Qol.Az-ın məlumatına görə, oyundan sonra yığmamızın yarımmüdafiəçisi Qara Qarayev jurnalistlərin suallarını cavablandırıb.
- Məğlubiyyətə necə şərh verə bilərsən?
- Oyuna yaxşı hazırlaşmışdıq. İstəyirdik ki, qrup mərhələsinə qalibiyyətlə başlayaq. Özünüz də gördünüz ki, yaxşı mübarizə aparırdıq. Yəni xal itirilməyəsi bir oyun idi. Ancaq bəxtsizlik öz sözünü dedi.
- Buraxdığımız qollarda kimlərin səhvi var idi?
- Kimisə günahlandırmamalıyıq. Komanda şəkildə mübarizə aparırıq. Qol buraxırıqsa, bunda hər kəsin səhvi var. Qələbəmizdə hər kəsin payı olduğu kimi, məğlubiyyət də bütün futbolçuların adına yazılmalıdır.
- Bu oyundan heç olmasa bir xal qazanmalı idik. Bunu futbolçularımız matçdan əvvəl verdikləri açıqlamalarında demişdi.
- Biz də çox istəyirdik ki, Bolqarıstandan ən azı bir xal alaq. Məqsədimiz qrupdan "pley-off"a çıxmaqdır. Çalışacağıq ki, bundan sonrakı oyunlarda nəticə qazanaq. Məncə, Bolqarıstan bizdən güclü deyildi. Sadəcə bəxtimiz gətirmədi.
- Görüşün sonuna yaxın komandamızda yorğunluq hiss olunurdu. Bu nə ilə bağlı idi?
- Havanın isti və meydançanın bərbad vəziyyətdə olması oyunumuzu çətinləşdirirdi.
- Belə oyunla komandamızın qrupdan çıxmaq şansı qalır?
- Bizim məqsədimiz üçüncü yei tutmaqdır. "Pley-off"da da yaxşı nəticə qazanıb, qrupdan çıxmaq istəyirik. Bunu nə dərəcədə bacaracağımzı qarşıdakı oyunlar göstərəcək.
- Qarşıda İtaliya və Xorvatiya kimi komandalarla matçlar gəlir.
- Bu rəqiblərin gücünə siz də bələdsiniz. Bilirik ki, bizi daha çətin qarşılaşmalar gözləyir. Ancaq həmin oyunları azarkeşlərimiz üçün oynayacağıq. Bu məğlubiyyəti unutdurmalıyıq.






