BMT: Xaricdə sığınacaq axtaranların siyahısında Suriya və Rusiya vətəndaşları liderlik edir
Ötən il Azərbaycandan Avropa Birliyi ölkələrində sığınacaq istəyənlərin sayı 2360 nəfər olub.
APA-nın məlumatına görə, bu barədə BMT-nin qaçqınların işi üzrə Ali komissarının İdarəsinin yeni hesabatında deyilir.
2013-cü ilin nəticələrinə əsasən, sığınacaq istəyənlərin reytinqində Azərbaycan 33-cü yerdə qərarlaşıb.
Region ölkələrində müvafiq göstərici bir neçə dəfə artıqdır. Belə ki, ötən il Avropa Birliyi ölkələrində 4492 nəfər Ermənistan vətəndaşı (25-ci yer) və 8346 nəfər Gürcüstan vətəndaşı (13-cü yer) sığınacaq istəyib.
Ümumillikdə 2013-cü ildə 44 Qərb ölkəsində sığınacaq axtaranların sayı ötən il ilə müqayisədə 28% artıb. Ötən il Şimali Amerika, Avropa, Şərqi Asiya və Sakit okean regionunda 612 700 nəfər sığınacaq almaq üçün müraciət edib. Bu, 2011-ci ildən başlayaraq ən yüksək göstəricidir.
2013-cü ildə Avropanın 38 ölkəsində sığınacaq almaq üçün 484 600 müraciət edib. Qaçqın statusunu əldə etmək istəyənlər üçün ən cəlbedici ölkələr Almaniya, Fransa və İsveç olub. Bu siyahıda Şimali Amerika ikincidir – 98 800.
Xarici ölkələrdə sığınacaq axtaranların siyahısına Suriya vətəndaşları başçılıq edir. İki il ərzində siyahının lideri olmuş Əfqanıstan üçüncü yerdə qərarlaşıb. İkincilik isə Rusiyaya nəsib olub.






