı: “Sovet İttifaqından qurtulsaq da milli-mənəvi dəyərlərimizə qayıdış olmayıb. Milli-mənəvi dəyərlərə qayıdış olmasa, Qarabağın azadlığından da danışa bilməyəcəyik. Milliyyətçilik və din illərdir təhqir olunur. Dünyada millətçilik adına edilən fəthlərin kökündə İslam dayanıb. İnancı ayıba çevirmək istəyənlər var. Milli-mənəvi dəyərlərimizin əks olunduğu bayrağı ucaltmaq isə bizim işimizdir”.
Müsavat başqanı İsa Qəmbər təbrik çıxışında dedi ki, millətçilik ciddi ideologiyadır: “Əsrlərlə mövcud olan Bozqurd ideyası sonra partiya şəklində zühur etdi. AzMDP həmişə haqq-ədalət uğrunda mübarizə aparıb, seçkilərdə bu partiyanın dəstəyini görmüşük. İnanıram ki, bozqurdlar mübarizənin önündə olacaq”.
AXCP sədri Əli Kərimli dedi ki, Azərbaycan kimi ölkədə milliyyətçi maraqlardan çıxış etmək böyük məsuliyyətdir: “Ərazilərimizin 20 faizi ermənilərin, 80 faizi rejimin işğalında olan bu ölkədə millətçilər öndə olmalıdır. Hakimiyyət indi də millətçi kimi görünmək iddiasına düşüb. Əsl millətçiləri unutdurmağa çalışırlar. Sizin pisin qarşısında, yaxşının yanında olmağınızı arzu edirəm”.
İP KŞ üzvü Mehriban Vəzir isə gənc millətçilərə daha çıx mütaliə etməyi, digər ölkələrdə millətçiliklə bağlı ideyalarla tanış olmağı tövsiyə etdi.
İP KŞ üzvü, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu dedi ki, millətçilik türkün qurtuluş ideologiyası, "Ergenekon"dan çıxış deməkdir: “Azərbaycan türkü hakimiyyətinə, torpaqlarına sahib çıxmalıdır. Bu təşkilat siyasətin küncündə yox, ortasında olmalıdır. İnanıram ki, İsgəndər Həmidovun bu tədbirdə söylədikləri fakta çevriləcək”.
Sonda AzMDP-nin xalqa müraciəti qəbul olundu. Axşam saatlarında isə digər qisim millətçi demokratlar, eləcə də Azadlıq Hərəkatının şinelindən çıxan bir sıra müxalifət partiyaları bir araya gəliblər. Bu tədbirdə də günorta təşkil olunan məclisə dəvət olunmuş şəxslərin əksəri iştirak ediblər. Həmin mərasim isə İsgəndər Həmidovun rəhbərliyi altında keçirilib. Bura dəvətlilər sırasında Qələndər Muxtarlı da olub. Həmin tədbirdən reportajı növbəti sayımızda təqdim edəcəyik.








Leyla İLQAR
Fotolar müəllifindir






