Botanika bağındakı ağacları kim məhv edir? (fotolar)
Botanika bağında ağacların məhv edilməsi sosial şəbəkələrdə, özəlliklə Facebook-da qızğın müzakirələr doğurub. AMEA-nın Botanika bağında ağacların kəsilməsini əks etdirən fotolar və videolar yayılmaqdadır. Bakının hansısa məhəlləsində deyil, məhz Milli Elmlər Akademiyasının Botanika bağında ağacların kəsilməsi haqlı olaraq ciddi səs-küyə səbəb olub.
Hadisə ilə bağlı adı çəkilən yerdə olduq. Ərazidə həqiqətən də ağaclardan əsər-əlamət yox idi. Ağacların söküldüyü yerə diqqətlə nəzər saldıqda hiss edilirdi ki, ağacları köklərindən normal şəraitdə çıxarılmayıb. Onları buldozerlərlə köklərindən söküblər. Ərazidə çəkiliş apardığımız zaman özünü ərazinin mühafizəçisi kimi tanıdan bir nəfər bizə yaxınlaşdı. O, bizə çəkiliş aparmanın qadağan edildiyini və bu qadağanı Vahid müəllimin (Botanika bağının rəhbəri Vahid Fərzəliyev) qoyduğunu bildirdi. Biz Vahid Fərzəliyevlə danışmaq istəsək də, mühafizəçi bunun alınmayacağını bildirdi və ərazini tərk etməyimizi tələb etdi.
“Yenə hansısa oliqarx yəqin ki, buranı alıb”
Bütün bunlara baxmayaraq, ərazidə yaşayan sakinlərdən məlumat ala bildik. Yaxınlıqda yaşayan sakinlər ağacların sökülmə səbəbini orada hansısa binanın tikilməsi ilə izah etdilər: “Burada çox gözəl cavan ağaclar var idi. Bir gün balkona çıxanda gördüm ki, iş maşınlarını gətiriblər, ağacları sökürlər. Bir neçə saat içində ağacları yerlə-yeksan etdilər. Əvvəlcə düşündüm ki, bəlkə də başqa yerə aparırlar. Amma ağacları vəhşicəsinə buldozerlə sökdüklərini görəndə anladım ki, yox, bunların məqsədi buranı təmizləməkdir. Yəqin ki, bina tikəcəklər. Yenə hansısa oliqarx yəqin ki, buranı alıb. Ona görə də sökürlər”.
“Ağacları yəqin ki, qocaldığı üçün kəsiblər”
Bəzi sakinlər isə fərqli düşünür: “Məncə, burada qeyri-adi heç bir şey yoxdur. Ağacları yəqin ki, qocaldığı üçün kəsiblər. Ya da başqa bir yerə aparıblar. Bu normal haldır. Qoca ağacları kəsib yerinə cavan ağac əkilməlidir. Burada köhnə bir bina var. Onu da söküb yerinə yeni ağaclar əksələr yaxşı olar. Daha gözəl görünər”.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Botanika bağı ərazisindəki ağacların kəsilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
“....deyilənlərin heç bir əsası yoxdur”
Mərkəzi Botanika bağının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ərazidən çıxarılan ağaclar bağın digər hissələrinə köçürülüb və artıq əkilib: “Yalnız yenidənqurma məqsədilə Mərkəzi Nəbatat Bağındakı ağacların bir qismi bağın digər hissələrinə köçürülüb və artıq əkilib. Ağacların köçürüldüyü ərazinin sahəsi yarım hektardan çox deyil. Həmin ərazidəki bitkilər kəsilərək bağdan çıxarılmayıb. Orada tədqiqat işləri ilə əlaqədar yenidənqurma işlərinin aparılması gözlənilir. Ərazidə ağacların kəsilərək daşınması və tikinti işlərinin aparılacağı barədə deyilənlərin heç bir əsası yoxdur".
Eyni zamanda bildirilib ki, bu yerdəyişmələr mövsümi xarakter daşıyır: “Ərazidəki ağacların bağın başqa hissələrinə köçürülməsinin səbəbi ərazidə yerin altından kommunikasiya xətlərinin keçməsi və elektrik naqillərinin olmasıdır. Həmin ərazidəki ağaclar böyük olduğundan, kommunikasiya xətləri onların köklərinin inkişafına mane olur. Orada kökləri daha dərin olmayan bitkilərin əkilməsi nəzərdə tutulur. Ağacların kökləri böyük olduğundan, onları əl ilə çıxarmaq mümkün olmazdı. Ona görə də ağacları traktor çıxarıb. Ağaclara müəyyən zədələr dəysə də, bu, o qədər də qorxulu olmayıb".
Məhəmməd Türkmən
Fotolar müəllifindir






