Böyük vəsaitlər hesabına tikilən Olimpiya Kompleksi su altında qalıb - REPORTAJ, FOTOLAR
Bir zamanlar böyük yarışların keçirildiyi, idmançıları beynəlxalq turnirlərə qatılan olimpiya kompleksi, hazırda qrunt sularının içərisində batır. Söhbət Maştağa Olimpiya İdman Kompleksindən gedir.
Bəllidir ki, Azərbaycanda ən çox diqqət ayrılan sahələrdən biri idmandır. Ötən illər ərzində paytaxt Bakı ilə yanaşı bölgələrdə də dövlət tərəfindən olimpiya idman kompleksləri tikilib, istifadəyə verilib. Bəlkə də bunun nəticəsidir ki, digər sahələrdən daha çox idmanda adımızı tarixə yazıb, bayrağımızı yüksəklərə qaldıra bilirik.
Heç şübhəsiz ki, bütün bunlar dövlət üçün həm də milyonlarla vəsait hesabına başa gəlib. Elə bəhs etdiyimiz Maştağa Olimpiya İdman Kompleksinin də tikilib ərsəyə gətirilməsi təbii olaraq, büdcənin hesabına baş tutub. Özü də bu kompleks Azərbaycanda tikilən ilk idman komplekslərindəndir. Və digər idman komplekslərindən fərqli olaraq, bataqlıq qurudularaq, onun üzərində tikilib. 2001-ci il dekabrın 29-da istifadəyə verilən kompleks, həmin gündən bəri heç bir əsaslı təmir görməyib.
Musavat.com-a idman kompleksinin yararsız vəziyyətdə olması ilə bağlı şikayət daxil olunca, əraziyə yollandıq. Müşahidə etdik ki, kompleks sanki hansısa adada yerləşir. Çünki tikilinin hər tərəfində qrunt suyuna rast gəlmək mümkündür.
Kompleksin arxasında yerləşən stadiona isə ümumiyyətlə, yaxınlaşmaq mümkün deyil. Çünki stadionun hər tərəfi sudur. Tikilinin ətrafında düzəldilmiş oturmaq üçün xüsusi yerlər də artıq tam yararsız hala düşüb. Kompleksin içərisinə daxil olduğumuzda burada da qrunt sularının fəsadlarının şahidi olduq. Belə ki, nəmişlikdən tikilinin divarları kif bağlayıb, getdikcə eroziyaya uğrayır. Lakin bütün bunlara baxmayaraq, indi də orada məşq edənlər var.
Onu da qeyd edək ki, kompleksin içərisinə girməyimiz heç də çətin olmadı. Hətta içəridə dolaşıb şəkil çəkdiyimiz ərəfədə nə kimsə bizə yaxınlaşdı, nə də biz yaxınlaşmağa hansısa rəsmi şəxs tapmadıq. Öyrəndik ki, burada hazırda kiqboks, güləş, karate, cüdo üzrə dərslər keçirilir. Dərslər pulludur, qiymət isə 15-20 manat arasında dəyişir. Dərslərin hansı keyfiyyətdə keçirildiyini söyləyə bilmərik.
Ancaq biz orada olduğumuz zaman kompleksin böyük zalında məşq keçirildiyinin şahidi olduq. Lakin zal heç də müasir standartlara cavab vermir. Kompleksin içərisində yararsız vəziyyətə düşmüş idman avadanlıqlarının da şahidi olduq.
Maştağa sakinləri isə bildirirlər ki, kompleksin həyətinin hər zaman bu vəziyyətdə olduğunu söyləmək olmaz.
Maştağa sakini Mehman bildirdi ki, bura əsasən qışın ortasında indiki vəziyyətə düşürdü: “Ümumiyyətlə, bura vaxtı ilə bataqlıq ərazi idi. Sonradan süni formada qurutdular, üzərində bu kompleksi tikdilər. Bir müddət sonra yenindən əraziyə su yığıldı. Hətta su bir yana, qamışlar da çıxır. Eyni ilə bataqlıqda olduğu kimi... Kompleks yerdən cəmi bir neçə santimetr hündür tikildiyi üçün bəzən su içəri də dola bilir. Vaxtı ilə burada böyük yarışlar keçirilərdi. İndi isə gördüyünüz kimi pis günə qalıb. Ancaq bu il kompleksin həyətinə su lap tez yığıldı. Hər il qışın ortasında bu vəziyyət yaranırdı. Yalnız havalar qızanda, yay aylarında sular çəkilir. Onda üfunət iyi gəlir hər yerdən... Ümumiyyətlə, düşünürəm ki, bura tikinti üçün yararlı yer deyil”.
Onu da qeyd edək ki, kompleksin təxminən 200 metrliyində bataqlıq ərazi yerləşir. Ora da tamamilə qrunt sularının içərisində qalıb.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralovun da fikrini aldıq.
Ə.Qaralov musavat.com-a bildirdi ki, həmin yerdə subasma halları tez-tez baş verir: “Oradan bizə tez-tez şikayətlər daxil olur. Kimdənsə, hansısa formada rəy alıb, ərazidə evlər də tikiblər. İndi həmin evləri də su basır. Səbəb də odur ki, ora qrunt suları üzərindədir. Yağıntı düşdüyü zaman isə üzə çıxır və subasma halları yaranır. Ona görə də orada göl olmasa da, gölün formalaşması üçün orada münbit şərait var. Ərazidə hər hansı tikinti aparmaq üçün mütləq müvafiq qurumlardan rəy almaq lazımdır”.
Əli Rais,
Musavat.com,
Fotolar müəllifindir.






