İnsanlara hürriyət, millətlərə istiqlal!

Böhran geyim sektorunu da bürüdü: “8-ci kilometr” bazarından REPORTAJ, FOTOLAR

2737 31.03.2015 14:50 Reportaj A A
Dolların manata nisbətdə bahalaşması xaricdən idxal olunan bütün məhsullarda qiymət artımına səbəb oldu. Avtomobillərdən tutmuş ərzağa qədər hər bir mal və məhsulun dəyəri 30-35 faiz artdı. 

Bahalaşmaya məruz qalan sahələrdən biri də geyim sektoru oldu. Məlum olduğu kimi, ölkədə tekstil sənayesi yox dərəcəsində olduğundan geyim malları xaricdən  gətirilir. Manatın devalvasiyasından sonra həmin malların dəyəri artdığından bu ticarətçiləri çətin vəziyyətə salıb. 

İstər “Sədərək” və “Binə” ticarət mərkəzindəki geyim satılan dükanlarda çalışanlar, istərsə də “Səkkizinci kilometr” bazarındakı satıcılar həm topdansatış mərkəzlərində qiymətlərin artmasından, həm də alıcılığın zəifləməsindən şikayətçidirlər.

Musavat.com-un müxbiri son bir ayda geyim bazarındakı vəziyyəti öyrənmək üçün “Səkkizinci kilometr” bazarına baş çəkib.

Bazarda alıcı əlindən hərəkət etmək mümkün deyil. Ancaq bu durum heç də satıcıları sevindirmir. Çünki alıcılar daha çox ucuz mal axtarırlar və baha təklif olunan malı almaqdan imtina edirlər. 

Bazarın içərilərinə doğru irəlilədikcə, alıcılarla satıcılar arasında qiymət üstündə mübahisələrin getdiyinin şahidi oluruq. Alıcılar imkanlarının zəif olduğunu deyib, qiyməti endirməyə çalışırlar, satıcılar isə əzizlərinin canına and içərək, malı baha aldıqlarını deyirlər. 

Qeyd edək ki, bu bazar daha çox əhalinin aztəminatlı hissəsinin üz tutduğu ticarət məkandır. Burada malların hamısının standart olması, daha çox Çin istehsalı olan geyimlərin satılması alıcıları heç də narahat etmir. Onlar üçün önəmli olan malın ucuz olmasıdır ki, artıq bazar onu da təmin edə bilmir.   

Bir tərəfdən əksər dövlət qurumlarında və özəl şirkətlərdə aparılan ixtisarlar, maaşların, pensiyaların gecikməsi, manatın öz dəyərini itirməsi, ərzaq sektorundakı bahalaşma insanları müflis duruma salır. Digər tərəfdən isə qiymətlərdə cüzi də olsa, artımın olması alıcılığa təsir edir. 

Bazarda heç kimin üzü gülmür. Alıcılar qiymətlərdən, satıcılar isə alıcılığın zəif olmasından şikayət edirlər. 

10 ildən çoxdur, geyim malları satan Şahbaz adlı satıcı deyir ki, heç vaxt indiki kimi çətin duruma düşməyiblər: “Dolların bahalaşması səbəbindən xarici ölkələrdən gələn malların da qiyməti artıb. Artıq “Sədərək” ticarət mərkəzindəki topdansatış nöqtələrindən malı əvvəlki qiymətə ala bilmirik. Hər növ geyimlərin topdansatış qiyməti bahalaşıb. Ancaq təəssüf ki, bizim pərakəndə satış zamanı qiyməti artırmaq şansımız yoxdur. Alıcılar hər bir maldan qiyməti endirməyə çalışırlar. Hətta bəzən maya dəyərinə satmağa məcbur oluruq. İnsanlarda pul qalmayıb”.

Satıcı Fikrət Məmmədov deyir ki, son iki ayda nəinki gəlir əldə edə bilməyiblər, hətta dükanlarının  icarə haqqını da çətinliklə ödəyiblər: “Bu dükanın hər metrinə görə, 500 manat ödəyirik. Ən ucuz dükanın icarə haqqı 1000-2000 manatdır.  Əksər satıcılar yalnız icarə haqqına işləyirlər. Belə davam etsə, dükanları bağlayıb, getməli olacağıq. Çünki vəziyyət daha da pis olacaq”.

Satıcılar hamısı icarə haqlarının yüksək olmasından narahatdırlar. Onlar deyirlər ki,  heç olmasa, böhran bitənə qədər icarə puluna güzəştlər edilsin: “Rəhbərliyə müraciət etməyə çəkinirik. Ancaq indiki halda, aya 2000-3000 ödəməyə şərtlər imkan vermir. Çünki alver yoxdur”.

Qeyd edək ki, müxtəlif modeldə olan qadın, kişi, uşaq geyimlərinin qiymətində nəzərə çarpacaq dəyişiklik yoxdur. Ancaq satıcılar bir müddət sonra qiymətlərin artacağını da deyirlər.

Alıcıların əksəriyyəti isə aldıqları malların qiymətini endirdiklərini deyirlər. Malik adlı gənc aldığı köynəyi 22 manatdan 14 manata endirdiyini bildirir: “Satıcıları başa düşürük. Onlar bacardıqca mallarını baha satıb, daha çox qazanmaq istəyirlər. Ancaq bizim vəziyyətimizi də başa düşmək lazımdır. Fəsil dəyişib və hər ailədən bir neçə nəfərin üst-başını dəyişməyə ehtiyac var. Məcbur olub, qiymətlərə görə satıcılarla mübahisə edirik. Məsələn, mən satıcının 22 manata dediyi köynəyi 14 manata aldım. Baha versə, başqa bir dükana yaxınlaşacağam. Heç kim real alıcını itirmək istəmir, ona görə də endirim edirlər”.

Əgər belə davam etsə, bir müddət sonra “Səkkizinci kilometr” bazarında sıra ilə düzülən piştaxtaların seyrəlməsinin şahidi olacağıq. Çünki alıcılar bu şərtlər altında uzun müddət işləyə bilməyəcəklərini, malları dəyər-dəyməzinə satıb, dükanlarını bağlayacaqlarını deyirlər.
 
Nərgiz Liftiyeva,
Fotolar müəllifindir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR