Kənd təsərrüfatı ölkənin sosial-iqtisadi problemlərinin həllində, xüsusən bölgələrdə yaşayan insanların məşğulluğunda əhəmiyyətli rol oynayır. “Qafqazinfo” əməkdaşları müxtəlif növ qida məhsullarının istehsalı, emalı və satışı ilə məşğul olan fermerlərin iş şəraiti ilə yaxından tanış olmaq üçün Azərbaycanın bir neçə bölgəsinə yollanıb.
İlk səfərimiz Tovuz rayonuna oldu. Müsahibimiz Tovuz rayon sakini İmran Səfərov pomidor əkini ilə məşğuldur. Ölkədə əkin sahəsinə və istehsal həcminə görə daim aparıcı yer tutmuş bu məhsulun becərilməsində fermerə ailəsi də dəstək olur. Onun sözlərinə görə, pomidor iqlim dəyişikliklərinə daha dayanıqlı olduğuna görə ən asan yetişdirilən tərəvəzlərdən biridir.
Lakin müsahibimizi narahat edən bir məsələ var: paytaxt marketlərində pomidorun qiymətinin baha olması. Müsahibimiz deyir ki, məhsullar birbaşa fermerlərin özündən tədarük edilsə, bu kimi xoşagəlməz hallar yaşanmaz. Belə ki, vasitəçilər nə qədər çox olarsa, bu, birbaşa məhsulun qiymətində artıma səbəb olur. Fermerlə görüşdən hazırladığımız videoya nəzər salmağınızı tövsiyə edirik:






