İqtisadiyyatı inkişaf etmiş 7 ölkəni təmsil edən xarici işlər nazirləri Londonda Çin və Rusiya münasibətləri, Myanmadakı çevriliş, Suriya münaqişəsi və Əfqanıstandakı vəziyyət daxil olmaqla, bir sıra dünya məsələlərini müzakirə etmək üçün görüş keçirib.
Britaniya Xarici İşlər Nazirliyi xarici işlər naziri Dominik Raabın "demokratiyanı, azadlıqları və insan haqlarını pozmaqla təhdid edən aktual geo-siyasi məsələlərə" dair müzakirələrə rəhbərlik edəcəyini bildirib.
Raab danışıqların “ortaq problemlər və artan təhdidlərlə mübarizə aparmaq üçün ehtiyacın çox olduğu bir zamanda açıq, demokratik cəmiyyətləri bir araya gətirmək və birlik nümayiş etdirmək üçün bir fürsət” olduğunu deyib.
Böyük Yeddilikr üzvlərinin Myanmanın hərbi xuntası ilə əlaqəsi olan fərdlər və təşkilatlara qarşı sanksiyalar tətbiq etməyə, silah embarqosunu dəstəkləməyə və Myanma xalqına humanitar yardımları artırmağa çağıracağı gözlənilir.
Bazar ertəsi Raabla görüşən ABŞ dövlət katibi Entoni Blinken Çinə dair məqsədin “Çini cilovlamaq və ya Çini endirmək” olmadığını deyib.
"Biz ölkələrimizin təkcə öz xalqları üçün deyil, Çin də daxil olmaqla, dünya xalqlarının rifahı üçün on illərlə yatırılan investisiyalara əsaslanan beynəlxalq nizamı dəskləməyə çalışırıq" - deyə, Blinken jurnalistlərə bildirib.
Raab ABŞ və Britaniyanın iqlim dəyişikliyi də daxil olan mövzularda Çinlə mümkün qədər həssas və müsbət bir şəkildə işləmək üçün konstruktiv yollar axtardığını deyib.
ABŞ prezidenti Co Bayden Çinlə rəqabəti administrasiyasının ən böyük xarici siyasət problemi kimi qiymətləndirib. Keçən həftə Konqresdə etdiyi ilk çıxışında ABŞ-ın Hindistan-Sakit okean bölgəsində güclü hərbi varlığını qoruyacağına və ABŞ-ın texnoloji inkişafına yardım edəcəyinə söz verib.
Keçən ay Blinken ABŞ-ın Çinin Tayvana qarşı təcavüzkar mövqeyindən narahat olduğunu bildirib və Sakit okeanın qərbindəki status-kvonu zorla dəyişdirməyə çalışmanın hər kəs üçün bunun "ciddi bir səhv" olacağı barədə xəbərdarlıq edib.
Bölgənin başqa yerinə gəldikdə isə ABŞ Şimali Koreyaya dair bir neçə ay davam edən siyasətinin ardından Koreya yarımadasının nüvəsizləşdirilməsi hədəfinə çatmaq üçün bu ölkə ilə diplomatik əlaqələr qurmağa hazır olduğunu bildirib.
Raab Britaniya və Amerika Birləşmiş Ştatlarının "strateji paradiqma" məsələsində eyni fikirdə olduğunu və hər iki ölkənin bir-birinin səylərini dəstəkləyəcəyini deyib.
Keçən həftənin cümə günü Bayden administrasiyası Şimali Koreyanın siyasətinin nəzərdən keçirilməsini başa vurduğunu elan edib və bu qapalı kommunist ölkəsi ilə danışıqlara açıq olduğunu deyib. Baydenin Şimali Koreyanın insan haqları məsələləri üçün xüsusi elçi təyin etməsi də gözlənir.
Şimali Koreya bazar günü ABŞ-a və müttəfiqlərinə bir sıra açıqlamalar verərək, Vaşinqtonun son şərhlərinin düşmən siyasətinin sübutu olduğunu bildirib.
Böyük Yeddilər nazirlərinin müzakirələri qrupa daxil olan ölkələrin liderlərinin iyun ayında Britaniyada keçiriləcək zirvə toplantısının təməlini qoyur.
Britaniya və ABŞ-dan əlavə Böyük Yeddiliyə (G-7) Kanada, Fransa, Almaniya, İtaliya və Yaponiya daxildir. Bu həftə keçiriləcək danışıqlarda Avstraliya, Hindistan, Cənubi Afrika, Cənubi Koreya və Bruney də iştirak edir.
Amerikaninsesi.org









