BMT Təhlükəsizlik Şurasında Səudiyyə Ərəbistanının yerini İordaniya tutacaq
Ər-Riyad BMT Təhlükəsizlik Şurasına qeyri daimi üzv olmaqdan imtina etdikdən sonra, Səudiyyə Ərəbistanın TŞ-də yerini İordaniya tutacaq.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Assoşieyted Press” agentliyi diplomatik mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, İordaniyanın BMT-dəki daimi nümayəndəsi ölkəsinin TŞ-dəki yeni rolunu müzakirə etmək üçün ötən gecə Əmmana yola düşüb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı bu ilin oktyabrında ilk dəfə BMT Təhlükəsizlik Şurasına 2014-2015-ci illərə qeyri daimi üzv seçilib, lakin bu ölkənin hökuməti qurumdakı yerindən imtina edib. Hökumət bu addımı BMT-dəki islahatların lazımi şəkildə aparılmaması və təşkilatın fəaliyyətinin son dərəcə effektsiz olması ilə əlaqələndirib.
Bundan əvvəl mətbuatda BMT Təhlükəsizlik Şurasında Səudiyyə Ərəbistanın yerini Küveytin tutacağı barədə məlumat yayılmışdı, lakin Küveyt XİN-i sonradan bu xəbəri təkzib etmişdi.






