İnsanlara hürriyət, millətlərə istiqlal!

Boşanmalar ən çox BU YAŞDA olur – NƏ etməli?

771 08.06.2026 16:02 Ölkə A A

2025-ci ildə Azərbaycanda 20 və daha çox il evli olan cütlüklər arasında 2681 boşanma qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Qurumun məlumatına görə, son üç ildə ən çox boşanma 10 ildən 19 ilə qədər davam edən nikahlarda qeydə alınıb. 2025-ci ildə ölkədə 20.675 boşanma qeydə alınıb. Bunlardan 7.354-ü 10 ildən 19 ilə qədər, 5.795-i 5 ilə qədər, 4.845-i 5 ildən 9 ilə qədər və 2.681-i 20 ildən çox davam edən nikahlarda qeydə alınıb. 2024-cü ildə boşanmaların ümumi sayı 21.384 olub. Bunlardan 7768-i 10-19 illik evlilikdən, 5715-i 5 ilə qədər, 5347-si 5-9 ildən və 2554-ü 20 və daha çox illik evlilikdən sonra baş verib. 2023-cü ildə Azərbaycanda 21688 boşanma qeydə alınıb ki, bunlardan 7735-i 10-19 il, 5814-ü 5 ilə qədər, 5805-i 5-9 ildən və 2334-ü 20 illik evlilikdən sonra olub.

Boşanma halları niyə ən çox 10-19 illik evliliklərdə baş verir?

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov mövzu ilə bağlı Musavat.com-a deyib ki, boşanmaların meyarı psixoloji uyğunsuzluqdur: “Latent bioloji və fizioloji faktorlar var ki, aşkarlana bilmir. Azərbaycanda evlilik çox zaman ailə institutuna xidmət etmir. Ailələrdə qadın və ya kişi xəyanətləri artıb. Sevgi və hörmət bitdiyi halda yoldaşlarına xəyanət edib evliliyi davam etdirmək istəyirlər. Evlilikdə xəyanət səhv deyil, xarakterdir. Uzun müddət davam edən evliliklərin dağılması göstərir ki, münasibətlərin davamlılığı yalnız nikahın müddəti ilə ölçülmür. İnsanlar illərlə eyni dam altında yaşasalar da, aralarında emosional bağlılıq, qarşılıqlı hörmət və etimad zəiflədikdə ailə formal bir birlik halına çevrilir. Bir çox hallarda tərəflər ailəni qorumaq naminə problemləri görməzlikdən gəlir, lakin zaman keçdikcə həll olunmayan narazılıqlar daha dərin böhran yaradır”.

Cemiyyetde qorxu var, psixoloq “deli doktoru” deyil” - Psixoterapevt Rövşən  Nəcəfov

Psixoloq əlavə edib ki, münasibətlərdə sevgi və hörmət tükəndiyi zaman xəyanət üçün zəmin formalaşır: "Xəyanət isə adətən ani qərardan çox, insanın xarakteri, dəyərləri və məsuliyyət hissi ilə bağlı məsələdir. Sadiqliyi həyat prinsipi kimi qəbul etməyən şəxslər üçün evliliyin hüquqi və ya sosial çərçivəsi münasibəti qorumağa kifayət etmir. Bu səbəbdən də bəzi insanlar həm ailəni saxlamaq, həm də paralel münasibətlər yaşamaq istəyirlər ki, bu da etimadın tamamilə məhv olmasına gətirib çıxarır. Ailə münasibətlərinin sağlam qalması üçün tərəflərin bir-birinə qarşı dürüst olması, hiss və gözləntilərini açıq ifadə etməsi vacibdir. Əks halda, illərlə yığılan incikliklər, gizli narazılıqlar və etimadsızlıq münasibətləri içəridən zəiflədir. Nəticədə uzun müddət davam edən evliliklər belə möhkəm görünməsinə baxmayaraq dağılır və boşanma tərəflər üçün çıxış yolu kimi görünür”.

Dünya üzrə ailə tədqiqatçıları və psixoloqların araşdırmaları da göstərir ki, boşanma riski evliliyin ilk illərindən sonra azalmaq əvəzinə müəyyən mərhələlərdə yenidən yüksələ bilir. Xüsusilə 10-20 illik evliliklər bir çox ölkələrdə "kritik dövr" hesab olunur. Amerikalı ailə terapevti Con Qotman uzunmüddətli araşdırmalarında bildirir ki, boşanmaların əsas səbəbi bir hadisə deyil, illərlə yığılan narazılıq və ünsiyyət problemləridir. Onun fikrincə, cütlüklər problemləri vaxtında həll etmədikdə münasibətlərdə emosional uzaqlaşma yaranır və bu proses illər sonra boşanma ilə nəticələnə bilər. Son illərdə Qərb ölkələrində "grey divorce" ("boz boşanma") termini geniş yayılıb. Bu anlayış 50 yaşdan yuxarı şəxslərin boşanmasını ifadə edir. Amerikalı sosioloqlar Susan Braun və I-Fen Lin qeyd edirlər ki, son onilliklərdə uzunmüddətli evliliklərin dağılması halları artıb. Bunun səbəbləri arasında insanların daha uzun ömür sürməsi, fərdi xoşbəxtliyə daha çox önəm verməsi və iqtisadi müstəqilliyin artması göstərilir. Ailə psixoloqları "empty nest syndrome" (boş yuva sindromu) adlandırılan vəziyyətə diqqət çəkirlər. Uşaqlar universitetə gedəndə və ya ailədən ayrıldıqda bəzi cütlüklər anlayırlar ki, onları birləşdirən əsas faktor məhz uşaqlar olub. Bu mərhələdə münasibətlər yenidən qiymətləndirilir.

Kanadalı psixoloq Eli Finkel isə hesab edir ki, müasir dövrdə insanlar evlilikdən əvvəlki nəsillərlə müqayisədə daha çox şey gözləyirlər. Əvvəllər evlilik daha çox iqtisadi və sosial institut kimi qəbul edilirdisə, indi insanlar həm də emosional dəstək, şəxsi inkişaf və özünüreallaşdırma gözləyirlər. Bu gözləntilər qarşılanmadıqda münasibətlərdə məyusluq artır. Azərbaycan statistikasında da boşanmaların ən çox 10-19 illik nikahlarda qeydə alınması beynəlxalq tendensiyalara uyğundur. Mütəxəssislərin fikrincə, bu dövrdə: uşaqlar artıq böyüməyə başlayır;tərəflər orta yaş mərhələsinə daxil olur; maddi və məişət yükünün təsirləri yığılır; münasibətlərdəki həll olunmamış problemlər daha qabarıq görünür. Dünya təcrübəsi göstərir ki, evliliyin 10-20-ci illəri münasibətlər üçün ən həssas dövrlərdən biridir. Mütəxəssislər hesab edirlər ki, bu mərhələdə cütlüklər ilk dəfə olaraq gündəlik qayğılardan kənarda münasibətlərinin real vəziyyəti ilə üzləşirlər. Məhz buna görə bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da boşanmaların əhəmiyyətli hissəsi bu dövrə təsadüf edir.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR