İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük Britaniya niyə Avropa Birliyinə sığmadı?..

839 22.10.2019 09:30 Yazarlar A A

Şənbə günü İngiltərənin İcmalar Palatasında “Breksit”lə bağlı ciddi müzakirələr gözlənərkən on minlərlə insan Londonda etiraz yürüşünə çıxmışdı. Onlar Britaniyanın Birlikdən çıxmasına etiraz edir, təkrar referendumun keçirilməsini tələb edirdilər...

Bu mənim yadıma “Breksit”dən azacıq sonra avropalı təhlilçilərin araşdırmalarını saldı. Onların analiz və təhlillərinə görə, referendumda “Breksit” tərəfdarlının qələbə qazanmasının səbəbi o deyildi ki, onlar ölkədə əksəriyyəti təşkil edirdilər, yox, səbəb bu olmuşdu ki, AB tərəfdarları arxayınlaşmış və bir növ tənbəllik etmişdilər, Birlik əleyhdarları isə əksinə, fəal olmuş və sistemli iş aparmışdılar.

Hətta belə bir fakt da nəzərlərə çatdırılırdı ki, “Breksit” tərəfdarlarının bir hissəsi belə bəzi siyasətçilər tərəfindən, məsələn, İngiltərədə “müasir Makiavelli” adlanan Dominik Kaminqs kimiləri tərəfindən həyasızcasına aldadılmışdılar.

Belə ki, küçələrə üzərində “Britaniya AB-dən çıxsa, Milli Səhiyyə Xidməti hər həftə 350 milyon funt sterlinq alacaq” kimi yalançı şüarlar yazılmış avtobuslar buraxmaq məhz onun ideyası idi. Bəli, bu faktın özü bir daha göstərir ki, siyasətdə nəticəni bir çox hallarda kimin haqlı, kimin haqsız olması kimi meyarlar yox, kimin daha fəal, inadkar olması və sistemli iş aparması kimi amillər həll edir.

Əlbəttə, müəyyən müddətdən sonra əksər britaniyalılar necə səhv etdiklərini başa düşdülər, etirazlara qalxdılar, amma onlara başa salındı ki, necə deyərlər, kişinin sözü bir olar və ona görə də təkrar referendum olmayacaq...

Sözsüz ki, “Breksit” həm də digər amillərin nəticəsində baş verdi. Avropanın Birliyi ideyasının ən böyük müəlliflərindən biri britaniyalı U.Çerçill olsa da, şəxsən bizə elə gəlir ki, şüurda bu ölkənin siyasətçilərinin böyük əksəriyyəti ölkələrinin birləşmiş Avropa içində “əriməsi”nin və yaxud da bu Birlikdə “ikinci və yaxud üçüncü skripka” olmasının əleyhinə idilər.

Həm də düşünürük ki, bu məsələdə ABŞ-ın da incə barmağı vardı...

Məsələn, “Breksit”in ən optimal variantlarından birilə bağlı qızğın müzakirələr gedən zaman D.Tramp dedi ki, qarşıda Britaniyanı daha böyük gələcək gözləyir...

Əlbəttə, hamı bilir ki, Tramp ümumiyyətlə, qloballaşmaya və onun müxtəlif təzahürlərinə çox neqativ yanaşır. Amma onun qiymətləndirməsinin bir səbəbi də bir az əvvəldə dediyimiz idi. Odur ki, birmənalı şəkildə demək olar ki, küləyin biri də ABŞ tərəfdən əsirdi, ona görə ki, Britaniya siyasətinin İkinci Dünya savaşından sonrakı memarı U.Çerçill ölkəsinin siyasətçiləri üçün bir vəsiyyət də qoyub getmişdi və o, da daim Birləşmiş Ştatlarla bir olmaq siyasəti idi...

Bildiyimizə görə, indi artıq məsələ həll olunub və neçə aydır ki, gedən müzakirələr AB-dən optimal çıxışın tapılması ilə bağlı idi. Düzdür, onu da qeyd etmək lazımdır ki, burada bütöv şəkildə “Breksit”ə etiraz edən Şotlandliya və İrlandiya da var. Elə bu səbəbdən də şünbə müzakirələri ərəfəsində baş nazir Boris Consonun səslərini siyasi müşahidəçilər bircə-bircə sayırdılar və İcamalar Palatasının Consona “hə” deyəcəyinə şübhə və tərəddüdlə yanaşırdılar.

Əlbəttə, o da var ki, artıq kraliça da məsələ ilə bağlı mövqeyini ortaya qoyubdu və onun da mərəzi aydındır - kim taxt - tacını başqası ilə bölüşər? Odur ki, ehtimallısı budur ki, çıxış olacaq, amma o, nə vaxt və hansı şərtlərlə baş tutacaq, xüsusən də onu hansı hökumət aparacaqdır - bax, mübahisə məhz bunun üstündədir.

Açığını desək, proses bizim üçün maraqlı deyil. Lap əvvəldən demişiik ki, birinci soyuq savaşın bitməsi Qərb-Avropa cəbhəsində də çat yaratmalı idi -daha çox Sovetə qarşı birləşmişdilər və aydın idi ki, Sovet çökəndən sonra revizionist tendensiyalar baş qaldırmalı idi. Hələ ilk günlərdən həm də onu demişdik ki, Avropa ölkələrini bir yerdə saxlayan amillərdən biri də Vladimir Putinin yeni geosiyasi ambisiyalara düşməsi oldu, əks təqdirdə bəlkə də Avropa ölkələri biri-birlərinə daha az ehtiyac duyardılar.

Elə bu səbəbdən də bizim üçün prosesin sonunu gözləmək qəti maraqlı olmadı - dedik ki, qoy, İcmalar Palatasının üzvləri istədikləri qədər boğazlarını yırtsınlar. Bizim üçün əsas odur ki, Birləşmiş Avropanın da “buynuz”unu gördük və bizə də onun bir azca kiçilməsi sərf edir.

Amma elə həmin axşam xəbər verildi ki, İcmalar Palatası səsverməni təxirə salıb və belə görünür ki, baş nazir B.Consonun iddiasına rəğmən, Britaniya oktyabrın 31-dək Birliyi tərk edə bilməyəcək.

Fəqət, baş nazir B.Consonun da əməlli-başlı tərs damarı tutmuşdu: AB-yə tarixin dəyişdirilməsilə bağlı müraciət etməyəcəyini və oktyabrın 31-də “berksit”in reallaşacağını deyirdi.

Amma son məlumatlarda deyildi ki, guya müraciət artıq edilib. Nə demək olar? Gözləyək, görək, hansı xəbər düz çıxacaq...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR