Nizami Kino Mərkəzində “Bozbash pictures” komandasının yeni film olan “Bombaltı”nın təqdimat mərasimi baş tutub.
Musavat.com xəbər verir ki, döyüş-komediya janrında olan ekran əsərinin quruluşcu rejissoru Rauf Ocaqverdiyev, quruluşcu operatoru Elvin Əhmədoğludur. Filmin yaradıcı heyəti qırmızı xalçadan keçərək jurnalistlərin suallarını cavablandırıb.
Ekran işində rol alan aktyor İlkin Həsəni bildirib ki, 90 dəqiqəlik filmin ssenarisini Ənvər Abbasov, Samid Ağayev, Elnur Hüseynov yazıb:
“Düz 4 il öncə bu işə risk edib başlayan ilklərdən olduq. Nə qədər çətin və əziyyətli olsa da, dayanmadıq, “davam” dedik. Bu il isə yeni işimizə köhnə dostlarla start verdik. Növbəti, sayca beşinci filmimizdir. Döyüş, partlayış, atışma dolu bir komediyadır.
Komediya aktyorlarından dramatik hər hansı bir obraz görmək… Bu bir az çətin məsələdir. Amma komandanın üzvlərinin ayrılıqda çəkilmək şansı böyükdür. O ki qaldı “Bozbas pictures” dramatik nəsə çəkməsi… O, ikiqat gülüşə səbəb olar. “Bombaltı”nın çox mənası var. Belə ki, var “Bomba altılıq”, ”Bombanın altı”. Əsl mənası filmə baxandan sonra bilinəcək.
Ssenaristimiz məkan olaraq Mingəçeviri yazmışdı. Bu da yayda orada baş verən hadisə ilə üst-üstə düşdü. Biz də belə bir sual yarandı, görəsən icazə veriləcək? FHN başda olmaqla, sağ olsunlar bizim dövlət qurumlarımız. Bizə hər bir şəraiti yaratdılar. Biz heç kimin etmədiyini etdik. Mingəçevir Su Anbarının ən təhlükəli yerində çəkiliş etdik”.
Aktyor Elşən Orucov isə rekordlarını yenidən özlərinin təzələyəcəyini bildirib.
Filmdə aktrisa Duyğu Dəvəli də rol alıb. O, döyüş səhnələrində olan hərəkətləri özü icra etdiyi üçün 10 gün ərzində peşəkar müəllim tərəfindən dərs aldığını deyib:
“Filmdə ciddi zədələr alsam da, nəticə etibarı ilə bu məni çox sevindirdi. Niyəsini soruşsanız, deyə bilərəm ki, sonradan o səhnələrə baxanda nə qədər gözəl alındığını gördüm. Bütün hərəkətlər dublyor istifadə olunmadan çəkilib. Həyatımda plan qurmağı sevmirəm. Gələn təkliflərə qarşı isə həmişə vas-vasılıq ilə yanaşıram. Ona görə ildə 1 filmə çəkilirəm”.
Qeyd edək ki, İ. Həsəni filmin büdcəsinin 300 min manatdan çox olduğunu bildirib.
Könül
Fotolar Ramin Aslanovundur.
Musavat.com
![]()
![]()
![]()






