İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük sükutun oyanışı da böyük olur – günümüzün mənzərəsi haqda

1118 23.03.2015 12:15 Yazarlar A A
Əslində siyasətin sərhədlərini müəyyən etmək və bu sərhədlər çərçivəsində qalmaq elə də çətin deyil. Amma bu sərhədlərdən azacıq kənara çıxanda hamı qayıdır ki, bəs filankəs siyasət adamı deyil, onun siyasətdən başı çıxmır. Deyə də bilmirsən ki, vallah, belə deyil. Sizin bu realpolitik dediyiniz şey çox primitivdir və onun tələblərini gözləmək də elə bir fəhm və ağıl tələb etmir.
Bəli, ən geniş yayılmış fikir budur ki, siyasət mümkün olanın sənətidir. Amma hələ Maks  Veber yazırdı ki, siyasət adamı daim bir çərçivədə qala bilməz, o daim yeni reallıqlar yaratmağa can atmalıdır...
İndi mənim toxunacağım məsələ də çox sadə  bir şeydir. Hətta ABŞ-ın İranla dil tapmağa çalışdığı bir vaxtda durub Təbrizdən yazmağın nə qədər “sadəlövh” bir şey olduğunu anlamaq elə də çətin məsələ deyil.
Amma bu bayram günlərində nədənsə mənim yadıma “Heydər babaya salam” poeması düşdü. Düşündüm ki, əslində biz  bir olmalıydıq, hamı kimi biz də bayramlaşmalı idik...
Amma bu da yeganə səbəb deyildi. Mən rəsmi çıxışlara, bəyanatlara çox diqqətliyəm. Elə qeyri-rəsmi çıxışlardan da çox şey götürmək olar. İnsanlar bizim torpaqlarımızın, xüsusən də İrəvanın və Zəngəzurun Ermənistanın tərkibinə verilməsilə barışa bilmirlər. Düz də edirlər...
Amma Təbriz də var, Güney Azərbaycan da var. Nədən biz hamımız böyük
siyasətçi olmuşuq? Nədən bu yerləri unutmuşuq?
Elə Təbrizin özünün susması da xoş əlamət deyil. “İranın taleyi Təbrizdə həll olur” deyiblər. Ən azı bunu unutmamalıyıq....
Amma baxıb görürsən ki, unutmuşuq. Siyasi partiyalar elə bir günə salınıb ki, onlardan nəsə ummaq tamam mənasız işdir. Bunu anlamaq elə də çətin bir məsələ deyil. Amma nəsə etmək də lazımdır. Ən azı Azərbaycandan kənarda cərəyan edən proseslərə münasibət bildirməklə də siyasi gündəmdə yer almaq mümkündür...
Desək ki, yaxın vaxtlarda həmin partiyaların ciddi perspektivi yoxdur, elə də böyük bir yanlışlığa yol vermərik....
İndiki müxalifətin bir vaxt siyasi gündəmdə aktuallaşması böyük milli ideyalarla bağlı olmuşdu. Bəs müxalifət indi nə edir, nəyə ümid edir? 
Açığı bunu demək bizə elə də xoş deyil-neçə illərdir müxalifət partiyaları ümidlərini sosial etirazlara bağlayıblar və hər dəfə bahalaşma və ya başqa sosial kataklizmlər baş verəndə ümid edirlər ki, bəlkə bu dəfə nəsə olacaq. Amma heç nə olmur və böyük ehtimalla yaxın gələcəkdə də olmayacaq.... 
Bəs nə etməli? Düşünürük ki, böyük milli ideyalara köklənmək lazımdır. Bu yolla siyasi proseslərə bir romantizm aşılamaq da mümkündür.
Ən qəribəsi bilirsiniz nədir? Bir vaxt deyirdilər ki, Əbülfəz Elçibəy də olmasa Güney Azərbaycan mövzusu həmişə aktual olacaq. Amma sonrakı proseslər nə göstərdi? 
Məlum oldu ki, heç də belə deyil. Liderlərdən də çox şey asılıdır. Hətta Əbülfəz Elçibəyin Güney Azərbaycan mövzusuna marağında siyasi konyunktura əlamətləri axtaranlar da vardı... Mən hələ onu demirəm ki, bu adamı “siyasəti bilməmək”də, siyasi çərçivələri gözləməməkdə qınayanlar da az deyildi. 
Amma yazının əvvəlində qeyd etdik ki, bu, çox primitiv ittihamdır. Doğrudanmı, Əbülfəz Elçibəyin indiki məmurlar qədər də siyasi savadı, siyasi məntiqi yox idi? Etiraf edək ki, bu, olduqca gülünc səslənir...
Konkret olaraq bu hakimiyyətin siyasətinə toxunsaq, bunların bütün siyasəti bir məqsədə xidmət edir - o da hakimiyyətdə qalmaqdır... Bunların başqa bir qayğısı yoxdur... Formal məntiqdən yanaşanlar bu hakimiyyəti hətta fərasətli hesab edir.
Amma bu da çox primitiv yanaşmadır. Fərasət o demək deyil ki, oturub-durub elə hakimiyyət haqqında düşünəsən... Hakimiyyət də bir vasitədir.
Düzdür, vasitə sözü də bir çox hallarda düzgün anlaşılmır. Çoxu buna yalnız eqoist maraqlar prizmasından baxır və düşünürlər ki, varlanmaq, sərvət toplamaq, necə deyərlər, “ayaq üstündə durma”ğı bacarmaq lazımdır...
Amma əsl böyük siyasət tamam başqa bir şeydir. Həyatda bir az da tarix üçün yaşamaq lazımdır. Bizim indiki hakimiyyət düşünür ki, əgər hakimiyyətdə olacaqlarsa tarix də bunlara xidmət edəcək, tarixi də özləri bildikləri kimi yazacaqlar.
  
Amma məşhur bir deyim var. Deyirlər ki, bir adamı həmişə aldatmaq olar, üç adamı bir müddətə aldatmaq olar, amma bütöv bir milləti heç bir gün də aldatmaq olmaz...
Millət hər şeyi başa düşür. Bəzən düşünürlər ki, o, susursa, deməli razıdır. Amma böyük sükutun oyanışı da böyük olur...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR