İnsanlara hürriyət, millətlərə istiqlal!

“Borclarımı verdim, qalanına da qumar oynadım”- Aptekə basqından 1 il sonra saxlanılan şəxsin işi  

908 14.11.2021 17:12 Kriminal A A

Bakının Nizami rayonunda aptekə hücum edərək xanım satıcılara qarşı quldurluq cinayəti törədən şəxsin məhkəməsi başa çatıb. Həbs edilən şəxs əldə edilən pulla mərc oyunları oynayıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham olunan Zöhrab Abbasovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən Z.Abbasov 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Z.Abbasov Nizami rayonunda yerləşən “Vita” aptekə basqın edərək əlindəki bıçaqla orada satıcı işləyən xanımları hədələyib.

Hadisə zamanı Zöhrab Abbasov aptekin kassasından 1000 manat pulu götürüb və oradan uzaqlaşıb. Zöhrab Abbasovun qeyd edilən aptekə daxil olması və hadisəni törədərək oradan yayınması obyektin kameraları vasitəsi ilə də lentə alınıb.

Ona qarşı Cinayət Məcəlləsinin 181.2.3-cü və 181.2.5-ci (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Z.Abbasov ifadəsində aylıq 250 manata mühafizəçi işlədiyini deyib. 4 nəfər ailə üzvü olduğunu deyən Z.Abbasov əməlindən peşman olduğunu söyləyib.

Bildirib ki, hadisə günü evdən çıxanda mətbəx bıçağı da götürüb. Ailəsinin maddi sıxıntılarını da nəzərə alaraq açıq olan aptekə girməyi qərarlaşdırıb. Satıcılara hədə-qorxu gələrək kassada olan pulu götürüb. Z.Abbasov kassadan götürdüyü pulun 1000 manat olmadığını, təxminən 600-700 manat olduğunu deyib.

Əlavə edib ki, aptekdən çıxdıqdan sonra həmin pullun bir qismi ilə borclarını qaytarıb, qalanı ilə mərc oyunları oynayıb.

Məhkəmə araşdırması zamanı o da məlum olub ki, Z.Abbasov hadisəni törətdikdən 1 il 1 ay sonra saxlanılıb.

Məhkəmədə ifadə verən zərərçəkmiş kimi tanınan satıcı qızlar ondan şikayət və tələblərinin olmadığını deyiblər. Z.Abbasovun yaxınları aptekə dəyən ziyanı ödəyib.

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR