İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyüyən Azərbaycan

1241 25.01.2021 01:45 Yazarlar A A

20 yanvarın ildönümünün səhərisi gün – 21 yanvar 2021-ci ildə qardaş Türkmənistanın paytaxtı Aşqabadda iki qardaş ölkənin – Azərbaycanla Türkmənistan hökumətləri arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalandı. Ərəblər deyir, təsadüf yoxdur, təvafüq var. Vaxtı ilə bizim “Kəpəz”, türkmən qardaşlarımızın “Sərdar” adlandırdığı yatağa dair Memorandumun 20 yanvarın səhərisi gün imzalanması özünəməxsus rəmz daşıyır. – Bu sənəd müstəqilliyin nemətdir – Xəzərin ərazi sularındakı sərvətlərin milli zəmində mənimsənilməsi müstəqilliyimizin möhkəmləndirilməsində, iqtisadiyyatımızın gücləndirilməsində öz töhfələri ilə çıxış edəcək.

Azərbaycan böyüyür. Biz ərazimizi 86.6 min kv.km olaraq ifadə etməyə öyrəncəliyik; əslində, respublikamızın ərazisi yalnız quru ərazidən ibraət deyil, mavi vətənimiz də var, Xəzərin orta xətt prinsipinə uyğun şəkildə, bizə aid sektorun ərazisi də 86.6 kv.km-in üzərinə gəlinməlidir.

***

Xəzər bir çox mənəvi, faktiki amillərə görə bizə daha çox doğmadır. Bizim paytaxtımız dənizin qıyısında yerləşir. Xəzər qıyısında ən çox şəhəri olan ölkə bizik: Astara, Bakı, Xaçmaz, Lənkəran, Masallı, Neftçala, Siyəzən, Sumqayıt, Şabran, Xudat;

Qazaxıstan: Aktau, Atırau;

Türkmənistan: Türkmənbaşı;

İran: Astara, Ənzəli, Rəşt;

Rusiya: Həştərxan, Dərbənd, Mahaçqala.

Xəzərin neft-qaz ehtiyatlarının kəşfi, yataqların istismarı daha çox Azərbaycanın, Azərbaycan mütəxəssislərinin adı ilə bağlıdır. Heç təsadüfi deyil ki, keçmiş SSRİ Neft Sənayesi nazirliyi Xəzərin bütün sektorlarında geoloji-kəşfiyyat, qazma, işlənmə, istismar və digər işlərin aparılmasını Azərbaycan neftçilərinə həvalə etmişdi. İndiki adı ilə “Dostluq”, ilkin adı ilə “Kəpəz” adlandırılan yataq da məhz bizim mütəxəssislər tərəfindən, 1989-cu ildə aşkar edilib.

Zəngin neft-qaz ehtiyatlarına malik “Dostluq” Azərbaycanla Türkmənistanın dəniz sərhədində yerləşməsi ilə bir də “Aralıq” adı daşıyıb. Fikir verin: qardaş Türkiyə Aralıq dənizində öz ərazi suları, “Mavi Vətən” üzərində suveren hüquqlarının mücadiləsini verdi, önəmli mərhələ keçdi, haqlılığını həm masada, həm sahədə mühafizə etməklə Aralıq dənizində yeni siyasi-iqtisadi iqlim yaratdı. Azərbaycan Prezidenti Yunanıstan səfirinin etimadnaməsini qəbul edərkən (02.09.2020) bu mövzuda Azərbaycanın Türkiyənin yanında olduğunu birmənalı şəkildə açıqladı. Sonra, məlumunuz, 44 günlük Vətən Müharibəsi, Türkiyənin güclü mənəvi-siyasi dəstəyi, Azərbaycanın zəfəri, bölgədə kommunikasiyaların bərpası və s. Avrasiyada yeni hərəkətlənmələrə vəsilə oldu. Sanki o Aralıqdan bu “Aralığ”a da işıq düşdü, yol göründü və türk zolağı bütün yaxın-uzaq tərəfdaşlar üçün də maraq kəsb etməyə başladı.

Necə ki 30 ilə yaxın düyünə düşmüş Qarabağ işğalını bitirdik, eləcə də, öz qardaş ölkəmizlə “Kəpəz” – “Sərdar” ayrımçılığını “Dostluğ” çevirə bildik.  Azərbaycanla Türkmənistanın dəniz sınırında yerləşən, uzun illər boyu işlənməsi mümkün olmayan yatağın məsələsi öz həllini tapdı. Yəni hadisələri ard-arda düzdükdə, olanlara böyük tabloda baxdıqda, aid olduğumuz bölgədə yeni münasibətlər sisteminin yarandığını aydın görürük. Qürur duyuruq ki bu münasibətlər sistemində imzamız, iştirakımız, töhfəmiz, təşəbbüsümüz, ideyamız var. – Avrasiyanın siyasi-iqtisadi, mədəni iqlimi dəyişir. Bizə düşmən kəsilənlərin əhədi bir də bu müstəvidə kəsiləcək: “Ermənistan, sən dalansan”!

***

Xəzərdə heç də bütün dövlətlər arasında və bütün mövzular üzrə mübahisələr hələ tam bitməyib; lakin 12.08.2018-ci il tarixli “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanın imzalanması ilə mübahisələrin böyük bir hissəsi bitib, özəlliklə də, Azərbaycan dövləti Xəzərin bölünməsi mövzusunda da ən konstruktiv mövqedə duran dövlətlərdən biri, birincisidir. Bizim ən anlaşılmaz nöqtəmiz “Kəpəz” – “Sərdar” yatağıyla bağlıydı, onu da müdrikcəsinə, qardaşcasına çözməyi bacardıq. Hansısa sahilyanı yaxud Xəzər-Qara dəniz hövzəsi dövləti ilə problem varsa da, o problem bizdən qaynaqlanmır.

Beləliklə, “Dostluq” yatağı üzrə sazişin imzalanması tarixi hadisədir. Bu tarixilik yalnız o yatağın ehtiyatlarına görə deyil, yalnız Türkmənistanla anlaşmaya görə deyil; Azərbaycan yeni münasibətlər sisteminin iştirakçısı, qurucusudur. Azərbaycan ağır işğal illərindən sonra müha­ribəyə girə bilən, düşməni ağır məğlubiyyətə uğradan bir ölkə olaraq, müharibə bitər-bitməz yeni çağırışlarla çıxış etməyi, yeni çağırışlara ləyaqətlə qoşulmağı bacaran ölkədir. Azərbaycanın Qarabağ zəfəri bir zəfərdən daha artıqdır, bir ölkənin uğurundan daha dərin anlamlar daşıyır. İşğal bitib, quruculuq başlayıb; işğal bitib, yollar açılıb; özünə belə xeyri dəyməyən işğalçının nəzarətdə saxladığı yollar indi əsl sahibinə - öz nəzarətimizə keçincə, qonşuların da tranzit kimi istifadəsində müstəsna rol, önəm kəsb edib. Özəlliklə, Zəngilanla Naxçıvan arasında açılacaq quru yolu yeni imkanlar, yeni qazanclar deməkdir. Bu yol, Azərbaycan-Rusiya-Türkiyə istisadi-ticari işbirliyini gücləndirəcək; bu yol Gürcüstan və İranın qoşulması ilə daha intensiv yola dönüşəcək; Azərbaycan Dəmir Yumruğu hesabına gündəliyə çıxan, gerçəkliyə çevrilən bu yol, kasıb, cırtdan, qonşuyayovuşmaz Ermənistanı tərs, axmaq və perspektivsiz qatır inadından döndərəcək, onu hər mənada yola gətirəcək (gəlməsə itirəcək, gəlsə bizdən razılıq almalı olacaq – bizim şərtləri qəbul edəcək).  

Bundan öncədən də Azərbaycan özünəməxsus münasibətlər, tranzit işbirliyi içindəydi, bugünsə bu siyahı daha da zənginləşib: Azərbaycan-Gürcüstan-Türkiyə, Türkiyə-Azərbaycan-Pakistan, İran-Azərbaycan-Rusiya, Azərbaycan-Türkiyə-Rusiya, Türkiyə-Azərbaycan-Türkmə­nistan, Azərbaycan-Əfqanıstan-Türkmənistan... Bu siyahılarda Ermənistan varmı? – Yox! Niyə? – Bu sualın ən yaxşı cavabını Azərbaycan Prezidentinin 01.12.2020-ci il tarixli Xalqa Müraciətində tapa bilərik: “Ermənistan, haradasan? Bakı-Tbilisi-Ceyhan yan keçdi. Bakı-Tbilisi-Ərzurum da həmçinin. TANAP da həmçinin. İndi biz qazımızı Avropaya çatdırırıq. Sən, Ermənistan, pul qazana bilərdin. Kəmərin bir hissəsi sənin əlində ola bilərdi. Sən tranzit haqqı alacaqdın. Sən özünü nədən məhrum etdin?! Dəyərdimi buna? Bu işğalçılıq, bu düşmənçilik, qonşuya qarşı bu nifrət hissləri, onları, bax, bu günə saldı.

...Biz nəqliyyatla, energetika ilə bağlı bütün işləri gördük. Biz nəinki neft-qaz, elektrik enerjisi dəhlizi yaratdıq. Bu gün Azərbaycan-Gürcüstan-Türkiyə enerji dəhlizi var. Bu gün Rusiya-Azərbaycan-İran enerji dəhlizi var. Bu gün Rusiya-Azərbaycan-İran nəqliyyat dəhlizi var. Bu il bu dəhliz vasitəsilə daşınan yüklərin həcmi təqribən 30-40 faiz artıb. Ermənistan 20 ildir ki, Şimal-Cənub nəqliyyat dəhlizi üzərində işləyir. Ortalıqda da bir şey yoxdur. Nə Şimal-Cənub dəhlizi ola bilər? Oradan, o dağlardan, o Mehri dağlarından dəmir yolu çəkmək olar? Adam gərək dəli olsun ki, oraya bir neçə milyard pul qoysun. Özü də yaxşı, tutaq ki, kimsə bu pulu verdi, sonra haraya gedəcək? Ermənistan, sən dalansan. Biz səni dalan etdik. Kim səni təcrid etdi? Biz. Enerji, nəqliyyat, elektroenergetika - biz onu təcrid etmişdik”!

Azərbaycan Respublikası hər zaman Xəzər dənizində də dialoq, qarşılıqlı anlaşma, əməkdaşlıq, sabitlik ortamının yaradılması, qorunması yönündə səylər göstərib.

Bundan 27 il öncələrdə - 20 sentyabr 1994-cü ildə dünya birliyinin nəzəri Xəzər qıyısındakı ən böyük şəhərə – bizim Bakı, bizim ürəyə dikilmişdi: tarixə “Əsrin müqaviləsi” kimi daxil olan, Xəzər dənizində neft yataqlarının işlənilməsi və hasilatın pay bölgüsü haqqında müqavilələrin imzalanması baş verirdi o gün. Bəlli olduğu kimi “Əsrin müqaviləsi”nin imzalanması Xəzər dənizinin mineral sərvətlərindən istifadə üçün dünyanın aparcı neft şirkətlərinin, xarici yatı­rımların cəlb edilməsi üzrə çox önəmli siyasi-diplomatik, iqtisadi addım oldu. Məhz bununla da ilk dəfə olaraq Xəzər dənizində beynəlxalq əməkdaşlığa yol açıldı. – Xəzəri qapalılıqdan Azər­baycan çıxardı.

Yenidən qayıdaq, Anlaşma Memorandumuna. Bəli, Azərbaycanla Türkmənistan dəniz sınırı aralığındakı yatağı paylaşıb; heç də hər qardaş bir-biri ilə dostluq edə bilmir, heç də hər sərvət üzərində “Dostluq” qurula bilmir, buna siyasi iradə lazımdır, irəligörüş lazımdır. Bu tarixi hadisədən sonra Azərbaycanın neft-qaz strategiyasının inkişafında  böyük sıçrayış gözlənilir və bu gerçək bir gözləntidir, xəyal deyil, ehtimal deyil. Gücümüzə güc qatacağıq. Müharibədən çıxmış ölkəyik lakin heç durmaq yox, yorulmaq yoxdu – irəli gedirik, daha böyük uğurlara gedirik. Dalan Ermənistansa, hələ də dərin uğursuzluq girdabında çabalayır, vurnuxur – yıxılmağa yumşaq yer gəzmək şakərindən bir türlü qurtula bilmir.

Azərbaycan öz vüsətindədir. Şuşaya yol çəkilir, Naxçıvana yol çəkilir, Füzulidə aeroport tikilir, Laçın yaxud Kəlbəcərdə də aeroport tikiləcək. Bu sürətli, böyük iqtisadi layihələr fonunda, bizim ərazilərdə yaşayan ermənilər Basarkeçərə Kəlbəcər üzərindən keçməyin, Laçın üzərindən keçməkdən bir neçə dəfə qısa olduğunu, bu yoldan istifadə imkanı istəyir və s. – Yolsuzlar, üsul­suzlar, səbatsızlar yol istəyir. Hələ çox istəkləri, xahişləri, ricaları olacaq. Baxarıq.

İş ondadır ki ümumtürk mədəniyyətində hamı kimi ermənilərə də bir yer tapmaq müm­künsə də, erməni mədəniyyət­sizliyində türkə və heç bir başqa xalqa yer yoxdur... Dünyada əha­lisinin 98%-dən çoxu yalnız bir etnik qrupdan təşkil olunan başqa ölkə varmı?..

Fakt zalım kateqoriyadır...

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR