Bolqarıstanın Səhiyyə naziri Kiril Ananiev Sofiya aeroportunda koronavirusa qarşı həyata keçirilən tədbirlər barədə ictimaiyyəti məlumatlandırıb. Hava limanında keçirilən brifinqdə o, Səhiyyə Nazirliyinin, sərhəd və aeroport orqanlarının birgə işindən danışıb. Qeyd olunub ki, Sofiya aeroportunun iki terminalında 10 nəfər səhiyyə işçisi fəaliyyət göstərir. Bütün sərnişinlər bədən hərarəti ölçən xüsusi cihazdan keçir. Temperatur 37 dərəcədən yüksək olduqda sərnişin xüsusi otağa aparılır. Orada o anket doldurur və müayinədən keçir, lazım gələrsə xəstəxanaya arxa çıxışdan aparılır. Bununla yanaşı qeyd olunub ki, Varna, Burqas aeroportlarında hərarəti ölçən cihazlar tezliklə yerləşdiriləcək, dəniz limanlarında da nəzarət həyata keçiriləcək.






