İnsanlara hürriyət, millətlərə istiqlal!

“Botanika bağı”: ziyarət, yoxsa istirahət məkanı?

Ziyarətçi: “Bağ, yaşıllıq gözəldir, amma bura ciddi nəzarət edilsə, daha yaxşı olardı...” 

Havanın temperaturu artdıqca, insanlar həftə sonlarını açıq havada, piknik yerlərdə istirahət etməyə can atır. Bakı şəhərində isə piknik yeri tapmaq bir qədər müşkül məsələdir. Çünki məlum olduğu kimi, bəzən parklarda yaşıllıq üzərində gəzmək və əyləşməyin qadağan olunduğu bildirilir.

Amma artıq sakinlərin bəzi parklarda, xüsusən də “Dədə Qorqud” parkında, “Heydər Əliyev Mərkəzi”nin önündə, “Botanika bağı”nda piknik etdiyinin şahidi oluruq. Beləliklə, həftə sonu insanların piknik etmək üçün daha çox üz tutduğu “Botanika bağı”nda olduq.

Öncə qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının Botanika bağı Badamdar qəsəbəsi yolu üzərində yerləşir. Bağ hələ 1934-cü ildən yerli və başqa ölkələrin bitkilərini becərən və öyrənən, botaniki elmləri təbliğ edən elmi-tədqiqat və mədəni-maarif müəssisəsidir. Bağdan əsasən bitki ehtiyatlarını öyrənib zənginləşdirmək, faydalı bitkiləri öyrənmək və onların təsərrüfat üçün qiymətli olanlarını müəyyənləşdirmək işlərini həyata keçirmək məqsədilə istifadə olunur.

Son vaxtlar isə adı çəkilən bağ paytaxt sakinlərinin, hətta ölkəyə gələn turistlərin istirahət məkanına çevrilib. Ənənəvi olaraq bağa giriş pulludur - uşaqlar üçün 50 qəpik (məktəbəqədər uşaqlar üçün pulsuz), böyüklər üçün 1 manat. Əgər əlavə olaraq avtomobilinizi dayanacaqda saxlamaq istəsəniz, 2 manat da ödəməli olacaqsız. Bu arada onu da qeyd edək ki, son illərdə bağa daimi gələnlər üçün abunə sistemi yaradılıb. Belə ki, həmin şəxslər ayda 5 manat ödəməklə limitsiz olaraq bağa gəlmək imkanı qazanırlar...

Bağa ilk addımlarımızı qoyan andan qarşımıza əl-ələ, qol-boyun olan sevgililər, yenicə ailə qurmuş insanlar, gənc ailələr çıxır. Amma bağ sanki kənardan daha çox sevgililər üçün ən yaxşı fürsət, məkan kimi görünür. 41 hektardan çox ərazisi olan bağı gəzib, qurtarmaq olmur. Özümüzə münasib bir yerdə məkan salırıq. Gitara ilə mahnı oxuyub rəqs edən, əylənən, yaşıl otların üzərində uzanan kim, yeməyə girişən kim... Halbuki bundan əvvəl bildirilirdi ki, bağda yemək qadağandır. Amma taxtalardan quraşdırılan bütün stollarda yemək-içmək dolu idi. Sanki insanlar istirahətə deyil, günorta yeməyini bağda yemək üçün gəlib. Bu səbəbdən hər tərəfdə zibilliyə rast gəlmək mümkündür. Ətrafda isə bağa təşrif buyuranlardan başqa heç bir nəzarətçi və ya əməkdaş gözə dəymirdi.

İstirahət etdiyimiz zamanda hansısa kursda təhsil alan tələbələr və onlarla birgə gələn pakistanlı müəllim Kenn ilə tanış olduq. Tələbələr istirahət üçün bu məkanı tez-tez seçdiklərini bildirdilər: “Bura gözəldir, havası da təmizdir. Həm yaxşı əylənirik, həm də rahat şəkildə istədiyimiz kimi istirahət edirik”.

Pakistanlı müəllim Kenn isə bizim üçün həm elektron gitara ilə mahnılar ifa etdi, həm də bağ haqqında öz təəssüratlarını bölüşdü: “Bura çox gözəldir. İlk dəfədir ki, bu bağa gəlirəm. Ağaclıq, yaşıllıq, bir sözlə, hər şey çox gözəldir. Ümumiyyətlə, Azərbaycan, Bakı, Azərbaycan insanı gözəldir, mehribandır. Mən burada ancaq gülərüzlü insanları gördüm”.

Kenn Azərbaycanının milli musiqiləri haqqında da bildiyini və çox sevdiyini dedi: “Sizin muğam çox gözəldir. Onu dinlədikcə həzz alıram. Və yaxud ”Sarı gəlin" mahnınız insana həzz verir".

c049e27d-f229-4c87-837f-326ef1ef2de1.jpg (214 KB)

Təxminən saat 4-5 radələrində insanların həm ailəlikcə, həm də qrup şəklində axın etdiyinin şahidi olduq. Onların bəziləri, sadəcə, bağı ziyarət edənlər, fotosessiya ilə məşğul olanlar, bir qismi isə qeyd etidiyimiz sadəcə, istirahət etməyə gələnlər idi.

Tezliklə ana olmağa hazırlaşan Aytən adlı paytaxt sakini bizimlə söhbətində bildirdi ki, hələ qış aylarından bu bağa gəlir: “Həkim mənə daim təmiz hava qəbul etməyimi məsləhət görüb. Ona görə də hələ qış aylarından bura istirahət etməyə gəlirəm. Deyim ki, uşaqlıqdan bir neçə dəfə bu bağda olmuşam. Niyəsə onda bura mənə o qədər də maraqlı gəlmirdi. Amma burdakı ağaclıq, yaşıllıq insanı dincəldir”.

Qasımovlar ailəsi isə həftə sonları övladlarını bura gətirdiyini, xoş istirahət keçirdiklərini bildirdi: “Buranı daha çox uşaqlarımız sevir. Çünki ərazi genişdir, uşaqlar istədiyi qədər qaça, gəzə bilirlər. Ümumiyyətlə, onların daha çox bu cür səs-küydən kənar, yaşıllıq içərisində istirahət etməsinə üstünlük veririk, nəinki restoran və yaxud kafeyə aparmaqla”.

d188e72f-e0be-4a3b-b2ba-512634055de2.jpg (215 KB)

Digər həmsöhbətimiz isə bağda su olmamasından, müəyyən yerlərdə zibilin yerə atılmasından şikayətləndi: “Neçə dəfə gəlmişik, amma nəzarətçi görməmişik. Uşaqlar bəzən haradasa qaralan zibili görəndə ya qorxur, ya da ki, yeməli bilib ağzına aparır ki, bundan da narahat oluruq. Bağ, yaşıllıq gözəldir, amma bura ciddi nəzarət edilsə, daha yaxşı olardı”.

Dilşən adlı həmsöhbətimiz də kiçik qızı ilə ilk dəfə bağa gəldiyini dedi: “İlk dəfədir ki, gəlirəm. Qızım buranı sevdi, amma mənim üçün bir qədər darıxdırıcı oldu”.

Qeyd edək ki, bağı gəzişərkən ağac və bitkilərin adları, xüsusiyyəti barədə heç bir tabloya və yaxud informasiya lövhələrinə rast gəlmədik. Sadəcə, bəzi yerlərdə hansısa əraziyə daxil olmağın qadağan olduğu barədə elanlarla qarşılaşdıq. İnternet resuslarından aldığımız məlumata görə, hazırda bağda 130-a yaxın nadir bitki qorunur.

Xalidə GƏRAY,
“Yeni Müsavat”,
Fotolar müəllifindir

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2019

BÜTÜN XƏBƏRLƏR