İnsanlara hürriyət, millətlərə istiqlal!

“Böyük Vətən Müharibəsi” müzakirəsi qapandımı - deputatlar Prezidentin sərəncamından danışdılar

2568 29.04.2020 17:43 Gündəm A A

 

Fazil Mustafa: “Ölkə prezidenti doğru və haqlı olaraq “1941-1945-ci illər II Dünya müharibəsi” ifadəsini sərəncamda başlığa çıxardı”

Əli Məsimli: “Azərbaycan Respublikasının Böyük Vətən Müharibəsi  yalnız və yalnız Qarabağla bağlıdır”

Milli Məclis “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə layihəni üç oxunuşdan sonra nəhayət, qəbul etdi.

Milli Məclisin I vitse-spikeri Əli Hüseynli müzakirələr zamanı bildirib ki, yubiley medalı həmin dövrdə ön cəbhədə, arxa cəbhədə fəaliyyət göstərən, düşmən arxasında döyüşən azərbaycanlılar o cümlədən, o dövrdə faşistlərə qarşı döyüşən əcnəbilərin təltif edilməsi üçün nəzərdə tutulub. Faşizmlə mübarizədə canından, malından keçən, zəhmət sərf edən hər kəsə ehtiramla yanaşılsa da, bu məsələ ilə bağlı müzakirələrdə bir məsələ xüsusilə qabardıldı. Söhbət qanunun adından gedirdi. 

Məsələn, deputat Fazil Mustafa müzakirələrdə bildirmişdi ki, II Dünya Müharibəsini Böyük Vətən Müharibəsi kimi təqdim etməkdən çəkinmək lazımdır. “Bunu faşizm üzərində böyük qələbə kimi qəbul etməliyik... Bu gün Jirinovski kimi insanlar Böyük Vətən Müharibəsi anlayışından istifadə edib bizi konfederasiyaya dəvət edirlər. Bizim üçün ən böyük Vətən Müharibəsi Qarabağ müharibəsidir” - F.Mustafa həmkarlarına çağırış etmişdi.

Bir neçə digər həmkarı da F.Mustafa ilə həmrəylik nümayiş etdirsə də, bu, qanunun adının dəyişdirilməsinə səbəb olmadı. Sənədin qanunverici təşəbbüsün subyekti kimi Prezident Administrasiyasından təqdim olunduğu əsas gətirildi və qeyd olundu ki, parlamentarların təşəbbüsləri ilə bağlı hər hansı fikir bildirilməyib. 

Ancaq sonradan çox maraqlı bir hadisənin şahidi olduq. Belə ki, 24 aprel 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” sərəncam imzaladı. 

Prezident İlham Əliyev Sərəncam imzalayıb - GanjaNews

Göründüyü kimi, sərəncamda “Böyük Vətən Müharibəsi”ndə deyil, İkinci Dünya müharibəsində Qələbənin 75-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçılarına 1500 manat məbləğində birdəfəlik maddi yardım verilməsi tapşırılır. Sənədə əsasən, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına isə 750 manat məbləğində birdəfəlik maddi yardım veriləcək.

Sərəncam ümumilikdə 7600 nəfərə şamil olunacaq. Onlardan 264-ü İkinci Dünya müharibəsində iştirakçısı, qalanı İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş və Sənəddə nəzərdə tutulan digər müvafiq şəxslərdir.

Sərəncamla birdəfəlik maddi yardımların ödənilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,9 milyon (beş milyon doqquz yüz min) manat ayrılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Sərəncamın yüksək səviyyədə icrası təmin edilməklə, birdəfəlik maddi yardım İkinci Dünya müharibəsi iştirakçılarının və digər müvafiq şəxslərin bank hesablarına köçürüləcək.

İkinci Dünya müharibəsi iştirakçılarına və digər şəxslərə hər il Qələbə günü ərəfəsində  verilən birdəfəlik maddi yardımın məbləği də mütəmadi artırılır. Qeyd edək ki, əvvəlki illərdə sərəncamlarda bir qayda olaraq Böyük Vətən Müharibəsi iştirakçılarından söhbət gedirdi. Belə aydın olur ki, parlament müzakirələri Prezidentin də diqqətində olub və ölkə başçısı səslənən arqumentləri ciddi qəbul edib.

Fazil Mustafa: “Qızlar arasında da siqaret çəkənlərin sayı artıb”

Deputat Fazil Mustafa mövzu ilə bağlı Musavat.com-a dedi ki, bu məsələdə etirazlar əslində problemə yaradıcı yanaşmanın olmamasından qaynaqlanır: “Siyasət əzbərlənən standart baxışları sevmir. Bu, məmur üçün bəlkə də məqbul sayılacaq davranış olsa da, siyasətçi problemin mahiyyəti üzərindən dərindən düşünərək mühakimə yürütməlidir. Böyük Vətən deyəndə hamı dərhal dönür nostalgiya yaşayır ki, bəs bu bizim ortaq tariximizdir. O halda bu məntiqi canlandırırıqsa, gərək biz hər dəfə Azərbaycan Respublikası yazanda mörtərzədə də Azərbaycan SSR yazaq ki, keçmişlə bağımızın qopmadığını göstərək. Sovet dövründə Məhəmməd Əmin Rəsulzadəni düşmən, Müsavat Partiyasını da ingilislərə satılmış burjua-mülkədar partiyası kimi tanıdırdılar. Ancaq müstəqillik bu dəyərləri dəyişdi və onlara istiqlalımızın ən dəyərli abidələri kimi yanaşdıq. Demək ki, Sovet dövründə bizə təqdim olunan Böyük Vətən anlayışı bizim üçün müstəqil Azərbaycanla əvəz olundu. Anlayış dəyişib, bizim qafamız hələ də dəyişməyib”. 

F.Mustafa qeyd etdi ki, ölkə prezidenti bu məntiqdən çıxış edərək doğru və haqlı olaraq 1941-1945-ci illər II Dünya müharibəsi ifadəsini sərəncamda başlığa çıxardı: “Bizdə hələ bu tarixin özü də səviyyəli təhlil olunmayıb. Hələ bir suala cavab verən yoxdur ki, niyə Böyük Britaniya 6 illik müharibədə cəmi 270 min adam itirib, Azərbaycan SSRİ-nin bir əyaləti olaraq 4 illik müharibədə 300 min adam itirib? Müharibəyə gedənlərin böyük əksəriyyəti də hərbi xidmət anlayışı olmayan kolxozçu, kəndli kateqoriyasından olub. Neft sənayesində işləyən fəhlələri aparmayıblar. Bunlar da ciddi şəkildə təhlil olunmalıdır ki, Stalin rejimi hərbi hazırlığı olmayan soydaşlarımıza qarşı ağlasığmaz cinayətlər törədib. Yəni bu kimi məsələlərə biz Rusiyanın baxış bucağından deyil, birbaşa Azərbaycanın baxış bucağından obyektiv yanaşmalıyıq. Yenə də təkrarlayıram ki, bizim üçün Böyük Vətən - yalnız və yalnız Azərbaycandır, Böyük Vətən savaşı da hələlik yalnız Qarabağ savaşıdır. Böyük Vətənimizə başqa təcavüz olarsa o savaşımız da II Vətən savaşı olacaqdır! Bu qədər bəsit”.

Əli Məsimli də seçkilərə qatıldı - modern.az

Deputat Əli Məsimli isə qeyd etdi ki, bu məsələ Milli Məclisdə müzakirə olunanda Böyük Vətən Müharibəsi ifadəsinin əleyhinə səs verən bir neçə depuatdan biri olub: “Çünki SSRİ dağılanda sonra yaranmış yeni müstəqil dövlət olan Azərbaycan Respublikasının Böyük Vətən Müharibəsi  yalnız və yalnız Qarabağla bağlıdır”. 

Ə.Məsimli bildirdi ki, bu məsələ Prezident sərəncamında düzgün qeyd olunub: “Elə də olmalııdr. Prezidentin 9 mayla bağlı sərəncamı da bunu göstərir ki, söhbət 2-ci Dünya Müharibəsindən getməlidir”.

E.Paşasoy,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR